“Bax gör neynirsən” keçməyəcək
Foruma düz 1 həftə vaxt qalır. Demək olar ki, MMF2016 hazırlıqları bitmək üzərədir. Yeganə vaxtımızı alan şey bu aralar biletlə bağlı istəklərdir. Fürsətdən istifadə edib dostlara səslənmək istəyirəm ki, bu dəfə bron sistemi ümumiyyətlə yoxdur. Çünki forum günü iş o qədər çox olur ki, kimin nəyi neçə ədəd bron etdiyini araşdırmaq və ona sərf etməyə zaman olmur. Əziz iştirak etmək istəyən dostlarımız, göydə Allah yerdə özünüz şahidsiniz ki, başqa yerdə 2 gün 18 saat üçün 30 manata adamın heç üzünə də baxmazlar. Siz bizə həqiqi mənada dəstək olmaq istəyirsinizsə, biletinizi forumdan öncə alın, 30 manat bir tərəfə, hətta istəyəcəyiniz təqdirdə evinizə, ofisinizə kimi gətirib çatdırırıq. Forum günü və ona 2-3 gün qalmış bilet olmasa, “bax gör neynirsən” sözü qarşısında aciz qalacağımızdan çox qorxuruq. İldə bir dəfə yığışırıq. Yaxın dostlar bilir ki, nə əziyyətlər bahasına neçə ay sürən uzun danışıqlar nəticəsində ortaya hamı üçün kifayət qədər faydalı “məhsul” çıxara bilirik. Gəlin, bir yerdə həm dinləyək, həm öyrənək. Bu belə…
Lazım deyil…
Mövzum bu forumda moderatoru olduğum panel haqqındadır. Amma ona keçməmişdən öncə bir şeyi mütləq deməliyəm ki, hər il forum ərəfəsi bəzi dostlar bizi vadar edir ki, tez-tez “Rəqsanə metodu”nu yada salaq. Mən əminəm ki, bu tip adamlar ona görə bu metoddan istifadə edirlər ki, onlar özləri “Çaynikbaş metodu”nun təhlil obyektləridir. Ucuz reklam, ucuz şou və mən də varam stilində mesajlar heç kimə başucalığı gətirməyib. Çalışın, faydalı olun, hər şeyin daha yaxşısı həmişə var, amma hər anın təkrarı yoxdur. Geri qaytara bilməyəcəyiniz səhvlər etmək sadəcə lazım deyil… Bu da belə…
“Bloqçuluq və rəy liderliyi paneli” niyə vacibdir?!
İndi keçək MMF2016-nın 1-ci gününün, yəni 27 mayın saat 16:00-da başlayan “Bloqçuluq və rəy liderliyi” panelinə. Panel ilə forumun ilk gününü bağlamış olacağıq. Mən bu panelin moderatoru kimi bu yazıda Sizlərə panelimiz haqqında bir az ətraflı yazmaq istəyirəm. Əvvəlcə onu deyim ki, bu panel MMF tarixində ilk dəfədir. 4 ildən sonra biz hesab etdik ki, artıq ölkəmizin və eləcə də şirkətlərimizin fəaliyyətində rəy liderləri, bloqerlər önəmli rol oynamağa başlayıb. Bir çox xəbər saytlarının edə bilmədiyini bəzi ictimai şəxslər 2 cümləlik sosial şəbəkə mesajları ilə edə bilirlər. Bu gün bir çox ali məktəblərin praktik bilgi verə bilmədiyi hamımıza gün kimi aydındır. Amma sevindirici haldır ki, bu gün bir çox sahələrdə fərdi fəaliyyət göstərən bloqer, vloger, nə bilim youtuber, instagramerlər əsl trend olmağa, minlərlə insan tərəfindən izlənilməyə başlayıb. Amma bir məsələ var ki, bu şəxslər bəzən və əksərən rəsmi olaraq qəbul edilmirlər. Düzdür, əvvəlki illərlər müqayisədə bu ildən artıq hiss edilir ki, şirkətlərimiz tədbirlərinə artıq bloqerləri dəvət edir, onların xidmətlərindən istifadə edir, hətta onların qaldırdığı bir çox məsələlərə operativ cavab verirlər. Praktik və dünyada baş verən yenilikləri obyektiv və operativ çatdırması baxımından bloqerlər çox vacib kommunikasiya kanalıdır. Biz də bu panelə qısa müddət ərzində geniş auditoriya rəğbəti qazanmış bloqerləri dəvət etdik. Gəlin, onları elə öz təqdimatlarında tanıyaq.
Şəkildən də gördüyünüz kimi panelimizdə Davud Məmmədov (satirik mikrobloqer), Mehriban Həsənova, Ramin Musayev və Turanə Hüseynli çıxış edəcəklər. Gördüyünüz kimi hər biri tamamilə fərqli stil və baxışlara malikdir, fərqli sektorlara və hədəf qruplarına xitab edirlər. Ən əsası isə fərqli olmalarına baxmayaraq hər birinin çoxsaylı izləyiciləri onları gündəlik olaraq izləyirlər. Gəlin, onları elə öz video təqdimatları ilə tanıyaq:
Spikerlərimizdən Davud Məmmədov həmişə olduğu kimi məsələlərə “öz ampulasından” yanaşıb O, hesab edir ki, rəy lideri falan boş şeydir. Niyə belə hesab edir, onu foruma gəlsəniz öz dilindən eşidəcəksiniz.
Mehriban xanım isə facebookda məşhur statusları ilə, həştəqləri ilə tanınır. Ən əsası isə məsələlərə kompleksiz, ədalətli münasibəti ilə şəxsən diqqətimi çəkib. Özündən soruşanda nə haqda danışacaqsınız dedi ki, paştetdən falan danışacam. O biri dostlar ola bilsin inciyəcək də deməyi unutmadı
Turanə xanım isə video bloqer kimi daha çox tanınır. Eyni zamanda tv və radioda maraqlı verilişlərin aparıcısı kimi yadımda qalıb. Düşünürəm ki, Turanə xanımın da xeyli sayda izləyiciləri üçün onun çıxışı çox maraqlı olacaq.
Ramin bəy haqqında isə açıq desəm çox məlumatsızam. Hətta ilk dəfə forumun çəkilişində gördüm. Ramin bəyin də özünəməxsus izləyici auditoriyası və maraqlı həyat hekayəsi var. Əminəm forumdakı iştirakçılar üçün onun təcrübələri faydalı olacaq.
Mənə elə gəlir ki, forumun ən əyləncəli paneli bizim panel olacaq. Əsas da izləyicilərin çox razı qalacağına inanıram. Bəs Siz necə düşünürsünüz?
P.S. Fürsətdən istifadə edib 19 may 2015-ci ildə Binəqədi rayonundakı binada yanğın zamanı dünyasını dəyişmiş vətəndaşlarımıza Allahdan rəhmət diləyir, yaxınlarına səbr arzu edirəm. Biz hamımız çox çalışmalıyıq, hər birimiz olduğumuz yerdə olmalı, layiq olduğumuz yerlərdə çalışmalıyıq ki, vətəndaşlarımız üçün daha gözəl ölkə qurulmasında birgə iştirak edək, faydalı olaq. Bir daha səhlənkarlıq, bilgisizlik can almasın.