Facemark.az-ın peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayev ilə olan müsahibəsini təqdim edirik.


- Fəxri bəy, Milli Marketinq Forumu 2018-in (MMF2018) keçirilməsinə sayılı günlər qalıb. Adətən deyirlər ki, MMF son bir il ərzində marketinq sektorunun analizi rolunu oynayır. Sizə görə, bir ildə adıçəkilən sektorda hansı dəyişiklər baş verib?


Ümumi biznesdə, iqtisadiyyatda, idarəçilikdə, istehlakçı və müştərimizin davranışlarında ciddi dəyişiklik baş verib.


Bu gün müştərimiz daha rasional, tələbkar, haqqlarını bilən insanlardır. Müştəri daha öncələr olduğu kimi, ya qiymətə, ya da keyfiyyətə önəm vermir, onlar tələb edir ki, qiymət və keyfiyyət anlayışları doğru nisbətdə olsun. Bundan əlavə yüksək xidmət də tələb edirlər. Biznesdə dəyişən bir neçə istiqamət var.


Məsələn, bu gün müştərilər biznesin inkişafına istiqamət verir. Şirkətlər tələbkar müştərilər qarşısında başa düşürlər ki, türkəçarə dövri bitib. Reklam, marketinq, merçendayzinq, PR, müştərilər ilə emosional əlaqələrin qurulmasında belə elmi yanaşma olmalıdır. Adıçəkilən məsələlərə şirkətlər daha ciddi yanaşırlar və bu sahənin peşəkarlarını işə cəlb edirlər. Bu qaçılmaz prosesdir. Düşünürəm ki, bu proses növbəti dövrlərdə də davam edəcək.


- Bilirsiniz ki, Milli Marketinq Forumu (MMF), Digital Marketinq Konfransı (DMC) kimi tədbirlər “networking”in qurulması baxımından vacibdir. Fəxri bəy, networkingin əhəmiyyətindən danışaq. Networking niyə vacibdir və yeni tanış olduğumuz insanlarla əlaqəni necə itirməmək olar?


Düşünürəm ki, 35 yaşdan sonra peşəkarın ən böyük sərmayəsi sosial sərmayədir.


Əslində, “networking”i proses kimi görmək lazımdır. Bir insanla tanış olmaq, təşəbbüs göstərmək vacibdir, amma yetərli deyil. Yeni insanlarla tanış olduqdan sonra, adətən tövsiyə edərdim ki, əlaqələr ancaq tədbirdə tanışlıqla məhdud olmasın.


- Amma gəlin etiraf edək ki, insanların çoxu yeni tanışlıqlara loyal baxmırlar. Hətta onlara sosial platformalar üzərindən dostluq təklifi göndərdikdə sizə mesaj olaraq “Axı, siz məni tanımırsınız niyə dostluq atırsınız?” olur. Bu halda nə etmək lazımdır?


Müşahidlərimə görə, biznesdə olan 100 nəfərdən 90-nəfəri yeni dostluqlara loyal yanaşır. Biz yerdə qalan 10 nəfərə görə, qazana biləcəyimiz 90 nəfər dostu qurban verə bilmərik. Əslində insanlar tanış olma təşəbbüskarlarını təqdir edirlər və tanışlıqlara açıqdırlar.


- Azərbaycan biznesində ən böyük problem nədən ibarətdir?


Bu gün bizim xaricdə oxumuş xeyli sayda gənclərimiz var. Köhnə komandalardakı yaşlılar həmin gəncləri qəbul etmir, onları özlərinə təhlükə kimi görür, onların işləməsinə imkan vermirlər.


Düşünürəm ki, Azərbaycan biznesində ən böyük problemlərdən biri ünsiyyət problemidir. Yaşlı, təcrübəli, amma müasir bilikləri olmayan insanların gənclər ilə kommunikasiya problemi var. Gənclərimiz Avropa ölkələrində, ABŞ-da, Avstraliyada təhsil alır gəlir, amma 2 ay bir yerdə işləyə bilmir. Ya şəraitə uyğunlaşır, biliklərindən istifadə etmir, ya da zamanı ancaq mübarizədə keçir.


- Azərbaycanın ümumi biznesi və marketinqin gələcəyini necə görürsünüz?


Əslində, çox yaxşı. Biz Azərbaycanlılar çox zəhmətkeş, çox işləyən, nəticələrə fokuslanmış millətik. Bizə SSRİ dövründən yetirilən bəzi streotiplər çox pis təsir edib. Biz özümüzə və bir-birimizə dəyər verməyi öyrənməliyik. Diqqət edin, xaricdə bir nəfər çox bəsit kitab yazanda bizdə onu tərifləyirlər, bizim mütəxəssislərin yazdığı kitabları oxumadan belə tənqid edirik.


Buna əlavə olaraq, 20 illik yeni müstəqillik qazanmış bir millətin peşəkar uğurlarını, Avropa və Amerikanın müqayisə etmək nə qədər doğrudur?


Düşünürəm ki, Azərbaycanda baş verən proseslər kifayət qədər normaldır. Bu günün uğurlu ölkələri, inkişaf etmiş ölkələrinin hamısı bu proseslərdən keçib. Bizim Azərbaycanı bəyənməməyimiz bilgisizliyimizdən qaynaqlanır. Bilmirik ki, digər ölkələr, digər şirkətlər bütün bu yolları keçib.


Bu gün 400 milyard dollarlıq dövriyyəsi olan “Walmart” marketlər şəbəkəsinin qurucusu Sem Volton (ing. Sam Walton) öz kitabında marketlər şəbəkəsini necə sıfırdan qurduğunu, bu yolda necə əziyyət çəkdiyini və hansı mərhələlərdən keçdiyini yazır. Yəni, “Walmart” birdən birə 400 milyard dollarlıq dövriyyə əldə etməyib. O inkişaf edibsə, biz də o inkişaf yolunu gedirik. Bir az səbrli olmaq lazımdır.


- Niyə Azərbaycanda yerli mütəxəssislərin peşəkarlığına “aşağıdan yuxarıya” baxırlar?


Bu, əslində SSRİ dövründə qalan ənənədir. SSRİ dövründə bizim iki növ kolbasa seçimimiz var idi. Bütün ölkədə hamı eyni və bir geyim tərzində idi. Xaricdən gələn hər şey isə keyfiyyətli, rəngli və daha gözəl olurdu. Bu, düşüncə tərzi də hələ də bizdə qalıb. Təəssüf ki, sahibkar və müştərilərimiz başa düşmür ki, xaricdən gələn hər şey yüksək keyfiyyətdə ola bilməz.


Bizim yerli mütəxəssislərimiz, məhsullarımız xaricdən gələnlərdən bir çox məqamlarda qat-qat yüksək və daha yaxşıdır. Tibb, biznes, insan resursları sektorunda dünya səviyyəli mütəxəssislərimiz var. Düşünürəm ki, zaman keçdikdə biznesimiz yerli kadrların dəyərini anlamağa başlayacaq.


- Azərbaycanda iş tapmağın çətinliyi nədən ibarətdir?


Əslində, Azərbaycanda iş tapmaq məsələsi hər iki tərəf üçün çətindir. Bəzən şirkətlərimizin çox absurd tələbləri olur. Digər tərəfdən işaxtaranlar, idarəçilər də bəzən lazım olan xüsusiyyətlərə malik olmurlar. İki il öncə holdinqlərin birində çalışdığım vaxt idarəçilər axtardığımız ilə bağlı elan vermişdik. Yazmışdıq ki, yetişdirmək üçün gənc idarəçilər axtarırıq. Tələblər ilə bağlı yazmışdıq ki, ali təhsil, xarici dil, təcrübə lazım deyil. Ali təhsil ona görə vacib tələb kimi qoymadıq ki, çünki yerli təhsil hələ də yüksək səviyyədə deyil. Əgər İqtisadiyyat fakültəsinin məzunu Meynard Keynesin kim olduğunu bilmirsə, bu insanın təhsil almadığını düşünürəm. Düzdür, diplomu ola bilər, amma təhsili yoxdur. Sadəcə 4 il ərzində imtahandan imtahana oxuyub. Müşahidələrimə görə, elanlarında xarici dil bilən işçi axtaran şirkət rəhbərlərinin yaxın 100 ildə Avropa ölkələri ilə yaxından və uzaqdan əlaqəsi olmayacaq. Onlar status xətrinə istəyirlər ki, şirkətlərində ingilis dilini bilən işçi çalışsın.


Təcrübəyə gəldikdə isə, düşünürəm ki, təcrübə nisbi anlayışdır. Bir insanın 5 illik təcrübəsinin olması o demək deyil ki, həmin işçi ildən ilə inkişaf edib. Ola bilər ki, insan ilk 3-4 ay ərzində işi öyrənib, qalan illər ərzində isə eyni işləri vərdiş kimi davamlı olaraq icra edib.


İnsanlar tərəfindən baxsaq, düşünürəm ki, bizim gənc və orta yaşlı idarəçilərimizin ən böyük sıxıntısı odur ki, öz üzərlərində işləmirlər, özlərini inkişaf etdirmirlər.


Təcrübə onu göstərir ki, 100 nəfər işaxtarandan 90 nəfərdən çoxu özləri haqqında sistemli, məntiqli, yaddaqalan məlumat verə bilmirlər. Öz uğur və naliyyətlərini, şəxsi keyfiyyətlərini başa sala bilmirlər. Əslində, bu gün Azərbaycanda iş var. Mənim müştərilərim olan şirkətlərdə vakansiyalar mövcuddur. Birinci, biz axtarığımız keyfiyyətdə insanları tapmaqda çətinlik çəkirik. İkinci, insanlarımız adətən inkişaf etməməklə bərabər, təşəbbüskar da deyillər. Əksər insanlar dərhal rəhbər olmaq istəyir, səbrsizdirlər. Amma unudurlar ki, peşəkar karyera illər ərzində qurulur.


- Şirkət rəhbərləri işçilərin seçilməsi zamanı hansı nüanslara fikir verməlidirlər?


Bu gün Azərbaycanda rəhbər çoxdur, amma idarəçi azdır. Problemlər də ordan başlayır. Çünki, rəhbər olmaqla, idarəçi olmaq ayrı-ayrı anlayışlardır. Şirkət rəhbərlərinə şiddətli tövsiyə edirəm ki, qohumbazlıq, dostbazlıq, yerlibazlıq kimi məsələlərdən uzaq dursunlar. Bu gün Azərbaycan biznesində qohumbazlıq, dostbazlıq, yerlibazlıq varsa, heç bir inkişafdan danışmaq olmaz.


Həmin insanların işə seçilməsi zamanı sadaladıqlarımız həmin şəxsin peşəkar keyfiyyətlərindən, biliklərindən öncə gəlirsə, bu artıq problemdir. İkinci düşünürəm ki, rəhbərlərimiz, idarəçilərimiz insanları dəyərlərinə görə seçməlidirlər. Mənim həmin şəxslə dəyərlərim eynidirmi? Müştəri mənim üçün ön pillədədir. Baxaq görək işə götürmək istədiyimiz şəxsin də düşüncələri mənim kimidirmi? Çünki biz bütün işçilərimizə kamera taxa bilmərik, onları kamera ilə müşayiət edə bilmərik. Amma 200 nəfər əməkdaşımız, hər gün 5000 nəfər müştəri ilə görüşürsə, hər bir insanın içində də dəyərlərindən ibarət kamera olmalıdır.


- Niyə, rəhbərlər işçilərin səhvlərinə dözülməz yanaşırlar?


Düşünürəm ki, şirkət rəhbəri hər nə qədər savadlı, dünyagörüşlü, bilikli olsa da onun, savadı 200 nəfər əməkdaşının savadından, biliklərindən üstün ola bilməz. Rəhbərlərə şiddətlə tövsiyə edirəm ki, əlinizdə olan beyin potensialından istifadə edin. Məsələn, sizin 200-300 nəfər əməkdaşınız varsa, ayda bir dəfə də olsun onlar ilə dəyirmi masa ətrafında toplaşın, müzakirələr aparın. Məsələn, biznesimi necə inkişaf etdirə bilərəm?, Xərclərimiz necə aşağı sala bilərəm? və s.


İkinci, heç bir rəhbər, heç bir idarəçi, heç bir sahibkar öz satıcısından yaxşı satıcı, marketoloqundan marketinqi, reklamçıdan reklamı və digər mütəxəssislərdən onların sahəsi qədər bilmək şansı yoxdur. Hər şirkətdə insan sayı qədər, potensial itkisi var.


Ona görə də, düşünürəm rəhbərlərimiz, şirkət sahibləri birinci insanlara o potensialı üzə çıxartmaq şansı verməldir. İkinci, insanları səhvləri və nəticələrinə görə deyil, səyləri və təşəbbüslərinə görə dəyərləndirməlidirlər. Məsələn, kiminsə bir gün hansısa təşəbbüsü səhv nəticə verə bilər, amma biz onu nəticəyə görə mühakimə etsək, o bir daha təşəbbüs edib, doğru nəticələr çıxartmayacaq.


- Vaxtın idarəedilməsi ilə bağlı gənclərimizə nəyi tövsiyə edərdiniz?


Mənim vaxtın idarəedilməsi ilə bağlı üç məsləhətim var. Birinci, insanın məqsədləri olmalıdır, əgər məqsədləriniz varsa, gün ərzində hansı işləri birinci və ya sonuncu görəcəyinizi planlaşdıra bilərsiniz. Məsələn, özünüzə sual verə bilərsiniz. Bu insanla, şirkətlə görüş məni məqsədimə aparır yoxsa yox, qarşımdakı zaman oğrusudurmu? İnsanın gündəlik, həftəlik, aylıq planları olmalıdır. Həmin planlar da sizi məqsədlərinizə doğru aparmalıdır. Məsələn, yeni dil öyrənmək istəyirsinizsə, gündəlik 10 yeni söz öyrənməlisiniz, bu sizə ayda 300 yeni söz, ildə isə 3000-dən çox yeni söz qazandıracaq. Üçüncü zamanın idarəedilməsində idarə gücü və disiplin olmalıdır. Biz çox gözəl planlar qura bilərik, amma onu reallaşdırmaq, məqsədlərimizə çatmaq üçün iradə gücü və disiplinimiz olmalıdır.


- İstər adi həyatda insanlar olsun, istərsə də biznesdə neqativ insanlarla necə başa çıxmaq olar?


Birinci, neqativ insanlarla mübarizə vəziyyətindən qaçmaq lazımdır. Biz özümüz çalışmalıyıq ki, əgər qarşısını ala biliriksə, bizə neqativ məlumat gəlməsin. Məsələn, diqqət edin ünsiyyətdə olduğumuz elə insanlar var ki, onlardan ayrılırıq, amma özümüz də fərqində olmadan 2 saat üzərimizdə ağırlıq olur. Biz səbəbini müəyyən edə bilmirik. Əslində isə bu həmin neqativ insanın bizə təsiridir.


Bəzi hallarda mən həmin insanları yanğınsöndürən deyirəm. Onlar içimizdəki böyük məqsədlərə gedən atəşi söndürən insanlardır. Məsələn deyirlər, “bu alınmaz!”, “bizdə mümkün deyil!”. Birinci biz çevrəmizdə olan həmin neqativ insanları müəyyən etməliyik. İkinci isə, onlar ilə ünsiyyətdə kontakt nöqtələrindən uzaq durmalıyıq. Məcburuqsa, başa düşməliyik ki, əgər qarşımızdakı hər şeyə neqativ reaksiya verirsə, problem onun özündədir. Mən həmişə yaşlı, gənc idarəçilərə deyirəm ki, əgər kimsə sizi incitməyə çalışırsa, neqativ ötürmək istəyirsə, ona xoşbəxtlik arzu edin!. Çünki o xoşbəxt olsa heç vaxt ətrafına mənfi emosiyalar saçmaz.


- Sonda oxucularımıza demək istədiyiniz nəsə varmı?


Əlavə demək istədiyim odur ki, bu gün Azərbaycanda bizim bir-birimizə çox böyük dəstəyə ehtiyacımız var. Biz yaşlı nəsil, 40 yaşın üzərində olan insanlar gənclərimizə çox ciddi dəstək olmalıyıq. “Gənclər bizim gələcəyimizdir!” sözləri sadəcə sloqan olmamalıdır. Gənclərimiz bu gün niyə yaşlı nəslə inanmır? Çünki yaşlılar gənclərə etmə dediyi şeyləri özləri edirlər. “Siqaret çəkmə!” deyənin özü siqaret çəkir, “sağlam həyat tərzi yaşayın!” deyənlərin özlərinin çəki problemi var, “oxuyun!” deyənlər bəlkə də özləri son 15 ildə bir kitab açıb oxumayıb.


Düşünürəm ki, Azərbaycanda bütün proseslər normaldır. Sadəcə səbrli olmaq lazımdır. Və Azərbaycanın ümumi inkişafı, hər bir Azərbaycanlının inkişafına bağlıdır.


Ülviyyə Əlizadə