2015-ci il üçün Azərbaycan reklam bazarı haqqında qısa araşdırmamızı təqdim etmişdik. Oxumayanlar üçün – 70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var? – yazısını oxumağı məsləhət görürəm. Bu ilin yarısı da artıq geridə qalıb. Çalışdım ki, 2016-cı ilin yarısı üçün bazarda vəziyyətin necə dəyişdiyini təhlil edim. Doğrudur, maraqlı hadisələr baş verdi. Reklam cəlb edən kanallar içində yuxarı sıralarda olan ANS -in lisenziyasının ləğv edilməsi balansı bir qədər pozdu. TV, radio və eyni zamanda veb saytı eyni ərəfədə bağlandığından qüvvələr nisbətində də dəyişikliklər oldu. Ona görə də mən təhlili 2016-cı il yanvar – iyul ayları üzrə təqdim edirəm. İnşallah, ilin sonuna artıq real duruma görə yekun təhlili apararıq.
Televiziya kanallarının reklam dövriyyəsinin ötən illə müqayisəsi
TV kanalların 2015-ci il toplam reklam dövriyyəsi 39-40 milyon manat arasında dəyişib. 2016-cı ilin yarısı üçün isə təxmini 21 milyon 600 min manat civarıdır. Məntiqlə götürdükdə ilin sonuna da bu qədər olsa, demək olar ki, 2015-ci il nəticəsi alınır. Lakin mövcud gedişat aydın göstərir ki, bu rəqəm ilin ikinci yarısı üçün eyni olmayacaq. Yəni daha az olacaq. İlkin təxminlər minimum 10-15% azalma olacağını göstərir. Aşağıdakı cədvələ diqqət edək:
s/n | TV kanal | 2015-ci il TAM | 2016-ci ilin yarısı | Artım / |
% nisbətilə reklam cəlbi | Azalma % | |||
1 | ATV | 37% | 29% | -8% |
2 | Xəzər | 26% | 28% | 2% |
3 | ANS | 20% | 22% | 2% |
4 | SPACE | 11% | 12% | 1% |
5 | LİDER | 3% | 7% | 4% |
6 | İTV | 2% | 2% | 0% |
Yuxarıdakı cədvəldən də gördüyümüz kimi 2016-cı ilin ilk yarısında ATV kanalı daha ciddi azalma göstərib. (-8%) Əvəzində Xəzər və ANS kanalı hərəsinə 2% ilə pay qoparıblar. Maraqlıdır ki, Lider +4% artım göstərib. İlkin qənaət olaraq belə nəticəyə gəlmək olar ki, böhrandan sonra ANS və Xəzər daha çevik tərpənərək əlavə reklam cəlb edə bilib. ANS-in olmamasından sonra reklam dövriyyəsinin necə bölünəcəyi indidən maraqlı görünür.
Radio kanallarının reklam dövriyyəsinin ötən illə müqayisəsi
Radio kanalların 2015-ci il üzrə toplam dövriyyəsi təxmini 4.5-5 milyon manat olub. Anten FM və Media FM monitorinq olunmur. Keçən il də qeyd etmişdim, bu il də bildirim ki, bu kanalların monitorinq olunmaması düşünürəm ki, ziyanlarına işləyir. 2016-cı ilin ilk 6 ayı üçün radio kanalların reklam cəlbi toplam 1.5 milyon manat civarıdır. Bu o deməkdir ki, temp eyni qalsa, il sonuna 3 milyon manat ola bilər. Halbuki yuxarıdakı proqnoza əsasən 10-15% azalma ehtimalını da gözə almaq lazımdır. Qəribə də olsa, nəticələr radionun tv-dən daha çox azalma göstərdiyini əks etdirir. Aşağıdakı cədvələ diqqət edək:
s/n | Radio kanal | 2015-ci il TAM | 2016-ci ilin yarısı | Artım / |
% nisbətilə reklam cəlbi | Azalma % | |||
1 | Radio 102 FM | 17.50% | 21% | 4% |
2 | Radio 106 FM | 11.90% | 13% | 1% |
3 | Radio 106.3 FM | 23.70% | 32% | 8% |
4 | Radio 104 FM | 0.90% | 2% | 2% |
5 | Radio 103 FM | 8.90% | 10% | 1% |
6 | Radio Burc | 16.70% | 22% | 6% |
Deməli, yuxarıda yazdığımız kimi burada Anten Fm və Media Fm yoxdur. Əlavə olaraq Radio Lider, Araz Fm (10.2% idi keçən il), Avto Fm (5% idi) və İctimai Radio (0.5%) yoxdur. Bunlar haqqında texniki səbəblərdən məlumat almaq mümkün olmadı. Amma yuxarıdakı mənzərəyə əsasən təxmini fikir yürütmək olar. Ötən il indi siyahıda olmayan kanalların payı 20% civarı idi. Yuxarıdakı cədvəli təhlil edəndə görürük ki, siyahıda olan 6 radio kanalın hamısı yarım il üçün faiz paylarını artırıb. Bu isə o deməkdir, ciddi şəkildə digər kanalların faiz paylarından alıblar. Məsələn, ANS ÇM 4%, 106.3 fm 8%, Burc Fm 6% kimi ciddi artımlar göstərib.
Azərbaycan internet reklam bazarı dövriyyəsi
2015-ci il internet reklam bazarı dövriyyəsi 6 milyon manat civarı olub. Bütün dünyanın digitallaşdığı bir dövrdə internet reklamları dövriyyəsi qəribədir ki, 2015-ci ilin ilk 6 ayı ilə müqayisədə – 30% aşağı düşüb. Çox ciddi rəqəmdir. Bu arada statistik məlumatların əldə edilməsində New-Media şirkətinə təşəkkür edirəm. Məlumata görə böyük şirkət və holdinqlərin büdcələrini əhəmiyyətli azaltması sektora da təsirsiz ötüşməyib. Bunlar əsasən mobil operatorlar, bank sektoru, avtomobil sektorunu əhatə edib. Maraqlı fakt odur ki, bütün geriləmələrin fonunda tikinti sektoru internetdən aktiv istifadəyə başlayıb. Demək ki, qeyri-müəyyənlik şəraitində insanların daşınmaz əmlaka yatırım etmə istəyindən maksimum yararlanmağa çalışıblar. Yeni Həyat, Renessans, Abşeron kimi tikinti şirkətləri canlanma yarada biliblər. FMCG sektoru isə digitalda hələlik çox passivdir.
Çöl reklamları ilə bağlı ötən il də yazdığımız kimi dəqiq məlumatlar almaq çox müşkül məsələdir.
Yekun:
Tv, radio və internet reklam bazarını təhlil edəndə analoji dövrlə müqayisədə toplam 17% civarı azalma olduğunu görürük. Əgər ilin son 6 ayı proqnozlara əsasən bir az da geriləmə olarsa, bu nisbətin 30%-ə yaxınlaşa biləcəyini söyləmək olar. Təbii ki, bunlar pessimist proqnozlardır. Reklamın az olması şirkətlərin vəziyyətinin elə də yaxşı olmaması deməkdir. 70 milyon civarında dəyərləndirilən 2015-ci il reklam bazarı belə gedərsə ilin sonuna 49-50 milyon manatla kifayətlənməli olacaq deyəsən. Yaşayarıq görərik.
Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…