Facemark.az-ın Nar-ın marketinq araşdırmaları meneceri Tural Həsənov ilə olan müsahibəsi:


- Tural bəy, marketinq sektoru ilə bağlı ən son araşdırdığınız mövzu nə olub?


Sonuncu araşdırmanı biz keçən ay həyata keçirmişdik. Araşdırmanın məqsədi Azərbaycanda fəaliyyət göstərən həkimlərin sorğusu nəticəsində onların müəyyən mövzular üzrə fikirlərini bilmək və müəyyən məhsulların bazar payını öyrənmək idi. Bu məlumatlar bizə sifarişçi şirkət üçün növbəti illər ərzində hansı sahələrə daha çox yönəlməsi və nəticədə satışların artırılması üçün hansı addımların atılması kimi suallara cavab verməyə imkan verdi. Hazırda geyim və mebel sektoru üzrə araşdırmalar həyata keçiririk.


- Ən son araşdırdığınız mövzuda ən yaddaqalan nüans hansıdır?


Qeyd etdiyim kimi həkimlər arasında sorğu həyata keçirmişdik. Ən çox yadda qalan isə o fakt oldu ki biz bilməzdik ki, həkimlərin fikrini öyrənmək bu qədər çətin olacaq. Həkimlər respondent kimi çox çətin dilə gətirilən insanlardır.



- Hansı bazarın araşdırılması zamanı çətinliklə qarşılaşmısınız?


Biz sifarişçi şirkət üçün onun yeni məhsulunun qablaşması konseptini testləşdirirdik. Bunun üçün sıravi vətəndaşlar arasından toplanmış respondentlər ilə fokus qrup həyata keçirdik və hazırlanan qablaşma prototipləri onlara nümayiş etdirilməklə fikirlərini öyrəndik. Lakin bu proses zamanı respondentlər arasında elə güclü mübahisələr baş verdi ki, az qala konflikt yaranacaqdı. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı.


- Marketinq, araşdırmaya yönəlmək istəyən şəxslər hardan başlamalıdırlar?


Öncə strateji marketing sahəsini daha yaxşı bilməlidirlər. Çünki araşdırmanın əsas məqsədi məlumatların toplanılmasını həyata keçirməklə, onların əsasında müəyyən insightların, yəni vacib fikirlərin müəyyən edilməsidir. Bu idealar artıq şirkətin ümumi strategiyasında və ayrıca sahələrində istifadə edilməlidir. Araşdırma keçirmək çətindir, lakin araşdırma nəticəsində faydalı məlumatlar incələmək daha da çətindir.


- Azərbaycanda araşdırmaya yönəlik təhsil varmı?


Xeyr, təəssüf ki marketinq araşdırmalarına yönəlik ali bakalavr təhsili yoxdur. Araşdırma haqda marketinq ixtisaslarına yönəlmiş tələbələr məlumatlar alır, onlara bu sahədə bir neçə mühazirələr oxunur. Lakin Azərbaycanda yaşayan tələbələr və magistrlar, eləcədə marketinq sahəsində çalışan şəxslər treninq və seminarlardan faydalana bilərlər. Ölkədə araşdırma sahəsində güclü kadrlar mövcuddur.


- Qlobal araşdırma şirkətində çalışmaq sizin peşəkar karyeranızda nə kimi rolu olub?


Öncə araşdırma sahəsini daha da dərindən öyrənmək imkanı əldə etdim. Araşdırma üzrə güclü teoretik və praktiki biliklərin mənimsənilməsi və beynəlxalq peşəkar kollektivdə çalışmaq da qazandıqlarım arasındadır.


Mən beynəlxalq şirkətlərdə 10 il əvvəl çalışmağa başlamışdım və həmin zamanlar sektorda marketinq araşdırmaları güclü yayılmamışdır. Bizim əsas sifarişçilərimiz beynəlxalq şirkətlər və iri korporasiyalar, beynəlxalq təşkilatlar idi. Onlar da bizdən məlumat alırdılar. Biz onların təcrübəsindən faydalanmağa çalışırdıq.


- Yerli və əcnəbilərdən kimlərin araşdırmalarını bəyənirsiniz?


Yerli bir çox araşdırma şirkəti mövcuddur. Onların hamısı ilə tanışam, lakin yalnız bir neçə şirkətin işinə və peşəkarlığına inanıram. Çünki araşdırma işinin əsası məlumatın toplanılmasıdır. Başqa sözlə desək, sahə işidir. Qalan digər araşdırma stadiyaları nisbətən asandır. Eyni zamanda, Azərbaycanda təəssüf ki, toplanılan məlumatlardan güclü insight tapıb təqdim edən şirkətlər yoxdur. Xaricdə isə Qantar TNS, İPSOS, GFK, Nielsen və s.



- Araşdırmadan sonrakı nəticə, nə qədər obyektiv olur?


Əgər araşdırma tam düzgün həyata keçirilibsə - son dərəcədə obyektiv olur. İstənilən araşdırmanın əsas mərhələsi məlumatların toplanılmasıdır. Odur ki əsas diqqət məlumatların toplanılması mərhələsində yetirilməlidir.


- Sizcə, Azərbaycanda marketinqinin araşdırılmamış hansı sahələri var?


Ümumiyyətlə, bütün şirkətlər araşdırma həyata keçirdikdə məlumatları gizli saxlamağa çalışır. Bu səbəbdən dəqiq demək olmaz. Lakin elektronika sahəsi mən bildiyimə görə nisbətən az araşdırılıb. Həmçinin, biznes nümayəndələrindən ənənəvi olaraq məlumatların alınması çətin olur. Odur ki “Business-to-business” (B2B) araşdırmalarda həyata keçirilmir.



- 9 illik araşdırma təcrübənizə dayanaraq belə sual ünvanlamaq istədim sizə. Bu gün Azərbaycan marketinqi necə görünür?


Düşünürəm ki, bu gün Azərbaycan marketinqi uzun və uğurlu bir yolun başlanğıcındadır. Son zamanlar bildiyimiz kimi bazar şəraiti dəyişib, şəffaflaşıb. Şirkətlər müxtəlif və daha effektiv marketinq kampaniyalarını həyata keçirməyə üstünlük verirlər.