Yəqin hamınız məlum hadisədən xəbərdarsınız. Xəbəri olmayanlar üçün qısa arayış keçim. “Facebook”un (FB) əməkdaşlıq etdiyi şirkətlərdən biri – “Cambridge Analytica” deyilənə görə “Facebook”un da icazəsi olmadan 50 milyon insana aid məlumatlardan Trumpın seçki öncəsi kampaniyası üçün istifadə edib. Bu barədə məlumatı isə ilk olaraq “The Guardian” qəzeti yayımlayıb. İlk 24 saat ərzində FB 6 milyard dollar səhm dəyərini itirib.
Ümumilikdə isə 50 milyard dollar pul itirib. Hətta yayılan xəbərlərə görə, Mark Zukerberq özü də bəzi səhmlərini satışa çıxarıb. Etiraz əlaməti olaraq bir çox şirkətlər “Facebook” səhifələrini, hesablarını bağlayıb. Ötən gün isə oxudum ki, 25 milyon fanı olan “Playboy” da səhifəsini bağlayıb. Bundan öncə isə İlon Maskın “Tesla”nı bağlama məsələsini də bilirsiniz. “Mozilla”, “FireFox”, Almaniyanın “Commerzbank”, “PepBoys” kimi böyük şirkətlər də eyni addımı atıblar. Bir çoxu isə səhifəsini silməsə də reklam aktivliklərini dayandırıblar. “WhatsApp” yaradıcısı Brian Atcon belə tvit ataraq #deletefacebook kampaniyasına qoşuldu.
Əslində bu FB-nin yaşadığı ilk qalmaqal deyil. 2-3 il öncə “Gizmodo” nəşri Zukerberqin işçilərinə məktubunu yayımlamışdı. Daha sonra elə həmin nəşr işçilərin Marka məlumatların güvənli istifadə edilib-edilmədiyini göstərən sualını da yayımlamışdı.
“Cambridge Analitica”nə edib ki?
Nə çıxırsa bu ingilislərin başının altından çıxır. Hər şey 2014-cu ildə “Kembric” professoru Aleksandr Koqanın ABŞ seçicisinin psixoloji portretini müəyyən etmək üçün hazırlanmış anketdən başlamışdı. Hətta bu anketdə iştirak edənlərə 1 dollar ödəniş də edilirdi. 270 min insan iştirak edərək sonda məlum olan məsələyə görə təkcə özü yox, dostluğunda olan hər kəs barədə məlumatı “ötürmüşdü”. Deməli CA-nın saytına baxıram. Elə ilk səhifədə yazılıb ki, biz auditoriyanın davranışlarını dəyişdirmək üçün DATA-dan istifadə edirik. Bunu həm kommersiya, həm də siyasi məqsədlər üçün etdiyini də açıq-aydın yazıb.
Maraqlı bir nüans da diqqətimi çəkdi. CA-nın saytında “Linkedin”, “Twitter”, “Youtube” kanalına keçid var, amma FB kanalı yoxdur, ya da qeyd edilməyib. Adamın lap “yaxşıdırsa, özün niyə istifadə etmirsən?” sualını vermək keçir içindən. 270 min insanın dost-tanışı vasitəsilə 50 milyona çıxıblar yəni. Məlum olub ki, “Facebook”da qarşımıza çıxan məzəli oyunlar, tətbiqlər, nə bilim fallar, bax gör kimə oxşayırsan, heyvan olsan nə olardın, böcək olsan nə olardın tipli anketlərlə məlumatınızı toplayıb Sizin davranışlarınızı müəyyən ediblər.
2015-də olan hadisə niyə indi yenidən gündəm oldu?
Əslində hadisə öncə olsa da birtəhər yatışdırılmışdı. Hər şey isə “Canal4 News”un hazırladığı reportaj səbəb oldu. Bu reportajda CA CEO-su Aleksandr Niks bir şəxsə məqsədə nail olmaq üçün etik və qeyri-etik hər şeyi istifadə edə bildiklərini deyirdi. Aşağıda həmin görüntüyə baxa bilərsiniz. Niks bu videolardan sonra işdən uzaqlaşdırılıb.
Böhran Kommunikasiyasının SHARE modelindən tərəflər necə istifadə etdi?
Deməli, baxıram CA saytında press-relizə. Siz də bu press-relizə baxın. Burada şirkət ona yönəlik ittihamları kəskin rədd edir və bu məlumatı yayan Kris Vayleni “ağ yuyub qara sərir”. Yəni bizim bildiyimiz kriziz kommunikasiyanın SHARE modelinə görə ittihamları iqnor edir, SHARE-in A-sı olan “never try to avoid” mesajına məhəl qoymur.
Baxaq görək Zukerberq nə etdi? İlk öncə yayılmış qalmaqala görə bütün istifadəçilərdən üzr istədi. Bu çox vacibdir. Haqlı olub-olmamağından asılı olmayaraq sənə güvəni sarsacaq nəsə baş veribsə, çıxıb üzr istəyəcəksən. CA ilə əməkdaşlığa son verdiyini, məlumatsız olduğunu və s. dedi. Sonra dəfələrlə türklərin dili ilə desək “sıvamağa” başladı. Məsələn, bu addımı çox xoşuma gəldi. İngiltərənin ən məşhur qəzetlərində reklam yerləri alaraq istifadəçilərindən üzr istədi. Beləliklə, durumdan məyus olduğunu daha çox insana çatdırmaq istədi. Aşağıda nümunəsi Sizə göstərirəm.
Bir az da təəccüblənməmək lazımdır
2 milyard insana xitab edirsənsə, artıq bir çox şeyin kontrolunu etmək təbii olaraq çətinləşəcək. Məcburən və ya könüllü kəşfiyyat xidmətləri ilə əməkdaşlıq da edəcəksən, hətta böyük şirkətlərin dediklərini də qismən edəcəksən. Niyə? Çünki onların sayəsində ildə 40 milyard dollar qazanırsan. Bunun da bir bədəli var təbii... Məsələn, yadınızdadırsa, bir ara FB elan etmişdi ki, insanların rahatlığını və spam xəbərlərdən xilas olmasına nail olmaq üçün media orqanlarına qarşı xüsusi filtrlər tətbiq edəcək. Nə oldu sonu? Böyük media maqnatlar məsələyə qarışandan sonra “yaddan çıxdı”.
Rusiya ilə bağlı məsələni də xatırlayırsınız yəqin. İlk söhbət gəzdi ki, “Facebook” Rusiyada bağlanacaq (necə ki, indi “Linkedin” bağlıdır). Amma sonra Zukerberq Putinlə görüşdü və bağlanmadı. “Ərəb Bahar”ı adlı inqilablarda “Facebook”un ciddi rolu olmuşdu. Təbii ki, bəli məqsədlər üçün istifadə edilir. Bunu heç kim dana bilməz.
Amma açıq şəkildə üzə çıxanda olan şirkətə olur, əsas da pul itirir. İndi Zukerberqi Avropa Parlamentinə hesabat verməyə çağırırlar ki, “gəl və sübut et ki, məlumatlar demokratiya əleyhinə istifadə edilməyib”. Sual olunur ki, bəs biz necə qoruna bilərik? Deyim. Heç cür. Artıq olan-olub. FB də olmasa, bu günün digital dünyasında Sizin hər yerdə məlumatınız var. Əsasən göründüyü kimi siyasi məqsədlər üçün qeyri-etik yollardan istifadə edilir. Siyasətçi də deyilsizsə, çox da vecinizə almayın....
“Facebook” Azərbaycanda bağlansa nə olar?
Heçnə. Yəni heçnə qalmaz. Əslində bütün bunları yazarkən bir anlıq düşündüm ki, Azərbaycanda “Facebook” bağlansa, nələr ola bilər. Gəlin, baxaq nələr ola bilər?
- Məsələn, bu gün Azərbaycanın top 10-luğunda olan saytların trafiki ən az 50%, ən çox isə tamam itər. 10 milyonluq əhaliyə yüzlərlə xəbər saytı düşür. Onların 80% tam bağlanar. Bu da öz növbəsində keyfiyyətli kontentə fokusu artırar. Düzdür, indi də keyfiyyətli kontent ciddi rol oynayır. Amma o halda “həyat-memat” məsələsinə dönər.
- Reklamların qiyməti kəskin qalxmağa başlayar. İldən-ilə ölkənin reklam büdcəsinin əhəmiyyətli hissəsi FB-yə xərclənir. Avtomatik olaraq bu büdcənin bir qismi ümumiyyətlə ləğv olar, bir qismi də alternativlərə və digər ənənəvi mediaya transfer olar. FB və “Instagram”da 3 milyon vətəndaşımız var. Az deyil. Xüsusən Azərbaycan TV və digər media kanallarının zəif, çox da məşhur olmayan vaxtında, etibarı elə də yüksək olmayan vaxtında “Facebook” əvəzsiz məlumat mənbəyi rolunu oynayır. Təbii ki, işi-gücü “Facebook” olan, divarımızı zibilləyənləri demirəm. Onlar nə olur-olsun bir yerdən mütləq çıxacaqlar.
- Müştərilərin səsi bir az “qısılar”. Tək müştərinin yox, elə vətəndaşın da. Çünki indi bizim şirkətlərin bir çoxu gedib “Facebook”da yazacaq, biabır edəcək qorxusu ilə müştəri xidmət keyfiyyətini artırır. İnsanlar sayta girincə, prosedurları keçincə FB-də bir cümlə yazıb “aləmi bir-birinə qata bilirlər”. Bu çox pis olardı. Çünki şirkətlərimiz hələ tam olaraq müştəri ehtiyac və şikayətlərinə operativ cavab vermək iqtidarında deyillər.
- Bir çox “Facebook” qəhrəmanları gözdən itər. Sosial şəbəkə üzərindən satış edən nə qədər şirkət varsa, ciddi zərər görər. Zarafat gəlməsin, adam tanıyıram “Instagram”dan aylıq 4-5 minlik mur-muncuq satır.
Amma mən düşünmürəm ki, onu bağlamaq kiminsə marağındadır. Əksinə istər iqtisadi, istər siyasi sərfəlidir. Baş qarışır... Hər gün “Facebook”dan çıxıb evə gedənlər”in halı çox pis olar? Bəlkə də yaxşı olar. Öz üzərlərində ciddi işləyər, işə daha çox fokuslanarlar. Ümumən isə “Facebook” ondan ağıllı istifadə etməyi bacaran üçün ideal platformadır. Çox böyük məsələlərə isə baş yormaq lazım deyil. Cem Yılmaz demiş bizim b...klu hesabımız heç kimə lazım deyil.
Corc Oruel deyirdi ki, “keçmişə nəzarət edə bilirsənsə, gələcəyə də nəzarət edə bilərsən”. “Facebook” adamın az qala son 10 ildə nə etdiyini, nə içdiyini, içəndə yanında nə var idi, kim var idi, nə geyinmişdi kimi suallar soruşursa, təbii ki, bir gün itsəniz hara gedəcəyinizi də təxmin edə bilər. Çox da narahat olmayın. Salam Sarvan demiş “darıxmayın, düzəlməyəcək”... Çox gözəl platformadır, istifadə edək.