İlin sonu yaxınlaşanda adətən insanlar gələcək il üçün planlar qururlar. Mən heç vaxt bu işi nə dekabrda, nə də yanvar ayında etməmişəm. Etməyi də sevmirəm. Çünki o aylar elə aylardır ki, hamsı havaya düşüb uzun-uzun planlar yazırlar. İlin ortasına doğru o planlar bir az qısalır, ilin sonunda isə baxırsan ki, 2-3 bənd qalıb, onları da əslində birləşdirib bir bənd etmək olar
Mənim üçün əsl planlaşdırma yazı ətrafda və ən əsas da öz üzərimdə hiss edəndən sonra başlayır. Məni tanıyanlar bilir ki, mən Azərbaycanın qışını sevmirəm. Soyuğu, palçığı, küləyi sevmirəm, onlar olanda da yaxşı düşünmək alınmır. Məktəb vaxtından may ayına xüsusi hörmətim olub. May ayında səhər yuxudan oyanıb təmiz havanı, azca günəşli havanı udmaq zövq verir. Maydan artıq 3 gün keçir. Bu 3 gündə ilin sonuna qədər bəzi işlərimi planlaşdırmaq fürsətim oldu. Bu gün isə mən Sizə o planların da tərkib hissəsi olan və səbrsizliklə gözlədiyim, mənim üçün xüsusi əhəmiyyəti olan 7 hadisədən xəbər vermək istəyirəm. Beləliklə,
1. MMF2016
Milli Marketinq Forumunu artıq 4-cü il olacaq ki, səbrsizliklə gözləyirəm. Bu forum mənim üçün ilin ən böyük marketinq hadisəsidir. Biz dostlarımızla min-bir əziyyətə rəğmən davamlı olaraq bu tədbiri keçirə bilirik. Artıq biletlərimizin tam yarısı satılıb bitib. İnsanlarımız da davamlı olan və ən əsası faydalı olana qiymət verə bilirlər. Bu bizə daha da güc verir. Ölkə marketinqi illik hesabatını məhz may ayında, özü də 28 may tarixində verəcək. Gəlin, Siz də iştirak edin, görün danışanlarla edənlərin fərqi nədir?!
2. “Böhrandan Yeni Dövrana” adlı 2-ci kitabım
Dostlar, bu kitab üzərində fasilələrlə 1 ildir ki, çalışıram. Magistr dissertasiyam böhran dövrü marketinq strategiyaları idi. O zaman bu mövzunu araşdıranda xeyli faydalı məlumatlar toplamışdım. Amma böhranı real yaşayıb şirkətlərimiz üzərində təsirini görəndən sonra öncə oxuduqlarıma yeni çalarlar qata bildim. Sevinərək xəbər verim ki, bu il MMF2016 günü, yəni 27 mayda həm də BÖHRANDAN YENİ DÖVRANA kitabımın rəsmi təqdimatı olacaq, inşallah. Ötən il DMC2015-də ilk kitabımızı – Bugünün Marketinqi kitabını təqdim etmişdik. Bu ilki forumda isə ölkə biznesi və menecerləri üçün həyati vacib olan nüanslara toxunduğum kitabı təqdim edəcəm. Kitab 5 fəsildən və 10-a yaxın sahibkar və top-menecerin böhranla bağlı real praktik addımları, strategiyasını əhatə edən intervyulardan ibarət olacaq. Fəsillərdə isə böhran anlayışı, tarix boyu mövcud böhranlar, böhran dövrünün effektiv marketinq kommunikasiya kanalları, effektiv marketinq strategiyaları, bu ərəfələr müştəri münasibətlərinin idarə edilməsi özəllikləri, müştərilərin psixologiyası kimi mövzulara toxunacağıq. Çox əmin və ümidvaram ki, 2016-cı ilin ən çox satılan kitabı “Böhrandan Yeni Dövrana” kitabı olacaq. Kitabın adı və dizayn konsepti isə McCann Baku agentliyinə aiddir.
3. “Mənim həyat fəlsəfəm: O, hər şeyi görür” adlı 3-cü fərdi düşüncə kitabım
2003-cü ildən müxətlif qəzetlərdə ixtisasıma aid olmayan n qədər yazmışam. Ondan sonra azeriblog dəb oldu, orada da bir bloqum vardı. Daha sonra öz fərdi bloqumu marketermeherrem.com açdım. Orada da müxtəlif sərbəst-fəlsəfi mövzularda acizanə şəkildə fikirlərimi paylaşmışam. Bura kino resenziyalar və onlardan götürdüyüm dərsləri də əlavə edərək kiçik cib kitabı şəklində və ancaq sərbəst düşüncə, şəxsi baxış bucağım, fikirlərimin olduğu kiçik kitabça şəklində dərc etməyi düşünürəm. Qeyd edim ki, bu kitab da bu ilin sonuna qədər inşallah sağlıq olsun, planımda olmazsa-olmazlardandır. Açığı evdə özümə aid arxivlərdə xeyli sayda əl yazım, eləcədə internetdə xeyli yazılarım var. Onların itib-batmasını heç istəmirəm, dünya nə qədər digitallaşsa da, kitab elə kitabdır. Kitab heç vaxt itmir. Biz də səhvlərimiz və düzlərimizlə az-çox bildiyimizi paylaşaraq özümüzdən sonrakılara faydalı ola bilərik. Özümüzün dövründə yaşayanlara isə aid etmirəm, çünki indi heç kim heç kimin kitabına ehtiyacı olduğunu düşünmür
4. DMC2016
Keçən il bir ilkə daha imza atdıq. Aysel Cəbrayılovanın ideya müəllifliyi və ciddi dəstəyilə marketinq forumundan sonra digital sahədə də sözün əsl mənasında möhtəşəm bir forum edə bildik. Bu il də DMC2016-nı səbrsizliklə gözləyirəm. Keçən il çox şey öyrənmişdim. Həm daha öncə də dediyim kimi istər DMC, istər MMF bütün əyri-əskikliyi ilə bizim bugünümüzdür. Orada çıxış edən də, qulaq asan da bizimkilərdir. Heç kəs də deyə bilməz ki, DMC və ya MMF-də spikerlər fərdi təşəbbüslərlə seçilir. Ən azı bu tədbirlərdə iştirak edənlər bunu təsdiq edə bilər. Böhran dövrünün bir nömrəli kanalı olan digital sahəsində bu il özündən yaxşı mənada deyən agentlik və şirkətlərimizin digital fəaliyyətlərini səbrsizliklə gözləyirəm.
5. Facemark.az-ın yenilənməsi
2011-ci ildə ölkədə marketinq mühiti üçün yeni nəfəs gəldi. facemark.az bütün çətinliklərə baxmayaraq öz işinə başladı. Və 5 ildir ki, yorulmaq bilmədən təmənnasız şəkildə maarifçiliklə məşğuldur. 5 il ərzində 30-a yaxın xarici reklam və marketinq festivalının Azərbaycan nümayəndəsi olub, onlarla da yerli tədbirlərin təşkilində və dəstəklənməsində yaxından iştirak etdik. Davamlı olaraq sahibkarı, meneceri, tələbəni də maraqlandıran, hamı üçün faydalı ola bilən kontent yaratmaq üçün əlimizdən gələni etdik. Bu il isə düşünürük ki, artıq yenilənmənin zamanıdır. Ona görə də inşallah ilin sonuna kimi facemark.az-ı tamamilə yeni stildə yeni istiqamətdə görəcəksiniz. Başladığımız işi də canımızda güc-təpər qaldıqca davam etdirəcəyik. Sevinirəm ki, bu gün facemark.az bir çox marketerin yetişməsində rol oynaya bilib, bugün elə onlar facemarkın gələcək idarəçiləridir.
6. “Məxfilər” kitabını da unutmadım
2003-də qəzetdə işə başlayarkən hobbim olan bir rubrika başlatdım. 1 il müddətində dünyanın dörd bir tərəfində işini qurmuş kəşfiyyat sistemləri, onların tarixi, keçirdikləri uğurlu-uğursuz əməliyyatlar haqqında araşdırmalar etdim. Daha sonra onu Məxfilər başlığı altında hissə-hissə qəzetdə yayımlamağa başladım. Bir də ayıldım ki, artıq 50 dən çox araşdırma yazısı yayımlanıb. Bugün o qəzetlərin hər biri arxivimdə qalır. Onların da it-bat olmasını istəmirəm. İndi belə yazanda əziyyətlə fərqli resurslardan məlumat əldə etmə cəhdlərim, araşdırmalarım yadıma düşür. Bu mənim hobbim idi. İndi də şəxsi kitabxanamda çox sayda belə kitablar var. Sadəcə tarix üçün, bir də fantastik deyil, əsl real faktlara əsaslana tarix üçün bu kitabın faydalı olacağını düşünürəm. İnşallah, ömür vəfa edərsə, ilin sonuna kimi bu kitabı da nəşr etdirməyi düşünürəm.
7. “Vermişəm düşərsən”
Yuxarıda yazdıqlarım hamısı 2016-cı ilə aid planlarımdır. 2017-ci ildə isə tamam fərqli bir istiqamətdə özümü sınamaq istəyirəm. Mən ədəbiyyatı çox sevirəm, gündəlik yemək qəbulunu unutmadığım kimi, minimum kitab qəbulunu da unutmuram 2017-ci ildə isə kiçik həcmli bir romanın ideyası artıq 2 aydır ki, beynimdə dolaşır. Hələ ki, virtual olaraq personajları, hadisələri beynimdə canlandırıram. Adını isə artıq dəqiq müəyyən etmişəm – “Vermişəm düşərsən”. Əlavə açıqlama verməyəcəm. Qısaca deyim ki, hadisələr bir şəxsin ətrafında cərəyan edir. Siz burada nə dünəndən, nə gələcəkdən nəsə görəcəksiniz, siz elə özünüzü görəcəksiniz, yəni bugünü.
İşlər çoxdur. Səbrsizliklə gözləyirəm ki, yuxarıda yazdıqlarımı reallaşdırmaq fürsəti mənə nəsib olsun. Bunların sayəsində mənəvi güc əldə edib vəhşi kapitalizmlə mübarizədə qalib çıxmaq mümkün olar deyə düşünürəm.
Bəs Siz nələri səbrsizliklə gözləyirsiniz?!