İnsan irqinin eqosu olan tərif eşitmək, səhvləri görməyə mane olur. Marketinq 4.0 dövründə tənqidlərə qulaq asmamaq markanın məhvinə gətirir.



Bill Gates “Biznesdəki ən dəyərli xəzinəniz narazı müştərilərinizin fikirləridir” deyəndə yəqin bizim marketoloqları nəzərə almayıb. Bu yazıda tənqid görəndə gözü dönən, aqqressiya ilə bərabər hücumə keçən marketoloqdan danışacam.



Ekosistemimiz Marketinq 4.0 dövründə pulun hesabına media ilə əlbir olub, bir-birini ağız dolu tərifləməkdan heç vaxt bezməyən bir qövmlə qarşı-qarşıya qalıb. Beyinə şüur altı media və marketinq o qədər hökm edib ki, xarab çıxan məhsulu, səhv yazılan afişanı görəndə şikayət əvəzinə, müştəri artıq səhhətindən şübhələnir. Sosial Mediada şikayət yazan müştərini də media ilə əlbir olan vendor elə daşqalaq edir ki, birdə o qələti eləmir. Müştəri şikayətləri haqqında çox danışmayacam. Çünki bu mövzu ilə maraqlanan dövlət qurumları var. Əminəm onlar lazımı tədbirləri görürlər.



Digər tərəf daha acınacaqlıdır. “A” marketoloqu “B” marketoloqunun səhvini aşkarlayır və onu ictimailəşdirir. Normalda hadisə belə cərəyan etməlidir. “B” səhvindən nəticə çıxartmaq üçün “A” ilə əlaqə saxlayıb daha ətraflı şərhini öyrənir. Hətta görüşüb üz-üzə tanış olub əməkdaşlıq yaradır. Amma bizdə ? “B” tənqid edən “A”-nın nömrəsini alır. Zəng edir yaxşıca söyüşür. Hətta görüş təyin edib qəşəngcə “A”-nı çırpmaq istəyir ki, hirsi soyusun.



Bizim yerli vendorlarımızın əməkdaşları Redbull, Coca-Cola, Danone kimi rəqiblərlə yarışmaq istəyirlərsə qulaqlarını tənqidlərə doğru çevirməlidir. Başa düşməliyik ki, forumlar keçirərək bir-birimizi yalandan bu qədər tərifləyərək (Şəxsi PR) səhvlərimizi əsla görə bilməyəcəyik. Məlum neft erası da qurtarır. Artıq ayaqda qalmaq üçün qlobal bazara məhsullar ixrac etməliyik. Hələ də heç bir milli markamız dünya reytinq bazarlarında yerini almayıb. Marketinq 4.0-dövründə qlobal bazarda gedib bir İsrailliyə və ya Rusiyalıya deyə bilməyəcəksən ki, niyə bizim məhsulu söyüb “Youtube”a yükləyirsən. Onu tapıb çırpada bilməyəcəksən. Burada tənqid eşidəndə isə şirə pələngə dönürsən.



“Tənqid edən insanların qədrini bilin. Öpün, başınızın üstünə qoyun.”