Marketing AİR təlimlərində mövzularımdan biri də “Reklamda psixoloji motivasiya qaynaqları”dır. Yəni, bizi alışa sövq edən psixoloji amillərdən söhbət açırıq. 5 əsas amildir, amma onların içində ən güclüsü QORXU faktorudur. Bəli, bu gün biz bir çox məhsulları sırf daxili və ya xarici “qorxularımız” səbəbindən alırıq. Başqa sözlə desək, bəzən də “bizi qorxudub məhsullarını satırlar”.


Təbii ki, deyə bilərsiniz ki, qorxub alırıqsa, o məhsulu sevə bilərikmi? Bilərik, əlbəttə. Ziyanlı olduğunu bilə-bilə siqarət çəkiriksə, o niyə olmasın. Zarafat bir tərəfə QORXU üzərindən məhsul satmaq çox çətindir. Nümunə kimi desəm ən birinci SIĞORTA məhsullarını deyərəm. Çünki burada dolayı yolla sənə deyirlər ki, “almasan filan-filan cür bədbəxt hadisələr baş verər”. Sən də “qorxub” alırsan. Amma reklamda qızıl qayda var ki, gərək neqativi də sırf neqativ kimi göstərməyəsən, neqativ ifadələrdən istifadə etməyəsən. Bəs onda bu sığortaçılar neynəsin?! Nə desin?


Gələcəyi görə bilməsənizdə, ona hazır olmaq olar!


Bu yazıda mən Sizinlə bir az sığorta bazarının çətinliklərindən, bir az da sığorta ilə bağlı yaşadağım “təcrübələrdən” danışmaq istəyirəm. Sığorta reklamlarına fikir versəniz görərsiniz ki, az qala bütün reklamlarda real həyatla ola biləcəklər arasında müqayisə aparılır. Axırda da seçimi sənə buraxır. Məsələn, velosiped sürən işıqforda gözləyir. Bir anlıq fikrə dalır, elə zənn edir ki, qırmızıdan keçir və bunu avtomobil vurur. Sonra nə olursa, (guya :)) qardaş ayılır və düşünür ki, nə yaxşı ki, həyat sığortası var.


Ona bir şey olsa, ailəsini təmin edə biləcək. Gördüyünüz kimi gələcəkdə ola biləcək faciəni birbaşa Sizə demir ki, “al, yoxsa ölə bilərsən” Deyir ki, hazır ol, həyatdı hər şey ola bilər. Məşhur ədibin dediyi kimi, “biz gələcəyi görməyə bilərik, amma ona hazır ola bilərik”. Həqiqətən də belədir. Hazırlıqlı olmaq insanı çox rahatladır. Sığorta məhsullarının reklamı bu baxımdan həm çətindir, amma həm də vacibdir.


Rahatladır demişkən Sizinlə şəxsi başıma gələn bir-iki sığorta hadisəsini danışım. Siz də baxın ki, sığortalanmaq niyə yaxşı şeydir. Əvvəla onu deyim ki, səhv etmirəmsə, Kasko Butikin təqdimatında bir fikir səsləndi ki, Azərbaycanda avtomobillərin çox böyük əksəriyyəti 2-ci qəzadan sonra sığortalanırlar. Yəni, heç bir qəza olmadan sığortalanmır, elə bilir hamı avtomobili əzə bilər, amma bunun avtomobilini niyə əzsinlər ki. Ehtimal vermir. Sonra qəza olur 2-ci dəfə və gedir sığortalanır. Məsələn, əvvəlki işimdə bahalı bir avtomobilin sığortası bitmişdi. Həmin gün yeniləmədilər ki, 2-3 günə edərik. Tərslikdən də işıqforda dayananda binadan daş parçası düşdü avtomobilin üstünə. Yəni, lotoreya kimidir, olmaya da bilər. Amma olsa necə? Bax, buna görə sığortalanmaq vacibdir. Həyatınızla lotoreya, rus ruleti oynamağa dəyməz.


Başıma gələn “maraqlı” qəzalar


2010-cu ildə yeni avtomobil sürən vaxtlarımdı. Gənclikdə indiki kimi dairə ayrılmamışdı. Stadion tərəfdən gələnlər dairəyə çatıb Xoyskidən gələnləri buraxıb sonra Atatürk prospektinə girə bilirdilər. Mən də bir az “burnumu” irəli çıxarıb dayanmışdım ki, uzaqdan xanımın idarə etdiyi avtomobil birbaşa gəlib avtomobilə dəydi. Elə böyük səs çıxdı ki, dedim indi əzik-əzik olub hər şey. Arada bəxtim gətirir. Bu dəfə də qabaq təkər dönülü vəziyyətdə olduğu üçün qarşı tərəfdən gələn birbaşa təkərimə dəyib geri gedib.


Məndə təkər və disk əyilmişdi. Onda isə fara falan hər şey qırılmışdı. Çox qorxmuşdüm, xüsusən biləndə ki, xanım hamilədir həm də. İlk dəfə qəza edənlər yaxşı bilər. O anda nəsə olur və sən sadəcə donub qalırsan, bilmirsən nə edəsən. Təbii ki, mən bunu düşünənə kimi xanım sağ olsun, 102-yə xəbər vermişdi. Avtomobilin kreditdə olan vaxtında təxminən 1000 manata yaxın da ziyana düşmüşdüm.


O hadisədən sonra dedim 100% sığortaladacam. Çünki polis gəlir, bilmirsən özünü necə aparasan. Dj Turala da qulaq asmırdım o vaxt ki, hüquqlarımı daha yaxşı bilim. Yadıma gəlir, hadisə vaxtı avtomobildə arxada yalan olmasın 15-20 kitab vardı oturacağın üstündə. Polis baxdı dedi ki, oxumusan bunları? dedim hələ yox. Dedi hə, oxusaydın qəza eləməzdin. Öz aləmində o da söz soxub getmişdi. Heyf deyil, ondan sonra sığortalatdım. Birinci başladım bir az ürəkli sürməyə, ikinci də narahat olmadım ki, gözlənilməz xərclər büdcəmə zərər verə bilər. Ən əsası isə polis çox girişmir söhbətə. Biləndə ki, avtomobil sığortalıdır bilir ki, sığorta şirkəti hər şeyi edəcək ki, qanuni olsun. 2-3 il sığortalı rahat şəkildə gəzdim. Bir gün də bağdan şəhərə gələndə 120-lik yolda qabağıma it çıxdı.


Başım da telefona qarışmışdı ya nə, bir də ayıldım ki, itə dəymək üzərəyəm. Tez sükanı itin hərəkətinin əks tərəfinə döndərdim, tərslikdən it də dayanıb geri getdi. Yəni, ikimiz də eyni tərəfə istiqamətləndik. Bu dəfə geri qaytaranda sükanı artıq sükan o sükan deyildi, əlimdən çıxmışdı, özü hara istəsə ora gedirdi.


Sonrada öyrəndim ki, 120-130 metr sağa-sola sürüşə-sürüşə getmişəm, daha sonra ortada yolayrıcının üstünə çıxıb kinolardakı kimi fırlanıb düz üstə yenə qarşı yola düşmüşəm. Açığı mənim xatırladığım ancaq bir anlıq asfaltı önümdə görmək idi. O an başa düşməmişdim ki, asfalt yerdə olur, qabağıma niyə çıxıb. Sən demə avtomobil böyrü üstə havaya qalxıb fırlandığı üçün asfaltı görmək “şansım” yaranıb. İnanmazsanız, amma yenə bəxtim gətirmişdi, Allah qorudu. Sən demə yol ayrıcına dəyəndə ilk dəyən bu dəfə dartqı qurğusu olub, o da dəmir olduğu üçün yolayrıcı betonu qırıb və qabaq təkərlər betona dəyəndə avtomobil havaya qalxıb.


Kənarda daş satan kamazlar var idi. Qaça-qaça gəldilər ki, müəllim (qalstukda idim deyə müəllim dedilər yəqin) kino çəkirsiz? Dedim nə kino, telefon düşdü yerə kömək edin tapım. İnandıra bilmədim ki, kino zad deyildi, fırlandım sadəcə yerə düz düşdüm. Sonra polis gəldi o da inanmadı. Bir-iki “sən öl”dən sonra baxdı ki, avtomobildə qan izi zad yoxdu, protokol yazdı getdi. 4 təkərin 4-ü də partlamışdı, disklər də əzilmişdi, amma kuzaya cızıq da düşməmişdi. Qismət.


Açığı çox qorxmamışdım. Qarşı yola çıxanda sən demə qabağımdan sürətlə kamazlar da gəlib keçib, görməmişəm. Yenə sığorta sağ olsun, apardım, 4 disk-təkər hamısı dəyişdi, avtomobilə ümumi baxış, köhnədən qalan bir-iki problemi də qəzanın gözünə qatıb düzəltdirdim. Bir qəpiksiz. Çox cüzi franşizam var idi. Bir tərəfdən Allaha şükr etdim ki, salamatlıqdı. Digər tərəfdən isə minimum zərərlə çıxdığım üçün sevinirdim. Çünki olmasa-olmasa 2000-3000-lik iş görülmüşdü. İndi yadıma düşdü ki, qabaq şüşəni də dəyişdirmişdim. Amma dəqiq bilmirəm qəza vaxtı olmuşdu, ya yox.


Amma bir dəfə də sığortam yox idi və mən öküz vurmuşdum. Xeyli əsəb, vaxt itkisi və pul itirmişdim. Ondan sonra özümə söz verdim ki, sığortasız avtomobil idarə etmərəm. Düzdü sığorta ilə bağlı görüləcək işlər də çoxdur. İnsanların inamını geri-qaytarmaq lazımdır. 3 adamdan 2-ni dindirsən deyir ki, “əşşi gəlir səni günahkar çıxarır gedirlər” Ya zəlzələdən, ya vəlvələdən bu fikir bu gün hakimdir. Üstəlik də çoxlu kağız-kuğuz işləri adamı yorur.


Əslində sığortaçı səninlə qəza zamanı ilk danışığına diqqət etməlidir. Birinci ona görə ki, sən qəza törətmisən və təbii olaraq buna görə məyus və əsəbisən. O halda bir az anlayışlı davranmaq lazımdır. Həmin anda sürücünü günahkar çıxarmağa cəhd mübahisə və dava ilə belə yekunlaşa bilər. Özünüzü sürücünün yerinə qoyun yetər. Sonra isə sığortada qayda var da – 5-dən al 1-nə ver. Ver də, qardaş. Bir nəfəri incitməklə əslində xeyli potensial müştəri itirirsən. Sonra da deyirsiz ki, satış yoxdur.


Müsəlmanın o günü, o dəfə yeni sığorta məhsulu olan Kasko Butikin təqdimatındaydım. Adamlar hər şeyi online ediblər. Məsələn, sığortaçının “nervinni” sifətini görmürsən. Girirsən sayta, sənə lazım olanı seçirsən bitir. Çox qurdalamamışam, amma yaxında test edəcəm mütləq. Qısacası dostlar, sığortalanın, rahat yaşayın. Həyat onu səksəkədə keçirəcək qədər uzun deyil. Qoy uzun olan təkcə ömrünüz olsun


Növbəti dəfə daha faydalı olmaq ümidi ilə...