İfadə olaraq yəqin ki, əksəriyyətinizə daha çox "Marketinq müharibələri" tanışdır. Lakin müharibə olduqca böyük, eyni zamanda bir neçə prosesləri - döyüşləri əhatə edən sözdür. Yazacağım mövzu üçün döyüş sözünü də tam uyğun bilmədim. Bu səbəbdən iştirakçıları (uşaqlar) üçün böyük bir proses kimi görünsə də, əslində ümumi çox kiçik olan - dava sözünü işlətdim. Bu yazımda Azərbaycan şirkətlərinin bir-biriylə apardıqları davalar haqda yazacağam.



Nümunə olaraq Facebook-da qarşıma çıxmış reklamları göstərmək istərdim. Burada əsas qruplaşdırma meyarı kimi şirkətlərin fəaliyyət göstərdiyi sahələri götürmüşəm. Amma 1-2 istisna da olacaq. Ən yaxşısı oxuyub özünüzün baxmağınızdır.



1. Taxi xidməti



İlk olaraq 189 Taxi xidmətindən başlayaq.



Paylaşımında konkret olaraq hər hansı rəqib qeyd edilməsə də, mövcud olmayan *1234 nömrəsi ilə daşı konkret kiminsə bostanına atmayıblar, həmin daşla bir neçə quş vurmaq istəyiblər :)


Bu paylaşımdan sonra bir neçə 4 rəqəmli nömrəsi olan taxi xidmətlərinin səhifələrinə nəzər yetirdim. Yuxarıdakılardan nisbətən Taxi 24 facebook səhifəsini daha aktiv idarə edir. Lakin heç birində bununla bağlı cavab mesajı verilməmişdir. Yalnız City Taxi (*8844) cavab paylaşımı etmişdir:
2. Enerji içkiləri
Bazara yeni çıxmış Gilan Holding-in yeni istehsal etdiyi Hazzard enerji içkisi bazara "Hamı üçün deyil" mesajı ilə daxil olub. Əslində qiymət baxımından deyə bilərik ki, hamı üçün olmayan Redbull-du :D Əsas da son qiymət artımından sonra. Təbii ki, marketdən marketə fərqliliklər olur, amma ümumilikdə Hazzard içkisinin qiyməti də digər digər bütün enerji içkiləri kimi 1 AZN-dir. Düzü bu mesajı ilk dəfə görəndə məndə belə bir sual yaranmışdı ki, hamı üçün deyilsə, görəsən kimin üçündür? Amma hələ konkret bir cavab tapa bilməmişəm bu suala. Bəlkə də heç cavabı yoxdur.
Hell enerji içkisi bu mesaja əks olaraq "Hell- hamı üçündür" deyərək özünün xalqa daha yaxın olduğunu bildirməyə çalışdı.
Təxminən 1 il əvvəl enerji içkiləri sektorunda Jaguar Redbull-a qarşı dava elan etmişdi. Aşağıdakı 2 videoda həmin davadan səhnələri izləyə bilərsiniz. Hər 2 videoda "Redbull qanadlandırır" ifadəsi hədəf olaraq götürülüb.
Rusiyada yayımlanan "ХБ шоу"-nun bizim dilə dublyaj edilmiş variantından sonra məşhurlaşan Kral söhbəti əsas ideya kimi götürülmüş "Kral quşdur" videosu.
Fikrimcə, 1-ci video daha yaxşı idi. Yəqin ona görədir ki, ümumiyyətlə "Kral" mövzusu çıxan vaxtlarda da, elə də xoşuma gəlmirdi.
3. Mebel mağazaları
Home Kontakt mağazası uzun müddət "Şeş-qoşa at, aldığın malı pulsuz apar" kampaniyasını keçirirdi.


Zivella mağazasının keçirdiyi kampaniyada isə endirimin hamıya eyni verildiyini və şansa buraxılmadığını qeyd edərək Home Kontakt-a söz atıblar.


4. Super Marketlər
Burada yəqin ki, hamınızın qarşısına çıxdığı bir mövzu haqda yazacağam - dava mövzusu özü olsa da, əslində davada iştirak etməmiş və yeni istifadəyə verilmiş Bravo Supermarket, daha doğrusu onun qızılı turpudur.
Bazara daxil olduğu gündən Bravo Supermarketi metroda "digər marketdə qiymət - Bravoda qiymət" müqayisəli prinsipi ilə müxtəlif məhsulların reklamlarını yerləşdirməklə yadda qalmışdır. Yəqin bu davanın da "metroda aparılmasına" səbəb elə bu idi. Əslindəsə aşağıdakı reklamların heç biri metroda heç vaxt yerləşdirilməyib.
İlk olaraq Bazarstore-un nümayəndəsinin öz profilində belə bir reklam paylaşıldı:
Daha sonra söhbətə maraq qatmaq məqsədilə Bravoya heç bir aidiyyatı olmayan şəxs tərəfindən belə bir cavab reklamı hazırlanılaraq sosial şəbəkədə paylaşıldı.
Tez-tez ortaya çıxmayan belə bir mövzudan daha kiçik marketlər də istifadə edərək maraq cəlb etməyə çalışdılar. Əvvəl eşitmədiyim və hələ də harada yerləşdiyini bilmədiyim Real Market konkret olaraq qızıl turp və Bravo-ya söz atmamış, amma meyvə-tərəvəz mövzusundan da uzaqlaşmamışdı. Reklamdakı böyük hərflərlə yazılmış "BAZAR" sözündən mesajın BazarStore-a ünvanlandığı başa düşülür:
Blogda 2-ci dəfə tamam fərqli mövzu ilə City Taxi-nin reklamını da qeyd edək. Qızılı turpla Taxi xidmətini necə əlaqələndirmək olar sualı yarandısa, aşağıdakı reklama baxa bilərsiniz. Yaxşı və ya pis alınmasıyla bağlı fikir bildirmirəm.
İndi isə tapmacanın cavabı. O qiymətə turp olar? - Qiymət sadəcə texniki səhv nəticəsində elə qeyd olunmuş və qısa müddətdə dəyişdirilmişdi. Amma facebook-da şəkli daha az yayılmış qızılı lobya həqiqətən də baha imiş.

Qızıl turp mövzusuna aid olmasa da Supermarket mövzusunun davamı kimi qarşıma çıxmış bir reklamı da Sizinlə paylaşmaq istəyirəm.

"Daha rahatdır" ifadəsi ilə tam əminliklə Rahat Supermarketlərinə söz atıldığını deyə bilmərəm. Amma bu şəkili də saxlayaq siyahımızda qalsın.



5. Dövlət sektoru

Bunun haqda əvvəlki blog yazımda (bax: http://tofiqaga.blogspot.com/2016/01/dovlt-strukturlarmzn-facebook-aktivliyi.html) artıq qeyd etmişdim. Sadəcə bu mövzuya da uyğun olduğundan və yəqin ki, hamı tərəfindən görülmədiyindən yenidən qeyd edirəm.


Şəxsiyyət vəsiqəsi və pasport almaq üçün əksəriyyət hazırda ASAN Xidmətə üz tutsa da, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi də bu xidməti göstərməyə davam edir. Elə bu paylaşımda da "asandan da asan oldu" sözləri ilə ASAN xidmət nəzərdə tutulur.

Yazıda qeyd edilmiş bütün nümunələr təxmini son 1 ilin "davalarıdır". Əvvəllər Azərbaycanda belə formada kiminsə öz reklamında başqa birinə işarə edərək nəsə etməsi halı yadıma gəlmir. Bəlkə də olub, amma ən azından böyük şirkətlər tərəfindən yox. Yəqin ki, buna əsas səbəb də monopoliyalar olub. Ya 2 "rəqib" şirkət faktiki 1 adama məxsus olub, ya elə adamlara məxsus olub ki, bir-birilərinə nəsə deməyə çəkiniblər, ya da ümumiyyətlə həmin sektorda 2-ci şirkət olmayıb.

İndi demək olar ki, nisbətən düzəlib. Sonuncu nümunədən gördüyümüz kimi bu davalara hətta dövlət strukturu da qoşulub. Hələ dava olsalar da, fikrimcə bəziləri yaxşı alınıb. Davanın olması elə də pis deyil. Düzdür, kimsə davada yıxılır, kiminsə dodağı, burnu partlayır, gözü göyərir. Amma uşaq yıxıla-yıxıla böyüyər. Əsas odur ki, davada kənardan dayanıb izləməyəsən və qollarını çırmalayıb davanın ortasına girəsən.

Amma məsələ tək rəqibə daş atmaqla da bitmir. Əsas da əgər tikinti sektorunda fəaliyyət göstərirsinizsə və rəqib daş satmaqla məşğuldur :)