Facemark.az Milli Marketinq Forumu (MMF2018) çərçivəsində Mediamark Agentliyinin direktoru, MMF2018-in Rəqəmsal marketinq panelinin spikeri Orxan Rzayevə suallarını ünvanlayıb.
Orxan bəy, bu gün haqqında məlumatı olan da olmayan da kriptovalyutadan danışır. Axı kriptovalyuta nədir? Kriptovalyuta puldur, yoxsa investisiya kapitalı?
Virtual puldur.
Bəs arxasında aktivlər dayanır axı?
Yox, əslində elə deyil. Məsələn, dollar bir kağız parçası olsa da, cəmiyyət tərəfindən pul kimi qəbul olunur və dəyər qazanır. Yaxud da qızıl kimi. Məhduddur və insanlar tərəfindən qəbul olunur deyə, dəyər qazanır. Əslində kriptovalyutaya da bu prizmadan baxmaq lazımdır. Kriptovalyutanın əksər növləri, məsələn, bitcoin məhdud saydadır. Ümumilikdə bazara 21 milyon bitcoin çıxarılması nəzərdə tutulub ki, bunun artıq 16 milyonu faktiki olaraq bazardadır.
Bitcoinin sayının məhdud olması və ciddi orqanlar tərəfindən qəbul olunmağı onu dəyərli edir və qiyməti də buna müvafiq olaraq yüksəlir və azalır. Yəni, buna görə kriptovalyutaya virtual pul deyə bilərik.
Uzun müddətdir ki, dünya bazarında kriptovalyutanın qiyməti ilə bağlı xəbərlər dolaşır. Bəzi ekspertlərin fikrincə, kriptovalyutaya investisiya yatırmaq pul itkisinə səbəb olacaq, amma digər qism analtiklər isə bu düşüncədədir ki, əksinə uzunmüddətli perspektivdə kriptovalyutanın istənilən növü gəlir gətirəcək. Hətta bəzi ölkələrdə kriptovalyutanın pul vasitəsi kimi istifadə edilməsini qadağan edirlər. Sizin fikrinizcə, Azərbaycan bazarında kriptovalyutanın istifadə olunması leqallaşacaqmı və ölkəmiz öz kritovalyutasını dövriyyəyə buraxa bilərmi?
Hazırda dünyada minlərlə kriptovalyuta növləri var və istifadə olunur, üzərində sistemlər qurulur. Bir çox ölkələr hələ də buna ehtiyatla yanaşır. Hətta qeyd etdiyiniz kimi bəzi ölkələrdə kriptovalyutanın istifadəsi qadağandır.
Azərbaycanda da nə bank sistemlərində, nə də digər qurumlarda hələ ki, bir aktivlik yoxdur. Amma bu tendensiya sürətlə yayılır. Çox güman ki, bir müddətdən sonra bitcoin dollar kimi valyutanın bir növü kimi qəbul olunacaqsa, eləcə də kriptovalyutanın digər növləri bazara təqdim ediləcəksə, bu halda yəqin ki, Azərbaycanda da həm banklar, həm də digər dövlət qurumları artıq məcbur olacaq ki, kriptovalyutanı qəbul eləsinlər.
Azərbaycanın kriptovalyutasına gəldikdə isə, “Keepface” (Beynəlxalq marketinq şirkəti) artıq bir platforma yaradır— “keep my coin” platforması “blockchain” əsaslı platformadır və onun öz kriptovalyutası var -“keepcoin”.
Xatırlayırsınızsa, “Keepcoin” mayın 5-də təşkil edilən Maliyyə və İnvestisiya Forumunda (FIF2018) ICO mərhələsini elan edib.
Bu iki ay ərzində artıq investisiya yığmağa başlayıb və növbəti aylarda “public sale” olacaq, yəni hərracda satışa çıxarılacaq. Beləliklə də “keepcoin” kriptovalyuta olaraq işə düşəcək. Təbii ki, bu sırf Azərbaycan üçün nəzərdə tutulmuyub, qlobal bir platformadır və azərbaycanlılarla yanaşı dünyanın hər yerində bundan istifadə edə bilərlər.
Ümumiyyətlə, Azərbaycanda yaranacaq istənilən kriptovalyuta çox güman ki, qlobal əhəmiyyət daşıyacaq. Belə ki, indiki məqamda sırf Azərbaycan bazarı üçün bunu yaratmaq o qədər də məntiqli görünmür. Çünki hələ ki, Azərbaycada ödəniş vasitəsi kimi qəbul olunmayıb. Ölkədə kriptovalyutanı hansı qurumlar, hansı banklar qəbul edəcək bu sualların cavabı açıq qalır.
Hazırda agentliklər SMM işçi götürdükdə, namizədin SMM biliklərilə yanaşı, həm kopirayter, həm də qrafik dizayner bilikləri olmasını tələb edirlər. Bu nədən irəli gəlir, agentliklər SMM-in vəzifələrini bilmirlər? Yoxsa çalışırlar hamısı birində olan “ucuz” işçi qüvvəsi tapsınlar?
Xeyr, sadəcə olaraq Azərbaycan reallığında kiçik şirkətlər bunu edir. Həmin şirkətlərin də büdcəsi azdır. Ona görə də, onları müəyyən qədər başa düşmək olar. Ancaq orta və böyük şirkətlər və agentliklərdə SMM-in, kopirayterin, qrafik dizaynerin və akkaunt menecerin işi ayrıdır.
Ona görə də bu, gənc, tələbələr tərəfindən çox da qıcıqla qarşılanmamalıdır. Heç bir yerdə indiyə qədər təcrübəniz olmayıbsa və harasa sizi dəvət edirlərsə və bu sadalanan bacarıqlarınız varsa, gedib oradan başlayın. Zamanla, özünüzü göstərdikdən sonra, maaş artımını tələb edə bilərsiniz.