Əziz dostlar, dünən dostumuz Doktor Ziyanın Antenn Fm-dəki “Meqapolis” verilişində qonaq oldum. Bu arada bilməyənlər üçün xatırladım ki, Doktor Ziya (soyadını bilmirəm ) bu ilki Milli Marketinq Forumu 2016-nın Şəxsi Brendinq Panelində spiker olacaq. Düşünürəm ki, uzun illər maraqlı layihələrlə yadda qalan Doktor Ziyanın şəxsi brendinq təcrübəsi hamımız üçün maraqlı olacaq. Xüsusən də Azərbaycanda radio aparıcılar həm də marketoloq olmaq, ən az marketoloq kimi düşünmək məcburiyyətindədirlər. Bunu yaxşı bacaran aparıcılardan biri kimi maraqlı bir çıxış olacağını gözləyirik. Bu belə.
Dünənki verilişin mövzusu isə Azərbaycanda reklam bazarının hazırkı vəziyyəti idi. Mövzuya da Ziya bəy maraqlı giriş vermişdi – bir neçə il öncə də deyirdilər ki, reklam bazarı can verir, indi də. Niyə? Həqiqətən də maraqlı yanaşmadır. Digər qonaq isə internet reklamı ilə məşğul olan agentliklərdən biri olan Universal reklamdan Elxan Mahmudov idi. Verilişə tıxaclar səbəbindən geciksəm də, heç nəyi qaçırmamaq üçün yoldaca qulaq asmağa başladım. Çox sağ olsunlar ki, gözlədilər Səs yazısında da gecikdiyim üçün çıxışım 15-ci dəqiqədən başlayır.
Veriliş boyu çox səmimi müzakirə getdiyini deyə bilərəm. Aşağıda Sizə çox danışmadan verilişin səs yazısını təqdim edəcəm. Rahat-rahat boş zamanınızda qulaq asa bilərsiniz. Qısa olaraq onu deyim ki, verilişdə biz çoxlarının danışmağa risk etmədiyi mövzulara da toxunmağa çalışdıq.
P.S. İşdən çıxıb tıxacda evə gedə-gedə qulaq assanız, zamanınıza da qənaət etmiş olarsınız. Xoş dinləmələr.