Bu gün demək olar ki hər kəsin adını eşitdiyi və bir çoxumuzun məhsullarından gündəlik istifadə etdiyi bəzi markaları və onların sahiblərini gözdən keçirək: Facebook – MarkZuckerberg, Google – LarryPage və SergeyBrin, Microsoft – BillGates, IKEA – IngvarKamprad, Walmart - SamWalton, Nike - Philip H. Knight, Zara - AmancioOrtega vəRosalíaMera, Apple - SteveJobs və s. Bu siyahını daha da uzatmaq olar. Bu qəbildən uğurlu iş adamlarının əsas ortaq xüsusiyyəti tamamilə yeni bir fikri və ya mövcud fikrin yeni formasını məhsula çevirməkdir. Mühüm olan yeni bir məhsul (və ya xidmət) təklif edərək onun istehsalını təmin etmək, bazara birinci daxil olmaq və bazar payının böyük hissəsini əldə etməkdir. Dünyada və ya müəyyən ərazidə əvvəllər mövcud olmayan bir məhsulla (və ya xidmətlə) bazara çıxan şəxslərin adətən beyinlərindəki fikirdən başqa bir sərmayəsi olmur və burada sahibkardan fərqli bir anlayış qarşımıza çıxır – təşəbbüskar və ya mütəşəbbis. Bəs “sahibkar” və “təşəbbüskar” anlayışları arasındakı fərq nədədir?
Hər şeydən əvvəl sözlərin kökünə nəzər salsaq görərik ki “sahibkar” artıq müəyyən sərvətə və ya istehsal vasitələrinə sahib olan insan, “təşəbbüskar” isə müəyyən bir işi görməyə təşəbbüs göstərən, cəhd edən insandır. Sahibkar və təşəbbüskar arasındakı digər fərq isə birincinin daha az riskli amma gəlirli investisiyalara yönələrkən, ikincinin müxtəlif sərmayələri hər kəsdən əvvəl yatıraraq qabaqcıl olmasıdır. Sahibkarların hamısı keçmişdə təşəbbüskar olmasalar da bütün uğurlu təşəbbüskarlar gələcəkdə sahibkar olurlar. Təşəbbüskarlar bütün diqqətini müəyyən bir fikir üzərində cəmləşdirir və bu fikri məhsula çevirərək bazara çıxarmağa çalışır, amma sahibkarlar artıq mövcud olan və müəyyən dəyəri olan məhsul və xidmətlərə önəm verirlər. Gəlirlilik minimum həddə, hətta başabaş nöqtəsində olsa belə, fikir üzərinə bütün diqqətini cəmləmiş təşəbbüskar var gücü ilə çalışıb yoluna davam edir. Bu vəziyyətdə olan iş adamı (sahibkar) isə zərərdə olduğu üçün sürətlə alternativ işlərə keçə bilmək üçün fürsət axtarmağa və bunun üçün əlindən gələni etməyə başlayır. Təşəbbüskar ehtiraslıdır, fikrinə sadiqdir, bu fikir üçün yaşayır və gedəcəyi nöqtələri daima bütün detalları ilə xəyallında canlandırır. Sahibkar isəmüəyyən iş təklifini açıq-aydın və dəqiq olmasa, daha doğrusu rəqəmlərlə ifadə edilməsə görə bilməz və nəzərə almaz.
Yuxarıda sahibkar və təşəbbüskar arasındakı fərqlər qısa şəkildə izah edildi. Bazar iqtisadiyyatı şəraitində yaşayan bütün ölkələr üçün hər iki anlayış çox mühümdür. Sahibkarlıq fəaliyyəti və ya idarəetmə qabiliyyəti əsas istehsal amillərindən biri hesab edildiyinə görə “sahibkarlığın əsasları”, “sahibkarlıq” və “menecment” və s. bu kimi dərslər uzun müddətdir dünyanın hər yerində, o cümlədən ölkəmizdə də tədris olunur. Lakin, təşəbbüskarlıq uzun müddət genetik yolla keçən bir qabiliyyət olaraqqəbul edilmiş və onun tədrisi aparılmamışdır. Son bir neçə onillikdə təşəbbüskarlığın PiterDrukerin dili ilə desək “mistik bir vəziyyət, bir növ sehr və ya sirr” olmadığı anlaşılmış, təşəbbüskarlığın bir fənn olaraq tədrisinin mümkünlüyünə qərar verilmişdir. Müəyyən fəaliyyətə başlamazdan əvvəl təşəbbüskarlıq təhsilinin verilməsi gənclərin gələcəkdə edəcəkləri cəhdlərin müvəffəqiyyət şansının artırılması üçün əhəmiyyətlidir. Xüsusilə gənclərdəyenilikçi və işgüzar davranışların formalaşması üçüntəşəbbüskarlıqfənninin böyük əhəmiyyəti vardır.Bu fənnin tədrisi tələbələrdəki sahibkarlıq potensialını ortaya çıxarmağa köməkedir və öz işlərini qurmağa istiqamətləndirir.
Dünyada təşəbbüskarlıqla bağlı fənlərin tədrisitarixinə nəzər salsaq ABŞ-ın birinci olduğunu görə bilərik. Amerikada təşəbbüskarlıqla əlaqədar ilk təhsil 1947-ci ildə HarvardBusinessSchoolda verilməyə başlanmışdır. Bu mövzuda ilk akademik proqramlar isə 1960-cı illərdə başlamış və getdikcə təkmilləşdirilərək daha çox yayılmışdır.
Sidney Universitetində təşəbbüskarlıqla bağlı bir neçə fənn tədris edilir. Bunlar:“Sosial Təşəbbüskarlıq”, “Təşəbbüs və Yaradıcı Sənayelər”, “Təşəbbüskarlığın strukturu və Yenilənmə”, “İnnovasiya və özəl təşəbbüs layihələri” və “Beynəlxalq Təşəbbüskarlıq”dır. Məhz bu səbəbdən ki, Avstraliyada xeyriyyəçilik tədbirlərindən tutmuş film sektorunun inkişaf etdirilməsinə qədər bütün sahələrdə təşəbbüskarlığı beynəlxalq səviyyədə qiymətləndirən geniş məzmunlu dərs proqramları meydana çıxmışdır.
Dünya universitetlərində bakalavr səviyyəsində təşəbbüskarlıq fənləri iqtisadi və inzibati idarəetmə ixtisaslarında daha çox tədris olunur. Lakin, mühəndislik və əczaçılıq kimi digər ixtisaslarda da təşəbbüskarlıqla əlaqədar müəyyən dərslər tədris edilir. Əczaçılıq fakültələrində dərman məhsulları təşəbbüskarlığı, Aqronomluq ixtisasında istixana təşəbbüskarlığı, Maliyyə ixtisasında isə Maliyyə təşəbbüskarlığı və s. kimi spesifik sahələrə istiqamətlənmiş dərslər buna nümunə olaraq göstərilə bilər.
Qardaş Türkiyə respublikasında da təşəbbüskarlıq dərsi xüsusilə son illərdə çox geniş vüsət alaraq və iqtisadiyyat və idarəetmə fakültələrində məcburi, digər əksər fakültələrdə isə seçmə fənn olaraq tədris edilir. Belə ki, Türkiyənin 100 ən yaxşı universitetindən 77-sində təşəbbüskarlıq fənni tədris edilir, qeyd edək ki, dünya üzrə bu rəqəm 69-dur[1].
Ölkəmizin ali təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti ilə bağlı fənlər tədris edilsə də, təşəbbüskarlıqla bağlı fənlər demək olar ki yox idi. Son dövrlərdə müxtəlif təhsil müəssisələrimizdə bu sahədə müəyyən işlər həyata keçirilməyə başlanması sevindirici haldır.
Azərbaycan Dövlət Aqrar Universitetində də son dövrlərdə aparılan dəyişikliklər nəticəsində tələbələrin istər sahibkarlıq fəaliyyəti ilə bağlı, istərsə də iş dünyasındakı cari vəziyyətlə bağlı məlumatlandırılması istiqamətində uğurlu addımlar atılmışdır. Buna misal olaraq “Tələbə və iş dünyası” klubunun yaradılması, müxtəlif iş adamlarının və dövlət işçilərinin, eləcə də alim və professorların universitetə dəvət edilərək ustad dərslərinin təşkil edilməsi kimi tədbirləri göstərə bilərik. Universitetdə tətbiq edilən yeniliklərdən biri də 2016-2017-ci tədris ili üçün Menecment və aqrar marketinq kafedrasınındərs yükünə “Təşəbbüs və işgüzarlıq” fənninin əlavə edilməsidir. Bu fənnin tədrisi tələbələrimizin yenilikçi ideyalarının və gizli potensialının kəşf edilməsinə kömək edəcəkdir.
Ümid edirik ki, bu tədris ilində yalnız bir ixtisasın tələbələrinə tədris edilən bu fənn gələcəkdə bütün ixtisaslarda tədris ediləcəkdir.