Bu dəfəki müsahibimiz "Yello Ad" Kreativ Reklam Agentliyinin rəhbəri Azər Nəcəfovdur.
Xoş gördük Azər bəy! Düzdür, son günlərdə hamı devalvasiyadan danışır. Lakin biz hələlik bu mövzuya toxunmadam reklam sektorunun bugününü necə qiymətləndirirsiniz? Başqa sözlə, dünya standartları ilə müqayisə etsək, bizim reklam bazarının çatışmazlıqları nədir?
Vallah qəliz sual oldu (gülümsəyir). Reklam bazarı var ki, yəni?!
Sizcə, bu bazar yoxdur ki?
Əlbəttə ki, yoxdur demək də düz olmazdı. Amma var demək də çox böyük səslənəcək. Məncə, Azərbaycanda bu bazar hələ formalaşmayıb. Bu bazar əsasən bir neçə qüvvənin əlinin altında toplanmış biznesdir. Bilirəm ki, bu sözlərdən sonra hərə bir söz deyəcək, lakin faktiki vəziyyət budur.
Yəni, düşünürsünüz ki, reklam bazarında belə monopoliya var?
Tam olmasa da, yetərincə var.
İkinci devalvasiya oldu. Və 1-ci devalvasiya zamanı reklam şirkətlərinin əksəriyyəti bazarda qala bilmələri üçün qiymət endirimi etməyə başladılar. Necə düşünürsünüz, 2-ci devalvasiyadan sonra şirkətlər qiymət endiriminə gedəcəklər, yoxsa müəssisələrinin qapısını bağlayıb gedəcəklər? Bir sözlə bu sahədə nə baş verəcək?
Əslində, qiymət endiriminə gedənlər də olacaq, qiymət qaldıranlar da, heç bir reaksiya verməyənlər də… Qapını bağlayıb çıxıb getmək acizlik olardı. Sona qədər mübarizə aparmaq lazımdır. Devalvasiyaya gəldikdə isə, mən düşünürəm ki, bu devalvasiya şirkətlərdən daha çox “freelancer”lərin inkişafında katalizator rolunu oynadı. Çünki hazırda müştəri işin keyfiyyətinə yox, qiymətinə daha çox önəm verir. Əlbəttə ki, fərdi olaraq kifayət qədər gözəl iş ortaya qoyan “freelancer”lər var. Lakin heç bir "freelancer"in işi agentlik işi səviyyəsində ola bilməz. Agentlik işində iş bir neçə mərhələdən keçir, süzgəcdən süzülür və müştəriyə yalnız qrafik deyil, bütövlükdə kommunikasiya həlli verilir.
Azər bəy, ancaq bəzi şirkətlər var ki, qiyməti bilərəkdən aşağı salırlar ki, rəqiblərini sıradan çıxarsınlar?
Dempinqlə fərqlənən şirkətlər lazım olan işi və keyfiyyəti verə bilirlərsə mən sadəcə onları alqışlayıram. Lakin belə şirkətlərin çox olduğuna, ümumiyyətlə Azərbaycanda mövcud olduğuna inanmıram. Dempinq etdiyini düşündüyünüz şirkətlər əslində süni dempinq edirlər. Yəni, dempinq qarşılığında müəyyən keyfiyyət itkisi baş verir. Bu, bilirsiniz nəyə bənzəyir? Dərman preparatını ucuz təqdim edirsən, lakin bunun qarşılığında içindəki bəzi vacib maddələri çıxarırsan ki, ucuz başa gəlsin. Təbii ki, belə hallar müştərilərin agentliklərdən getdikcə narazı olmalarına gətirib çıxardır. Keyfiyyət aşağı düşür. Bunu edən agentliklər etməyənlərin də haqqına girir. Ölkə agentlikləri haqqında ümumi neqativ mənzərə yaradırlar. Son nəticədə müştərilər öz kommunikasiya həllərini xarici şirkətlərə etibar edirlər. Yerliləri isə yalançı və iş yarıtmayan kimi təqdim edirlər. Nəticədə olan yerli reklam sektoruna, deməli, həm də, milli iqtisadiyyatımıza, daha dəqiq desək, hazırda inkişafı prioritet hesab olunan qeyri-neft sektoruna olur. Sonra da hamı işsizlikdən şikayətlənir. Yəni, bunun günahı dolayısı ilə həm də, bizim şirkətlərimizdədir.
Sön dövrlər bazara yeni agentliklər daxil olmaqdadır. Düşünürsünüzmü ki, bunlar bazarda olan rəqabəti daha da artıracaq?
Normal biznes qaydalarını düşünsək onların olması bazara stimul verir. Amma hazırkı şərtlərdə bu amil belə, çox şeyi dəyişməyəcək. Ən azından yerli brendlərin marketinq büdcələrinin xaricə axınının qarşısını ala və ya tempini azalda bilməyəcək. Əlbəttə ki, burda bizim özünə hörmət etməyi bacarmayıb xariciyə üstünlük verən millət olmağımız da önəmli rol oynayır. Məsələn, bir gürcü şirkəti bir gürcü agentliyindən yarımayıbsa, heç vaxt xaricə qaçmayacaq. Başqa gürcü agentliyi ilə çalışacaq. Yerli agetliklərə tələblərini artıracaq. Bu isə, onların inkişafına gətirib çıxarır. Bizdə isə ölkədən qaçmaq üçün sanki bəhanə gözləyirlər. Arxasında nə işlər durursa da…
Etiraf edək ki, bizim reklam agentliklərimiz də o qədər güclü deyil
İcazə verin Sizinlə qismən razılaşmayım. Əvvəla 20 yaşı olan reklam sektorumuzu, reklam sektorlarının ən azı 100 yaşı olan qərblə müqayisə etmək doğru olmazdı. Onların səviyyəsini bizimkilərdən gözləmək də doğru deyil. Bu inkişafı birlikdə təmin etməliyik. İkincisi, ona görə Sizinlə razılaşmıram ki, bizdə də kifayət qədər yaxşı iş görə bilən agentliklər var. Hətta yerli müştərilər üçün istənilən xaricidən daha yaxşı iş görə bilən agentliklərimiz var. Reklam şirkəti adını daşıyanların əksərinin çox zəif olduğu fikri ilə razıyam. Lakin güclülər də var. Ən azından barmaq sayı qədər var (gülümsəyir). Düşünürəm ki, ən azından yerli müştərinin işini yerli agentlik görməlidir. Çünki hər ikisi bu torpağın övladıdır. Bura insanının düşüncələrini bilir. Bizə hətta ən yaxşı olan türklər belə buranın dilini bizim qədər bilə bilməz axı. O ki ola gürcü, rus, ukraynalı və ya avropalı… Həm də, müştəri işi yerli agentliyə verməklə (əlbəttə ki, tələblərini də qoymaqla) həm ölkədən valyuta axınının qarşısını alır, həm də, ölkədə işsizliyin artmasının qarşısının alınmasına töhfə verir. Bu da Sizə antiböhran idarəetmə modeli (gülür).
Qeyd edirsiniz ki, yerli şirkətlər xarici şirkətlərin qucağına qaçır. Bunun tərsi mümkündürmu? Yerli agentliklərdə xarici şirkətlərin potensialını qarşılaya biləcək potensial varmı?
Əlbəttə ki, var! Yerli agentliklərin çoxunun yaradıcıları və ya əsas fiqurları xarici kompaniyalarla ciddi əməkdaşlıq təcrübəsinə malik insanlardır. Onlar illər uzunu öyrənib, kifayət qədər güc qazanıb və bu işi tətbiq etməyə başlayıblar. İndi ölkəmizdə həm peşəkar kreativ agentliklər var (çox az sayda olsa da), həm də, peşəkar media, BTL agentlikləri və prodakşn houslar var. Və yerli şirkətlər də yerində saymır, durmadan inkişaf edir. Elə biz də, imkan daxilində, hər gün yeni nəsə öyrənib tətbiq edirik. Yoxsa, olmur (gülür).
2016-cı ildə trendlər nə olacaq?
Trend dedikdə yerli bazarda nə olacağı mənə süprizdi. Amma tendensiya olaraq onu deyim ki, xarici şirkətlər yerli bazarın məhsullarını sıradan çıxarmağa başlayacaqdır. Çünki bazardakı yerli "böyük şirkətlər" çox gücsüzdürlər. İllik planları, biznes hesabları, krizis idarə etmə planları yoxdur. Müştəri məmnuniyyəti arxasınca qaçmaqdansa, hamılıqla panikaya qapılıb qiymət artırmaqla məşğuldurlar. İstər bank, istər FMCG sektoru çox passivdir. Əlverişli an indi olduğu halda oturub gözləməyi seçirlər. Gündən günə də nüfuz itirirlər.
Son dövrlərdə bir çox şirkətlər öz reklam agentliklərini tez-tez dəyişdirirlər. Buna səbəb nədir? Düzgün brifin olmaması, yoxsa qiymətdə ortaq bir məxrəcə gələ bilməmələri?
Sadaladıqlarınız da təbii ki, rol oynayır. Lakin önəmli bir səbəb də rahat gələn böyük pulların rahatlıqla böyük, lakin səmərəsiz layihələrə xərclənməsidir. İndi isə hər şirkət pulunu daha effektiv şəkildə xərcləmək və qarşılığını almaq istəyir. Biz də fəaliyyətimizi məhz bu istiqamətdə qurmuşuq.
Yəni, müştərinin puluna qənaət etmək?
Daha dəqiq desək, bizim əsas götürdüyümüz meyar görülmüş işdən müştərinin nə əldə etməsidir. Yəni, müştəri layihədən nə əldə edəcək, əldə etdiyi vəsait xərcləri artıqlaması ilə qarşılayacaqmı? Orta və uzun müddətli perspektivdə müştəri üçün faydalı olan nədir və s. Bütün bunları əsas götürərək onun üçün ən səmərəli olanı təqdim etməyə çalışırıq.
Ümumiyyətlə, agentliyi dəyişməyi normal proses hesab etmək olarmı?
Əslində normaldır. Burda qeyri-normal heç nə yoxdur. Lakin bu addımı atan şirkət düşünməlidir. Agentliyi dəyişməsi üçün ciddi səbəb varsa, dəyişməlidir. Yeni agentlik seçimində də şirkət nəzərə almalıdır ki, həmin agentliklə uzun müddət işləyəcək. Yoxsa hər layihədə bir agentliklə işləmək peşəkarlıqdan uzaq bir şeydir. Adətən kiçik şirkətlərin bir, böyük şirkətlərin isə bir neçə agentlik partnyoru olur. Peşəkar şirkətlər də öz layihələrini bu agentliklər arasında paylaşdırırlar. Agentlik dəyişmək asan görünsə də, əslində çox ağrılı işdir. Düşünün ki, agentlik-müştəri münasibətləri bir növ evlilik münasibətləri kimidir. Hər kəs bir-birinin sirrini bilir. Bir müddət sonra bunlar ayrılırlarsa, deməli, sirlər sirr olmaqdan çıxır. Buna görə də, şirkət öz agentliyini uzunmüddətli seçməli, onunla illik xidmət və məxfilik müqaviləsi bağlamalıdır. Artıq yeni biznes erasına qədəm qoymuşuq. Yəqin ki, agentlik-müştəri münasibətləri də yeni şərtlərlə tənzimlənəcək.
Son sual. Həmkarlarınıza yeni ildə nə kimi tövsiyələriniz var?
- Gəlin, buna tövsiyə deməyək. Təklif deyək. İstərdim ki, həmkarlarımız bir olsun, birgə olsun. Azərbaycan reklam bazarını birgə qaldıraq, müştərilərlə münasibətləri daha ciddi və daha sağlam əsaslarla quraq. 2016-cı ildədaha da güclənək!