Siz sosial şəbəkələrdə dostlarınızın, yaxınlarınızın, qohumlarınız Avropanın burasından vurub orasından çıxdığını görürsüz və virtual olaraq Amsterdamın A hərfinin başına çıxmaq, Eyfel qülləsinin qabağından şəkil qoyub "burada da oğru çoxdur" yazmaq, Qalata körpüsünün üstündə foto çəkdirib, "Ah İstanbul" deyə bir dərindən nəfəs almaq, Romada yıxılan Pizzanı sanki əlinizlə saxlayıb "özümə aya 1000 avroya iş tapmışam" deyib özünüzü məzəli göstərmək, Barcelonada müzeydə Çempionlar liqasının kupoku ilə selfi çəkdirib "bu kuboku görmək mənə də qismət oldu, mənim 20 ildir ki, sevdiyim komanda filan" yazmaq istərdiniz və s. Bu siyahını uzatmaq da olar.



Əgər bu yazını turizm şirkəti və ya aviakompaniya üçün yazsaydım bu arzuların axırında yazardım ki, indi bu arzulara çatmaq çox asandır. Amma sadəcə bloq yazdığımdan şişirtmədən yazıram ki, bu arzulara çatmaq biraz rahatlaşır. Bu da artıq çoxdan gözlədiyimiz büdcə hava yollarının Azərbaycana qayıdışı ilə mümkün olacaq. Bu yazıda da məqsədim məhz Pegasus və bizim doğma "AZAL"ımız ilə bağlı sosial mediada və xəbər portallarında gedən müzakirələrdən çıxardığım bir neçə nəticəni Sizinlə paylaşmaqdır:



Birincisi: Pegasus təcrübəsi göstərdi ki, əgər malınıza və ya xidmətinizə kütləvi tələbat varsa və insanların seçimi azdırsa sizin qəfil addımınız çox tez virallaşacaq, hamı sizdən danışacaq. Sosial mediada qoy bu xəbəri mən də paylaşım və dost siyahımdakılara mənim də bir xeyrim dəysin prinsipi ilə ötən həftə neçə min insan uçdu-uçmadı sevincindən uça-uça Qəbələdən İstanbula açılan reysdən xəbər paylaşdı. 1 il 2 gün qabaq ilə müqayisədə manatın dollara nisbətən 100% çöküşü orta gəlirli ailələri də öz büdcələrinə daha ciddi nəzarət etməyi tələb edir. Ona görə də indi sizinlə eyni xidməti təqdim edənlə müqayisədə ucuz qiymətləriniz onu rahatca virallaşdıracaq.



İkincisi: AZAL da paralel elan etdi ki, ötən ilin sentyabrdan başladığı büdcə reyslərini artıq AZAL JET brendi ilə təqdim edəcək. Bu o deməkdir ki, "AZAL"ın klassik reyslərinin biletlərini biz daha baha alacağıq. Büdcə dedikləri reyslərlə isə İstanbula gediş-dönüş 1 baqaj ilə təxminən 300 manata uçacağıq. Özü də ac qarnına. Büdcə hava yollarının konsepsiyasını AZAL niyə axı ancaq yeməklə pozisiyalaşdırır? Məşhur büdcə hava yolları faktiki olaraq ilboyu fərqli qiymət siyasəti edir. AZAL isə onsuzda baha satdığı ekonomun ən aşağı sinfi ilə bahalı uçanda belə deyir, "sorry, bu tarifindən sənə az bonus oturacaq".



Üçüncüsü: faizini dəqiq deyə bilməsəm də insanlarımızın bir qismi təki tənqid edim prinsipi ilə yaşayırlar. Ötən il Bakıda sərnişinin qatarla Tbilisiyə gedib gecələməsi və sonra Pegasus ilə Tbilisi – Berlin – Tbilisi reysinin xərclərini bilərəkdən və ya bilməyərəkdən birtərəfli hesablayanlar mənə elə gəldi sanki Pegasusun Bakıdan yox, məhz Qəbələdən uçuşlarını başlamasından çox üzüldülər. Bakı – Qəbələ duman olmayanda, xüsusən də həftəiçi 2 saat yarımlıq yoldur. Əgər Pegasus reysləri artsa, effektiv olsa inanıram ki, 5-6 manata aeroport, ya da elə aviaşirkət transferlər təşkil edər. Söhbət özü də buranı Pegasus üçün Hub şəklinə gətirməkdən də gedir axı. Bir də ay regionlar inkişaf etməlidir, fəsməkan deyib bunu niyə qiymətləndirmirik? Gəlin yaxşıları görək, dəyərləndirək.



Nəhayət, dördüncüsü gələcəyin işidir. Bu da Avropaya səyahəti, təhsili (hətta qısamüddətli olsa da) təbliğ edən şirkətlərin aktiv fəaliyyəti ilə bağlı olacaq. Ondan da çox Avropadan bura gələn turistləri gətirən şirkətlərlə bağlı. Elektron turist vizasının rəsmiləşməsi müddəti artıq 5 gün oldu. Pegasus turizm mərkəzimizə uçuşlara başlayır, lazımdır ki, turistləri cəlb edək. Sözün açığı sosial mediada bununla bağlı çox da pozitiv fikirlər görmədim. Az idi. Amma mən inanıram ki, bundan turizm şirkətlərimiz düzgün istifadə edə biləcək. Faktiki Qəbələdən Şəki, Oğuz, İsmayıllı və s. transferlər ilə bu regionlara da turistləri cəlb etmək olar. Qəbələyə bu çoxdan lazım idi.



Dostlar, sözümün canı odur ki, Pegasus Azərbaycana necə deyərlər çox yüngül eniş etdi. İndi AZAL gərəkdir ki, öz brendi üzərində işləsin. AZAL mənim üçün şəxsən hər şeydən öncə təhlükəsiz uçuşdur. Bizim pilotlara çox əminəm. Amma bu çox ümumidir. Necə ki, Volvo artıq təhlükəsiz avtomobil kimi özünü uğurla pozisiyalaşdıra bilmir. Zamandır ki, AZAL xalqın seçimi olsun və 20-25 % baha olanda belə sərnişinlər "AZAL"ı seçsin.