Əksəriyyətimizdə dövlət strukturları ciddi, heç bir reklama ehtiyacı olmayan müəssisə şablonu formalaşdırıb. Bu dəfə Azərbaycan dövlət strukturlarının son zamanlar əsasən facebook üzərindən nisbətən aktivləşən fəaliyyəti haqda yazacağam. Ardıcıllıq facebook səhifələrinin bəyənilmə saylarına görə deyil, mənə daha maraqlı gəlmə ardıcıllığına görə düzülüb.
1. "Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi" - https://www.facebook.com/bpqmi/?fref=ts
Bir neçə ay əvvəl kimsə bu blog yazımda ən xoşuma gələn reklam nümunəsi kimi "Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi"nin posterini qeyd edəcəyimi desəydi, çox güman ki, qəribə gələrdi. Bəlkə indi oxuyanda Sizə də qəribə gəldi.
Yəqin ki, "asandan da asan" ifadəsiylə "ASAN Xidmət"in bostanına daş atıldığını başa düşdünüz. Dövlət strukturları arasında belə rəqabətin olması həqiqətən sevindirici haldır. Rəqabət olan yerdə inkişaf da var. Bəlkə də bu, son zamanlar funksiyaları bənzər və ya təkrarlanan bəzi dövlət strukturlarının ləğv edilərək birləşdirilməsi (əsasən də "ASAN Xidmət"ə) prosesisinin qorxusundandır, amma yenə də :) İdarənin daha bir facebook paylaşımı:
2. Azərbaycan Respublikası Vergilər Nazirliyi - https://www.facebook.com/vergiler/?fref=ts
Bu səhifə isə əvvəlkindən fərqli olaraq, reklam istiqamətli deyil, əsas paylaşılan mövzular və onların şəkilləriylə diqqətimi çəkdi. Səhifədə müxtəlif müsabiqə və yarışlar keçirir, məşhur şəxslərin sitatları, öyrədici, məlumatlandırıcı məlumatlar və s. paylaşılır.
Deyəsən əhalinin şou-biznes xəbərlərinə olan böyük marağından istifadə etmək üçün bu mövzuya da tez-tez müraciət edirlər:
3. ASAN Xidmət - https://www.facebook.com/asanxidmat/
Artıq yazının əvvəlində adı bir dəfə çəkilmiş və getdikcə daha çox dövlət strukturu funksiyalarını özündə birləşdirən "ASAN Xidmət" mərkəzlərinin facebook səhifəsini ayrıca qeyd etməmək düzgün olmazdı. 354 minə yaxın bəyənilmə sayı ilə dövlət strukturları arasında 1-cidir. Mərkəzlərin ümumi fəaliyyəti haqda xeyli yazılası məlumat olsa da, çox yazmaq fikrim yoxdur. Səhifədə həm mərkəzin işçiləri, həm müştəriləri, həm də göstərilən xidmətlərlə bağlı kifayət qədər foto və məlumat var.
Ən xoşuma gələn isə mərkəzlərə gələn tanınmış, maraqlı şəxslərin səhifədə fotolarının paylaşılmasıdır. Heç özəl şirkətlərin əksəriyyətində bu iş belə formada aparılmır.
4. Bakı Metropoliteni - https://www.facebook.com/bakimetropoliteni/photos_stream
Son zamanlar fəaliyyətini aktivləşdirmiş dövlət strukturlarından biri də "Bakı Metropoliteni"dir.Siqaretin ziyanları, digərlərinə hörmət, mütaliə kimi sosial mesajlı posterlər üstünlük təşkil edir.
Bundan əlavə metropoliten ərazisində rəsm sərgiləri keçirilməyə və Şaxta babayla Qar qızının iştirakı ilə yeni il abu-havası yaradılmağa da başlanılıb.
5. Azərbaycan Dəmir Yolları - https://www.facebook.com/ADYQSC/?fref=ts
Paylaşım olaraq səhifələrində nisbətən maraqlı heç nə tapmasam da, son zamanlar səhifənin facebook-da ödənişli reklam edildiyinə fikir vermişəm. Ümid edək ki, bəyənilmə sayı artdıqdan sonra qatar qrafik, qiymət cədvəlləri və iclaslardan şəkillərdən daha maraqlı paylaşımlara da rast gələrik
6. "TQDK" - https://www.facebook.com/eTQDK/timeline)
Bu səhifə də paylaşım olaraq elə də maraqlı gəlməsə də, 128 min bəyənmə sayı və fikrimcə, öhdələrinə düşən vəzifələri əksər dövlət strukturlarından daha keyfiyyətli yerinə yetirdiklərinə görə bu siyahıda da xatırlatmağı özümə borc bildim.
Nə qədər paradoksal olsa da bu siyahıya "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi"in səhifəsi düşmür, çünki hələ yüksək texnologiyaların imkanlarından elə də geniş istifadə etməyə başlamayıblar. Yuxarıda göstərilən nümunələr xoşagələndir, amma dövlət strukturları virtual aləmdə əhaliylə əlaqəni genişləndirməmişdən əvvəl, real aləmdə öz funskiyalarını düzgün yerinə yetirməyə daha çox fikir verməlidir. Özəl sektordakı kimi bir dəfə facebookdakı pozitiv paylaşımı görüb müştəridə müsbət fikir formalaşar. Elə olmasın ki, bu fikir yalnız ora gedib xidmətindən istifadə edənə qədər qalsın. Bircə özəl sektordan fərqli olaraq müştəri bəyənsə də, bəyənməsə də eyni iş üçün ikinci dəfə ora getməyə məcbur olacaq, çünki başqa variant yoxdur .