VIRDUEL bölməsinin bu dəfəki müsahibi Milli İnsan Resursları Forumunun təşkilatçılarıdır.



Salam. Əvvəlcə Milli İnsan Resursları Forumunun ikinci dəfə keçirilməsi təşəbbüsü üçün sizi alqışlayırıq və təbrik edirik. Cabir bəy, keçən ilkindən fərqli bir komanda var qarşımızda. Bizi komanda ilə tanış edərdiz zəhmət olmasa.



Salamlar. Mən Cabir Süleymanlı, məni keçən ilki forumdan da xatırlayarsınız yəqin ki. Əvvəlcə, facemark.az olaraq verdiyiniz dəstək və bizi müsahibə üçün dəvət etdiyinizə görə təşəkkür edirik.



Bəli, komandamızda müəyyən dəyişiklər oldu. Forumun mənimlə bərabər həmtəsisçisi olan Murad Malik və layihə koordinatorumuz Elmira xanım halhazırda təhsilləri və işləri ilə bağlı olaraq Almaniyadadırlar.Fürsətdən istifadə edib onlara da salam göndəririk və işlərində uğurlar arzulayırıq.



Bu il 22 oktyabrda Park Inn Hoteldə keçiriləcək MİRF2016-nın hazırlıqlarını isə keçən ildən bizə yad olmayan, MİRF 2015-də moderatorumuz olmuş Telman İbrahimov və yenə keçən il bizə təşkilati işlərdə köməklik edən dostlarımızdan Vüsal Qasımov və Orxan Mirzəyevlə bərabər davam etdiririk. Telman bəy təsisçisi olduğu Grow Center-in komandası ilə birlikdə təşkilati işlərdə və bilet satışında bizim dəstəkçimizdir. Vüsal bəy ilə spikerlərimizlə əlaqələrin qurulmasında və onlarla bağlı digər məsələlərdə, Orxan bəylə isə forumun marketinqi istiqamətində bərabər işləyirik.



MİRF2016 haqqında, nələr olacaq, nə kimi yeniliklər var məlumat verərdiniz.



Bu il keçən ildən biraz daha fərqli bir konsept düşünmüşük. Keçən il spikerlərin çıxışları 3 fərqli panel altında cəmləşmişdi. Bu il isə, mövzuların istiqamətlərini panel adları ilə daraltmamaq üçün, seçimi spikerlərimizin özlərinə buraxdıq. Düşündük ki, bu həm onların özlərini daha rahat hiss etmələrinə, həm də daha fərqli mövzularda çıxışların olmasına, daha geniş sahənin əhatə olunmasına kömək edəcək.



Biz keçən ilki səhvlərimizdən də öyrənərək daha yaxşısını ərsəyə gətirəcəyimizə və qonaqlarımız üçün tədbiri daha da maraqlı edəcəyimizə əminik. Məqsədimiz isə, ölkəmizdə fərqli biznes sektorlarında çalışan insan resursları mütəxəssislərinin bir araya gəlib real təcrübələrini bir-biriylə paylaşması, insan resursları sahəsinə marağın daha da artırılması, bu sahənin peşəkarlarının özlərini daha da peşəkarlaşdırıb, önə çəkib, şirkətlərində daha çox söz sahibi olmaları, ümumiyyətlə Azərbaycanda biznes mühitində bu peşəyə diqqətin artırılmasıdır.



Keçən il, 140-dan artıq fərqli şirkətdən, 250-dən çox insan MİRF2015-də biraraya toplaşmışdı. Bu il 22 oktyabrda da ən az 250 iştirakçımızın olacağına inanırıq. MİRF2016-da da iştirakçılarımız üçün bir sıra hədiyyələr düşünmüşük. Kitabın ən dəyərli hədiyyələrdən olacağını düşünüb bu il yenə də iştirakçılarımız, xüsusən də insan resursları sahəsində çalışanlar üçün maraqlı olacaq, dəyərli kitab hədiyyəmiz olacaq. Əlavə başqa yeniliklərimiz və dəstəkçilərimizin bəzi hədiyyələri də olacaq ki, onlar da sürpriz qalsın



Belə bir forumu ikinci dəfə keçirməyin riskləri nələrdir, nə kimi problemləriniz olur?



Bildiyiniz kimi MİRF-in təşkilatçısı hər hansı bir qurum, təşkilat yox, fərdlər, burda gördüyünüz insanlardır. Bu məqamda bizə kömək olan ayrı-ayrı dəstəkçilərimizin hər birinə, dəstəklərini əsirgəməyən dostlarımıza təşəkkürümüzü bildiririk. Bu miqyasda bir tədbiri keçirərkən ən böyük risklərdən biri, təbii ki, maddi məsələlərlə bağlı olur. Bizim forumun bütün maliyyə mənbəyi isə yalnız xərclərimizi qarşılamaq üçün müəyyən etdiyimiz qiymətdən bilet satışındandır. Tədbirə bu ilki maraq gözlədiyimizin də üzərindədir və hələ 1 aya yaxın vaxt qalmasına baxmayaraq hədəflədiyimiz 200 biletdən 103`ü artıq satılıb.



Problemlər isə, əgər bir iş görülürsə həmişə olacaqdır. Problemlərə, problem çıxardanlara ən gözəl cavab isə, yaxşı bir iş ortaya çıxardaraq, onlara da işlərində uğurlar arzulamaqdır deyə düşünürük.



Vüsal bəy, spikerlərlə əlaqələrin qurulmasıyla Siz məşğulsunuz. Fərqli sektorlardan spikerləriniz var. Seçimlər necə edildi və spikerlərin təqdimat mövzuları necə olacaq?



Bəli, bu il yenə də fərqli sektorlardan çox dəyərli spikerlərimiz var və onların seçimi heç də asan olmadı. 10 nəfər spikerimizi seçmək üçün təxminən 100-ə yaxın fərqli insanla görüşməli olduq. Tam siyahını açıqlayana qədər, siyahı neçə dəfə dəyişdi J. Kimlərsə maraqlı olmadı, kimlərinsə vaxtı olmadı, bəziləri auditoriya qarşısında çıxış edə bilmədiyini bildirdi və s. Nəhayətki spikerlərimizi müəyyənləşdirdik. Onlarla bağlı məlumatları www.azmirf.com saytımızdan, spikerlər bölməsindən öyrənmək olar. Hətta həmin hissədə onların sosial media profillərinə keçidləri tapa bilərsiniz.



Spikerlərimizin mövzularını isə, keçən ilki kimi müəyyən edilmiş panellərlə daraltmadıq və beləliklə onların özlərinin peşəkar olduqları mövzularda çıxışlar izləyə biləcəyik. Psixoloji müqavilə, HR strategiyanın qurulmasında əngəllər, personalın inkişaf etdirilməsi üzrə SWOT analizi, personal brendinq, HR-da koçinqin önəmi, “Change Management” (Dəyişikliklərin idarə olunması) kimi maraqlı mövzular olacaq.



Telman bəy, bilet satışı və təşkilatçılıqla bağlı nələr deyə bilərsiniz?



Bilet satışlarımız bildyiniz kimi internet saytımızdan qeydiyyatdan keçməklə ön sifariş şəklində başladı və ilk bir həftə ərzində 80 sifariş aldıq. Biletlər satışa çıxdıqdan sonra Grow Centerkomandası vasitəsilə bu sifarişlərin demək olar ki hamısı sahiblərinə çatdırıldı. Halhazırda da bilet satışımız davam edir və Cabir bəy də dediyi kimi, toplam hədəflədiyimiz 200 biletdən, 100-dən çoxu satılıb.Grow komandası olaraq forum günü də təşkilatçılıqla bağlı əlimizdən gələn dəstəyi göstərəcəyik.



Biletlərimizi www.azmirf.com internet saytından qeydiyyatdan keçərək və ya 0124800944 / 050 2545694 nömrələrindən biriylə əlaqə saxlayaraq Grow Center-in Cəfər Cabbarlı 44, Caspian Plaza 1, 7-ci mərtəbədəki ofisindən əldə etmək mümkündür. Bilet satışı ilə əlaqədar ən çox verilən suallardan biriylə bağlı bu məsələni də qeyd etmək istəyirəm ki, gec sifariş verildikdə fərq onda olur ki, biletlər nömrəlidir və iştirakçı daha arxada əyləşməli olacaq.



Orxan bəy, Siz forumun marketinq işləri ilə məşğul olursunuz. Forumun bu qədər rəğbət görməsi üçün, marağı artırmaq üçün xüsusi nələrsə edilirmi?



Mən keçən il də forumda təşkilati işlərdə köməklik etmişəm və bu il dətəşkilat komandasında yer alıram. Ümumi olaraq müşahidə edilən odur ki, insan resursları sahəsində bu kimi tədbirlərə doğurdan da ehtiyac vardır və bu tədbirlər həm sahənin inkişafına kömək edəcəkdir, həm də bu sahədə çalışanların özlərini daha da təkmilləşdirmələrinə gətirib çıxaracaqdır. Bildiyiniz kimi, bu sahədə başqa forumlarda keçirilməkdədir. Buna baxmayaq hamısı kifayət qədər marağa səbəb olur və auditoriya toplaya bilir. Bu da bu kimi tədbirlərin keçirilməsinin ehtiyacını göstərir.



MİRF ilə bağlı xüsusi nələrinsə edilməsi məsələsinə gəldikdə isə, dediyim kimi, tədbir özlüyündə kifayət qədər marağa səbəb olmaqdadır. Biz isə, tədbirə gələn iştirakçıların vaxtlarını həm öyrənərək, həm də əylənərək keçirə bilmələri üçün bəzi fəaliyyətlər fikirləşmişik. Məsələn, bu il də tədbirdə çəkilən şəkilləri “Boxx” texnologiyası vasitəsilə tədbirə özəl dizaynla əldə etmək mümkün olacaq. İştirakçılara dəstəkçilərimizin müxtəlif hədiyyələri və başqa sürprizlər də nəzərdə tutulub ki, yaxın günlərdə onları da facebook səhifəmizdə elan edəcəyik. Marketinq cəhətdən baxdıqda, bu cür tədbirlərin çox olması, müxtəlif biznes əlaqələrin qurulması və yeni tanışlıqlar üçün əla fürsət yaradır.



Hamınıza çox təşəkkür edir və bol-bol uğurlar arzulayırıq. Cabir bəy, sonda izləyicilərinizə sözünüz varmı?



Dəvətiniz üçün biz təşəkkür edirik. İzləyicilərimizə və forumda iştirak edəcək olanlara səslənirik ki, bu il inşallah daha yaxşı olacaq. Çatışmamazlıqlar təbii ki, qaçınılmazdır. Tədbirdə iştirak etsinlər və bu çatışmazlıqlarımızı bizə bildirsinlər ki, gələn il daha yaxşısını edək. 22 oktyabrda Park Inn Oteldə görüşmək üzərə.