Son vaxtlara qədər şirkətlərin Facebook səhifəsində müsabiqə/yarışma keçirməsinə müsbət baxmırdım. “Bəyən/Paylaş, qalib ol! Dostlarını işarələ, qalib ol!” tipli müsabiqələr “səviyyəli” görünmürdü mənimçün. Amma sonra şərtləri, keçirilmə formasını, hədiyyəni doğru seçməklə keçirilən müsabiqələrin pis olmadığı qənaətinə gəldim. Dekabr devalvasiyasından sonra isə bu tip yarışmaları dəstəkləməyə və əməkdaşlıq etdiyimiz brendlər üçün müsabiqələr təşkil etməyə başladıq.
Çünki istifadəçilərin sizin məhsul/xidmət və ya məkan haqda məlumatlanması, bəyənib paylaşması, fikrini bildirməsi, qısaca, daha çox “engagement” əldə edilməsi üçün Facebook reklamından istifadə edirsiniz. Əslində səhifədə müsabiqə keçirərkən də məqsəd eynidir. Bir çox hallarda müsabiqəyə 500 dollarlıq hədiyyə qoyub, aldığınız nəticə Facebook’da reklama 500 dollar xərcləyib aldığınız nəticədən daha yaxşı olur. Və əgər müsabiqə ilə eyni (və ya daha yaxşı) nəticə əldə etmək olursa niyə 500 dolları Zükerberqə verək? O 500 dollara smartfon hədiyyə qoysaq, şirkət engagement’ini toplayacaq, pulu da Zükerberq yox, Məmmədov Fikrət, Əliyeva Samirə, Həsənov Samir qazanacaq. Şirkətlərimizin hər il Facebook’a xərclədiyi milyonlarla vəsait vətəndaşlara hədiyyə olaraq verilsə daha yaxşı olmazmı?!
Bu mövzuda bəyəndiyim və bəyənmədiyim
Əlbəttə yaxşı olar, amma gərək müsabiqəni də “səviyyəli” keçirəsən. Müsabiqə zamanı şirkət imicinə, reytinqinə uyğun hərəkət etməlidir. Bir müddət öncə mobil operatorlarımız 5 günlük müsabiqə elan edib, onminlərlə insanı müsabiqəyə qoşub, sonda 10 manatlıq və 20 manatlıq balans hədiyyə edirdi. Bu, mənim fikrimcə, böyük şirkətlərə yaraşmayan addımdır. Hər şirkət həcminə, nüfuzuna, reytinqinə uyğun hədiyyələr təyin etməlidir. Şərtləri də maraqlı və rahat seçirsənsə o zaman uğurlu müsabiqə keçirmək mümkün olur. Mənim bu mövzuda fikrim isə belədir.
Bəyəndiyim:
- Maraqlı, kreativ şərt seçmək,
- Samballı hədiyyə təyin etmək,
- Müsabiqə şərtlərinin dəqiq olması,
- İştirak üçün hər kəsə bərabər hüquq yaradılması
- Müsabiqənin və qalib seçiminin şəffaf keçirilməsi
Bəyənmədiyim:
- İstifadəçiləri “like dilənməyə” sövq etmək,
- Səs-küylü bir müsabiqəyə 15 manatlıq hədiyyə təyin etmək,
- Tanınmış brendin müsabiqəyə 15 manatlıq hədiyyə təyin etməsi,
- Müsabiqənin vaxtının/şərtlərinin müsabiqə gedişi zamanı dəyişdirilməsi.
- Hədiyyəni sonda “öz adamının” qazanması.
MİSALLAR
Təxminən 2 ay öncə səhifə adı belə, qəribə olan, yenicə yaradılmış IT ilə bağlı bir səhifə “müsabiqə keçirib, qaliblərə iPhone 6S hədiyyə edirdi”. Səhifədə statuslar “Bugunku musabiqemizin wertleri axsam aciqlanacey. Sponsorumuzla dansiqilardan sonra elave 2 dene de iPhone 6S hediyye etmek qerarine gelmiwik” – bu səviyyədə yazılırdı və müraciət tərzi, cümlələrin quruluşundan aydın idi ki, bu, boş və yalançı müsabiqədir. Amma nədənsə bir neçə kifayət qədər ağıllı, məntiqli, “iki uşaq atası” dostlarım buna inanmışdı, Timeline’mda 5-6 dostumun bu statusu paylaşdığını görmüşdüm. Sonuncu dəfə baxanda status 7-8 min dəfə (i) paylaşılmışdı. Sonra müsabiqədən xəbər çıxmadı təbii ki. O cür addımlar və ya sonda hədiyyənin “öz adamına verilməsi” kimi hallar olduğu üçün bir çox insanlarda müsabiqələrə inam yoxdur. Amma zaman keçdikcə ədalətli və maraqlı müsabiqələrin sayı artır. Və ədalətli müsabiqələrin sayı çoxaldıqca insanların inamı da artacaq. Amma hər kəsin buna inanacağını gözləməyin!
Srağagün Baku Expo Centerdə Turizm Sərgisindəydik. AZAL sərgi iştirakçıları üçün dünyanın istədiyi şəhərinə gediş-dönüş bileti hədiyyə edən müsabiqə keçirirdi. Sadəcə qeydiyyatdan keçib, biletini lototrona atırdın, saat 16:00’da lototron fırladılırdı və bir nəfərin adı çıxarılırdı. Demək, lototron fırladıldı, xanım lototrona baxmadan əlini uzadıb bir bilet seçdi və Filankəsov Filankəs qalib oldu. Qalibin adını eşidən kimi yanımda dayanan iki nəfərdən biri o birisinə: “Əşşi, öz adamlarına verirlər” (!)
Düzgün kommunikasiya
Ümumiyyətlə istənilən formatlı yarışma, müsabiqə zamanı kommunikasiya çox önəmli faktordur. Eyni işi görən iki brend eyni şərtlərlə müsabiqə keçirir. Birinci brend müsabiqəyə 5 min manat xərcləyir və 10 min iştirakçı toplayır (1 iştirakçı = 50 qəpik), ikinci brend 2 min manat xərcləyir və 50 min iştirakçı toplayır (1 iştirakçı = 4 qəpik). İkinci brendin 12 dəfə daha effektiv nəticə almasının səbəbi müsabiqəni auditoriyaya daha yaxşı, daha uğurlu yollarla çatdrmasındadır. Bu səbəbdən də müsabiqə keçirərkən kommunikasiya kanalları düzgün təhlil edilməlidir.
Facebook qadağan edir!
Bəs bilirsinizmi ki, demək olar hər bir şirkətin istifadə etdiyi müsabiqə şərtləri var ki, Facebook o şərtlərlə müsabiqə elan etməyi qadağan edir. Həmin şərtlər:
- Müsabiqəyə qoşulmaq üçün səhifəni/postu profilində paylaş
- Müsabiqəyə qoşulmaq üçün dostlarını bu posta işarələ (tag)
- Müsabiqəyə qoşulmaq üçün göstərilən başqa bir səhifəni bəyən
- Müsabiqəyə qoşulmaq üçün göstərilən bir neçə səhifəni bəyən
Özüm də daxil olmaqla əksər şirkətlər bu şərtlərlə müsabiqələr keçirir. Çünki istifadəçiləri müsabiqəyə cəlb etməyin ən effektiv yolları bunlardır. Hələ ki, Facebook buna ciddi baş qoşmadığından bunu davam edə bilərik. Amma Facebook yazır ki, belə hal aşkarladıqda hətta səhifəni bağlaya bilər.
Beləliklə, Facebook’da uğurlu müsabiqə keçirmək üçün 5 şərti nəzərə almq lazımdır:
- Müsabiqənin şərtinin aydın, rahat və dəqiq olması.
- Brendin nüfuzuna uyğun hədiyyə təyin edilməsi.
- Düzgün kommunikasiya vasitələri seçmək.
- Müsabiqənin şəffaf və ədalətli keçirilməsi.
- Keçirilən müsabiqənin nəticələri haqda ictimaiyyətə geniş məlumat verilməsi (həm şəffaflığı təmin etmək üçün, həm də şirkətin PR’ı üçün).
Qeyd edilənlər nəzərə alınmaqla uğurlu və səs-küylü müsabiqələr keçirmək olar. Yuxarıda da qeyd etdiyim kimi, təklif edirəm şirkətlər Facebook reklam büdcələrinin bir hissəsini müsabiqələrə ayırıb, vəsaiti öz vətəndaşlarımıza versin. Xüsusən dolların iki dəfə bahalaşmasından sonra bu addım marketinq xərclərinə qənaət etməyə yardım edə bilər.