Rəqəmsal marketinqin sürətli inkişafı artıq heç birimiz üçün yenilik deyil. Dünyanın müxtəlif nöqtələrində insanların sürətli sosiallaşması, social media kanallarının yeni imkanlar yaratmasına gətirib çıxarır. Biznes sahəsi üçün çox səmərəli olan bu alətlərdən düzgün istifadə edərək, qeyd olunmuş auditoriyanı brendə doğru yönəldib, müştəriyə çevirmək və keyfiyyətli satış etmək mümkündür. Bu və digər yenilikləri, mümkün olan fərqli imkanları bölüşmək və öyrənmək üçün 50-dən çox ölkədən Rəqəmsal marketinq mütəxəssisləri, biznes sahibləri, jurnalistlər, PR mütəxəssislər və bu sahəyə marağı olan digər peşə sahibləri hər il Çexiyanın paytaxtı olan Praqa şəhərinə Socialbakers şirkətinin hər il keçirdiyi Engage 2016 tədbirinə toplanır. Bu ildən etibarən saytımız Facemark.az da bu tədbirin rəsmi media tərəfdaşıdır. Bu məqalədə, həmkarımız tədbiri diqqətinizə 360 dərəcə çatdırmağa çalışacaq.
Socialbakers haqqında. Socialbakers şirkəti ilk dəfə 2008-ci ildə Candytech adlı sosial media agentliyi kimi 3 çexiyalı gənc tərəfindən yaradılıb. 2009-cu ildə isə şirkət daha çox proqramlaşdırma platformaları üzərində işləməyə keçərək, Facebakers.com adlı məhsul yaratdılar. Bu məhsul gündəlik Facebook statistikalarını təqdim edirdi. Daha sonra Facebakers.com imkanları daha da genişləndirildi və 2010-cu ilin sonunda şirkət Facebook ilə hüquqi məsələlər və dostluq əsnasında adını Socialbakers-ə dəyişdirdi (http://www.socialbakers.com/blog/91-facebakers-renames-to-socialbakers-help-and-share-this). 2011-ci ildə Early Bird Venture şirkətə 2 milyon dollar, 2012-ci ildə Index Ventures tərəfindən 6 milyn dollar, 2014-cü ildə isə Series C tərəfindən Socialbakers-ə 26 milyon dollar investisiya edilib. Bununla da, Socialbakers 100 ölkədən 2500-dən çox müştərisi ilə analitika və digər avtomatlaşdırılmış xidmətləri ilə dünya şirkəti səviyyəsində olmasını sübut edib. Hal-hazırda 350-yə yaxın işçisi var. Şirkətin bütün xidmətləri ilə www.socialbakers.com ünvanından tanış ola bilərsiniz.
Şirkətin “Engage” adlı tədbirləri 2012-ci ildən başlayaraq dünyanın müxtəlif ölkələrində keçirilməkdədir. Əsas tədbirlərdən biri isə ilin birinci yarısı Praqada keçirilir. Artıq ənənəvi hal almış bu tədbir silsiləsi Socialbakers xidmətlərindən istifadə edən və partynor olan şirkətlərin nümayəndələrinin ixtisaslaşmış çıxışları və xüsusi təlimləri əsnasında hazırlanır.
Bu ilki Engage 2016 tədbirinə 50 ölkədən 1200-dək iştirakçı qoşulmuşdu. 11-14 may tarixlərində keçirilən bu tədbirdə NASA, Microsoft, Universal Music, Vodafone, RedBull, NESTLE, Reebok, Coca-Cola, ORACLE, Lenovo, IBM, BMW, KLM, Desigual, Gleam, LOREAL, NATO və digər tanınmış şirkətlərin nümayəndələri, həmçinin sosial mediada məhşur olan şəxslər (influencer) və bloqçular (foto/video) spiker qismində iştirak edirdilər. 11 və 13 may tarixlərində spikerlər tərəfindən 3 saatlıq təlimlər (öncədən qeydiyyat əsnasında), 12 may tarixində isə əsas tədbir keçirilib. 14 may isə VIP qonaqların birlikdə tanışlıq günü idi.
Engage 2016 tədbirini şirkətin İdarə heyəti başçısı və yaradıcılarından biri olan Yan Rezab (Jan Rezab) açıq elan edərək, çıxışını cari ilin media trendləri üzərində qurdu. Sosial platformalarda reklama ehtiyacın artması, reklamların daha çox doğmalaşdırıması (native ads) xüsusilə qeyd olundu (məsələn Canvas ads – Facebook). Sosial media platformalarının canlı yayımı artıq bir xidmət kimi təklif etməsi, şəxsi ismarışlara daha çox diqqət yetirilməsi və bu və digər sahələr üçün istifadə edilən botlara ehtiyacdan söz açıldı.
Yan Rezabın çıxışının əvvəlində qeyd olunan əsas məqamlardan biri, məzmunun reklama ehtiyacından söhbət açılmışdı. Artıq sosial media platformalarında reklamsız orqanik məzmun saxlamaq və bununla müştəri cəlb etmək çox çətinləşib. Bu səbəbdən biz postları reklam edirik. Bəs hansı tipli postları daha çox reklam etməliyik? Aşağıdakı şəkildə səhifələrdə olan məzmunun pisdən əlaya doğru qrafiki təqdim olunub.
Socialbakers şirkətinin digər araşdırmasına görə, 35% şirkət ümumilə postlarını reklam etmir. Rezabın fikrincə bu tamamilə səhv yanaşmadır. Çünki, bütün postlar viral olmur. Əlbəttə ki, NASA və s. kimi qeyri-kommersiya şirkətləri istisnadır. Qalan 65% şirkətlərin reklamlarını araşdıraraq, marketinq mütəxəssislərinin hansı tip məzmunu tanıtdıqlarını təyin ediblər. Reklam edilməli ən uğurlu kateqoriya məzmunun A və A+ kateqoriyalı olduğu təyin edilib. Beləliklə, hər postunuzu deyil, az əhatə və aktivlik toplayan postlarınızı deyil, yaxşı əhatə toplamış və böyük aktivlik olanları reklam etməklə, daha ucuz və daha sərfəli göstəricilər əldə edə biləcəyi ortaya çıxıb.
Bütün bu araşdırmaların nəticəsində Socialbakers öz yeni xidməti olan Predictive analyticsxidmətini təqdim etdi. Bu xidmət məzmun yaradılması (ilhamlanma), bölüşülmə/planlama və reklam yerləşdirilməsi sahəsinə yenilik gətirmiş oldu!
İlk növbədə Inspiration PRO bizə 10 milyarddan çox məzmunun toplandığı bazadan postların məhşurluq sırası üzrə nəticələri təqdim edir. Yan Rezab son zamanlar sosial mediada çox aktiv olan Donald Trump və onun prezidentlik üzrə ən real rəqibi Hillari Klinton arasında gedən informasiya müharibəsi barədə söz açdı. Bu nümunədə axtarışda Hillary Clinton yazaraq, son 7 gün ərzində Facebook-dakı postları araşdırdı.
Bu alətlə Sizin şirkət və ya məhsul barədə müxtəlif səhifə və profillərdə nə yazılmasını yoxlaya, həmçinin böyük bazadan müxtəlif mövzularda ideyalar toplaya bilərsiniz.
Daha sonra planlama funksiyası iştirakçıların diqqətinə çatdırıldı. Belə ki, siz postu planlayarkən, Builder Sizə hansı saatda yerləşdirsəniz neçə faiz daha uğurlu olacağını təklif edir. Bu doğurdanda SMM mütəxəssislər üçün çox uğurlu bir alət olacaq.
Həmçinin, yuxarıda qeyd olunduğu kimi Socialbakers postları A+, A, B, C və D dərəcələrinə bölərək, hansı tip postları reklam etdikdə daha çox effektivlik əldə edəcəyiniz üçün kömək edir.
Tədbirin açılış çıxışının ikinci hissəsini ötən ilin sentyabr ayında Socialbakers şirkətinə Baş İcraçı Direktor (Chief Executive Director) kimi təyin olunmuş təcrübəli mütəxəssis Robert Lang davam etdirdi. Robertin çıxışı Sosial media analitikası aparan şirkətin biznes oyunçularına nə təqdim edə bilər üzərində qurulmuşdu. Cənab Lang Socialbakers sistemində 10 milyard məzmun, monitorinq olunmuş 9 milyard profil (profil və səhifə), hər saat daxil olan 5 milyon API (avtomatik müraciət edən proqramlar, əsasən hər-hansı sorğu edib, serverdən məlumat alaraq istifadəçiyə təqdim etmək rolunu oynayırlar) sorğusu, hər ay toplanan 40 milyon məzmun olduğunu bildirib. Bütün bunlar 450-dək serverdə çalışır. O həmçinin qeyd edib ki, Socialbakers dünyada ən böyük “Məhsul / Mühəndis” komandalarından birinə sahibdir. 350 işçidən 170-i Çexiyada, digərləri isə dünyanın müxtəlif ölkələrində çalışır.
Çıxışının sonunda cənab Lang Socialbakers şirkətinin 2008-ci ildən bu günə kimi təqdim etdiyi xidmətləri qrafik üzərində təqdim edərək, Predictive analytics xidməti barədə bir daha iştirakçıların diqqətinə çatdırdı və sözü müxtəlif biznes sahələrindən olan qonaqlara ötürdü.
Oracle şirkətinin Bulud texnologiyaları məhsulları inkişafı üzrə vitse-prezidenti Reggi Bradford ismarışlaşma (messaging) proqramlarının biznesdə rolundan söhbət açdı. Son illərdə müxtəlif sosial media platformalarının inkişafı əlbəttə ki, heç birimizin gözündən qaçmayıb. Lakin, ən sürətli inkişaf edən sosial media platformaları hansıdır? İlk 50 milyon istifadəçiyə müxtəlif sosial media platformaları hansı müddətə çatıblar? Cənab Bradford burada maraqlı bir nümunə gətirdi.
Beləliklə, Reggi Bradford şirkətlər üçün ismarışlaşma proqramlarının öz marketinq strategiyalarında istifadəsi barədə düşünməsinin vacibliyi qeyd etdi. Facebook və digər sosial media platformalarının ismarış botları barədə bir daha yada saldı.
Təqdimat faylı:
Engage Prague 2016: Reggie Bradford, Oracle from Socialbakers
Növbəti çıxış Lenovo şirkətinin Qlobal marketinq direktoru Lourens Yu tərəfindən həyata keçirildi. Cənab Yu çıxışında Lenovo brendi barədə məlumat verərək, son illərdə şirkətin inkişafında Rəqəmsal marketinqin böyük rolunun olduğunu bildirdi. Məsələn, şirkət Global Fortune TOP500 siyahısında 2012-ci ildə 370-ci, 2013-cü ildə 329-cu, 2014-cü ildə 286-cı, 2015-ci ildə isə artıq 231-ci yeri tuta bilib. Marketshare (bazar payı) göstəricilərində şirkət WW PC Market Share üzrə 2009-cu ildə şirkət 8.6% bazar payına sahib idisə, 2015-ci ilin 4-cü rübündə bu göstərici 21.6%-dək yüksəlib. Ümumiyyətlə 2015-ci ildə Wikipedia göstəricilərinə görə personal kompüter satışı sahəsində Lenovo payı 19.8%-dir.
Bundan əlavə Lenovo şirkəti 2015-ci ildə ilk dəfə Interbrand tərəfindən TOP100 siyahısına əlavə edilib. Bəs bütün bu uğurların arxasında nə dayanır? Əlbəttə ki, komanda və düzgün qərarlar. Bəs uğurlu rəqəmsal marketinq strategiyası qurulmasının açarı nədir? Cənab Yu çıxışının ikinci hissəsində rəhbərliyin dəstəyini əsasən qeyd edib. Onun uğur resepti növbəti şəkildə əks olunub:
1. Rəhbərliyin dəstəyi
2. İşçilərin cəlb olunması
3. Şirkətdaxili komanda və tərəfdaşlar
4. Bir yerdə dayanmayaq (yeniliklər etmək)
5. Sosial ürəkli (Social At Heart) – qlobal və lokal komandaların qarşılıqlı və birgə işi
Təqdimat faylı:
Engage Prague 2016: Lawrence Yu, Lenovo from Socialbakers
Socialbakers CEO-su Robert Lang-ın moderatorluğu ilə Lenovo və Oracle şirkətlərinin nümayəndələri ilə xüsusi sual-cavab paneli keçirildikdən sonra səhnəyə KLM hava yolları şirkətinin Sosial Media Hab meneceri Gert Vim təşrif buyurdu. O, “Texnologiya insana çevrilərkən” mövzusu ilə çıxışında Sosial mediada növbəti addımın botlarda olduğunundan söz açdı. 8 müxtəlif sosial platformalarda müştəri xidmətləri göstərən KLM şirkətinin 200 nəfərlik komandasının 13 dildə fəaliyyət göstərdiyi barədə məlumat verdi. Lakin, şirkət bununla müştəri məmnuniyyətini limitləmir. Cənab Vim .com, yəni vebsayt imkanlarının sosial platformalara köçürülməsinin vacibliyini qeyd etdi və Facebook-u yeni təklif etdiyi botların imkanlarını KLM üçün istifadə edərək, müştərilərinə sosial platformada geniş xidmət göstərdiklərini nümunə kimi iştirakçıların diqqətinə çatdırdı:
Sonda qeyd olunki, botlarolsa da, insanları unutmaq olmaz. Yəni, müştəri xidmətləri tam avtomatlaşdırılmış şəkilə keçməməlidir.
Növbəti çıxışı Shangri-La elit otel şəbəkəsinin Brend kommunikasiyası üzrə vitse presidenti Luka Deplano etdi. O, qonaqpərvərlik (hospitality) sahəsi üzrə fəaliyyət göstərən brendlərin sosial platformalardan necə istifadə edəcəyindən danışaraq, şirkətinin bir neçə nümunəsini təqdim etdi. İlk nümunə KSM (korporativ sosial məsuliyyət) keysi idi ki, bu da Qətərdə Pearl adasında işıqların sönməsi zamanı bir kömək kimi yeni müştərilərə 50% endirimli qiymət təklif olunması idi. Twitter üzərindən bu problem ilə üzləşən insanları xüsusi açar sözlər üzrə taparaq, onlara bu endirimli qiymətlər təklif olunurdu.
@diningindoha @ThePearlQatar we are offering Pearl residents 50% off rooms and buffet dinner tonight
— Shangri-La Doha (@ShangriLa_Doha) March 1, 2016
Daha sonra Luka Deplano influencer-lər (sosial mediada böyük auditoriyaya malik şəxslər) köməyilə otelin tanıtımı barədə nümunələr göstərdi. Xüsusi səyahət bloqları, tanınmış şəxsləri müəyyən müddətlik otelə dəvət edərək, onların sosial media kanallarında oteli tanıdmaqla, böyük aktivliyə səbəb ola biliblər.
Təqdimat faylı:
Engage Prague 2016: Luca Deplano, Shangri-La from Socialbakers
İkinci panelin son çıxışını isə Business Insider UK dərgisinin redaktoru Cim Edvards etdi. O da müştəri xidmətlərinin marketinqin bir hissəsi kimi çox vacib olduğunu qeyd edərək, son 1 il ərzində müştərilərin daha çox şəxsi ismarışlara keçməsinə diqqət ayırdı. Socialbakers.com göstəricilərinə görə son bir ildə şəxsi ismarışların sayı demək olar ki, iki dəfə artıb. Divara (page wall) yazılan müraciətlərin sayı isə getdikcə azalmaqdadır.
Sonda isə sosial platformada göstərilən müştəri xidmətlərinin ROI göstəricilərinə təsir etməsi və ümumi müştəri xidmətləri xərclərinin azaldılmasına gətirib çıxarılması üzrə sorğu nəticələri təqdim edildi. Hər iki halda sorğu iştirakçıları müsbət rəy verərək, sosial platformalarda müştəri xidmətlərinin vacibliyini qeyd ediblər.
Panelin sonunda Socialbakers.com yaradıcısı Yan Rezab hər 3 spikeri səhnədə toplayaraq, müştəri məmnuniyyəti və müştəri xidmətlərində botlar mövzusunda müzakirələr apararaq, zalda olan insanların suallarını spikerlərə yönləndirdi.
Üçüncü panel qonaqları isə Reebok, Desigual və Coca-Cola şirkətləri mütəxəssisləri idi. İlk çıxışı Reebok şirkətindən Dan Mazey öhdəsinə götürərək, öz vəzifəsinə uyğun olaraq “Global Newsrooms” mövzusunda çıxış etdi. Son zamanlar Məzmun marketinqi inkişaf etdikdən sonra şirkətlərin daxili xəbəryazma komandasının formalaşması, mediadan brendlərə doğru gedən işçi axını və brenddaxili xəbər portalları yaradılmasını çox eşidirik. Dan Mazey məhz bu mövzuda Newsroom-un nədən ibarət olduğunu açıqladı. Bu, Sosial Media, İctimaiyyət ilə əlaqələr (PR) və rəqəmsal məzmundur. Çıxışı ərzində cənab Mazey müxtəlif məzmun sahələrinə toxunaraq, Newsroom-ların bir məzmun yaradan komanda kimi Real-zaman marketinqinə də diqqət ayırmasının vacibliyini qeyd etdi. Sonda maraqlı bir RTM kampaniya nümunəsi iştirakçıların diqqətinə təqdim edildi.
Təqdimat faylı:
Engage Prague 2016: Dan Mazei, Reebok from Socialbakers
Panelin növbəti çıxışını Desigual şirkətinin Marketinq və kommunikasiya direktoru Borxa Kastresana həyata keçirdi. Cənab Kastresana sosial medianın Desigual şirkəti üçün açar inkişaf aləti olduğunu qeyd edərək, bu imkandan brend üçün müştəri ilə aktivlik və loyallıq, məlumat toplanması (araşdırma) və innovativ görünmə üçün istifadə edildiyini bildirdi. O, 2013-cü ildən başlayaraq Barselona və Nyu-York kimi şəhərlərdə keçirilən müxtəlif dünya səviyyəli dəb tədbirlərində şirkətin Facebook live, Instagram video, 360’ view kimi innovativ imkanlardan istifadəsini və tədbirin sosial media üzərindən potensial və daimi müştərilərə daha yaxın edilməsi üzərində görülən işləri təqdim etdi. 2016-cı ilin Sentyabrında Nyu-York şəhərində keçiriləcək Dəb həftəsində isə artıq Oculus virtual reallıq eynəklərindən istifadə ilə hədəf auditoriyanı birbaşa yeniliklərə yaxın etmək planlarından söz açaraq, şirkətin əsas məqsədlərinin növbəti şəkildə olduğunu qeyd etdi:
1. Biz fəqli olmalıyıq
2. Biz sosial media yönümlü olmalıyıq, bu əsas açar strategiyamızdır
3. Biz məlumata (data) fokuslanmış olmalıyıq. Metrikalar, araşdırmalar və s.
4. İnsanlara innovasiyalar təqdim etməliyik.
Panelin son çıxışını Coca-Cola şirkətinin Qlobal Sosial Media Strategiyaçısı Simon Kovart, çıxışın ikinci hissəsini isə Çexiyada şirkətin Sosial Media Meneceri Eva Liba davam etdi. Cənab Kovart texnologiyaların inkişafından söz açaraq, teveviziyanın yaranmasından bu günkü sosial media platformalarının inkişafı tarixindən məlumatlar verdi. Şirkətin 3500-dən çox məhsulunu 200-dən çox ölkədə satışlarını həyata keçirərək, Facebook sosial şəbəkəsində ümumi 89 milyon bəyənməyə sahibdir. Rəqəmsal işləri isə xüsusi “The Hub” komandası həyata keçirir. Bu komandaya 42 sosial mərkəzdən 500 işçi daxildir. Videoda bu komanda və onların gördüyü işlərlə daha geniş şəkildə tanış ola bilərsiniz:
Çıxışı qeyd etdiyimiz kimi Eva Liba davam edərək, şirkətin yeni layihəsi olan #Tastethefeeling üzərində qurdu. Ölkə əhalisinin 10 milyondan bir qədər çox olmasına baxmayaraq, qlobal layihədə ən çox bəyənilən 10 məzmun içərisindən ilk 3-lüyün Çexiya təmsilçisi, həmçinin ümumi 5 iştirakçının yer almasının böyük nəticə olduğu bildirildi. Şirkət bu layihə qaliblərini əlbəttə ki, bununla sakit buraxmayıb. 2 ən çox bəyənilən bloqçu ilə Coca-Cola Çexiya növbəti layihə həyata keçirərək, onların qısa bir hekayəsini Parisdə Snapchat üzərindən sosial media istifadəçilərinə çatdırıblar. 48 saat içərisində 21 mindən çox insan bu bloqçuların qısa Paris hekayəsini izləyiblər. Əsas izləyicilər isə əlbəttə ki, Çexiya və Polşadan olub (geolokasiyaya uyğun). Çıxışın sonunda panelin spikerləri ilə sual-cavab hissəsi başladı.
Nahardan sonrakı panellərdə əsasən idman və əyləncə sahəsi oyunçuları və NASA nümayəndəsi iştirak edərək, şirkətlərinin sosial media üzərində əldə etdikləri uğurlar barədə çıxış ediblər. Prodea Systems şirkətindən olan iranlı xanım Anouşeh Ansari isə Aya ayaq basmış ilk bloqçu kimi öz təəssüratlarını və sosial platformalar üzərindən bu hadisəni NASA ilə birlikdə paylaşdırlarından söz açdı. NASA nümayəndəsi Veronika McGregor isə şirkət strategiyasının 100%-lik orqanik məzmun üzərində qurulduğunu qeyd etdi. Məsələn, əsas 5 Twitter kanalları izləyicisi sayı 25 milyonu ötməkdədir və heç zaman bu profillərdə reklam olmayıb. NASA şirkətinin profili isə Twitter-də 77-ci ən çox izlənən şirkət səhifəsidir. Eyni hal digər sosial media platformalarına da aiddir.
Tədbirin sonunda Socialbakers şirkəti öz müştərilərini 4 müxtəlif sahə üzrə təltif etdi. Bunlar Socially Devoted (sürətli və keyfiyyətli müştəri xidmətləri), Smart Storyteller (ən keyfiyyətli məzmun yaradan şirkət), Best Paid Strategy (ən keyfiyyətli reklam strategiyası yaradan şirkət) və Engage 2016 Award (güclü müştəri xidməti, keyfiyyətli məzmun və kreativliyi birlikdə toplayan şirkət) idi.
Beləliklə, bu ilin Engage2016 tədbiri sona çatdı. Əgər ingilis dili biliyiniz varsa, tədbirin tam videosunu izləməyi dəvət edirik. Çünki, onlarla keyfiyyətli çıxışları və saatlarla davam edən tədbiri bir icmalda təsvir etmək mümkün deyil.