Əlimə keçən ilk mənbədən oxuyuram ki, eyni mayelər (bircins mayelər) olduğu zaman birləşmiş qablar qanununun ifadəsi belədir: istənilən formalı birləşmiş qablarda bircins mayenin səthi eyni səviyyədə olur.


Əksinə, yəni müxtəlif mayelər olduqda (bircins mayelər deyil) birləşmiş qablar qanununun ifadəsi belədir: birləşmiş qablarda sıxlığı böyük olan maye sütununun hündürlüyü sıxlığı kiçik olan maye sütununun hündürlüyündən az olur.


Sən bir buna bax!!!!


Sözümün canı bunda deyil. Kreativ mühiti bir dəniz kimi təsəvvür etmək istədim. Alınmadı. Bugünkü kreativ aləm (mən marketinq və reklam mühitini nəzərdə tuturam) mühitə ötəri nəzər salıram. Sanki bir adyaz göl (axmaz da demək olur) və ya mürgüləyən torf bataqlığıdır.


Ümidim payızadır. İlin romantik fəslidir. Bəlkə bu payız daha yaradıcı işlərlə yadda qaldı. İnanın, bu sətirləri yazmaqda istəyim orjinal görünmək və özümü başqa bir marketinq mühitində mövqeləndirmək deyil. Qaranlıq otaqda bütün qara pişiklər gözə görünmür. Yalnız yapon pişikləri deyil…


Gün başlayır…İnternet…Pitsa…Çipsi…Pepsi…Oyunlar…


Qibtə olunası bəxtəvərlikdir…


Bütün Şərq və Qərb təcrübə siçanı kimi bütün gün qaçaqaçdadır, arayır, axtarır, sınayır büdrəyir, yıxılır, durur, yenə yoluna davam edir.


Biz isə əvvəl onların etdiklərinə heyrətlənirik, gözümüz kəlləmizə çıxır, sonra özümüzün etmədiklərinə təəssüflənir və astaca buna alışırıq.


Və yenə də… İnternet…Pitsa (dönər də olur)…Çipsi…Pepsi (Cola da ola bilir)…Oyunlar…


Və bir də mövcud durumdan şikayət.


Yəni, əgər mən Sizdən ötrü bir diqqətəlayiq iş görmürəmsə, bu Sizi məndən ötrü yaradıcı işlər etməməkdən azad etmir…


Standart sözünün mənşəyi STAND ART sözündəndirmi? Mən də bilmirəm. İngilis dilindən biliyim axsayır. Hər halda, bəlkə, əvvəlan, gəlin standart olmayan qərarlar qəbul etməyi öyrənək. Lap Stand Art olsa da olar…


Bundan ötrü standart olmayan qərarların da qəbulunu öyrənməliyik. Axı ən düzgün qərar hamının dizlərini əsdirən və səni məsuliyyəti öz üzərinə götürə bilmə sənətinə yiyələndirən addımlar zənciridir. “Hər yeni uğur növbəti uğursuzluqdur. Amma artan nikbinlik ilə..” Bu sözlər mənim deyil-kürsiv mənimdir-t.m.).


Bəzi məqamlarda hamını və özünüzü heyrətə gətirə biləcək atma qeyri-adi görünən addımlar atmalı olacaqsınız. Təbii ki, sıçrayışa hazırlıq da bir mərhələ tələb edir. Leopard yalnız 30 saniyə ərzində saatda 100 kilometr sürətlə qaça bilir. Davam etsə, ürəyi partlayar. Amma ovuna yaxınlaşması xeyli zaman aparır, fənd və yaradıcılıq, təcrübə və qətiyyət sayəsində istəyi uğurlu ola bilir.


Bir tanşıla dronlardan heyranlıqla danışırdıq. Mən sözgəlişi dedim ki, adət etdiyimiz dronlar havaya qalxır. Gəl biz də, sualtı dronlar düzəldək. Heç olmasa, xəyallarımızda. Hər ikimiz sanki xəyal oyununu belə uduzduğumuzu etiraf edib acı-acı gülümsədik. Sonra baxdım ki, artıq sualtı dronlar var. Hətta satılır da…1500-2000 dollara. 150 metr dərinliyə nüfuz edir və görüntüləri Wi-Fi ilə sahilə ötürür. Digər dronlar isə 150 metr dərinliyə kabel ilə buraxılır. Standart düşünsək, dron uçmalıdır. Qeyri-sandart yanaşsaq, deməli, dron sulara da qərq olmalıdır.


Bu şəkildəki kabelli drondur.




Bu şəkildəki dron isə Wi-Fi ilə çalışır.


İkincisi, düşünmək xətirinə düşünüb özümüzü yormayaq. Yox əgər düşünürüksə, özümüzü yoraq və fərqli şeylər yaradaq. Məsələn, kondisionerlərin axıtdığı sular divarları qaraldır, bəlkə bu suyu toplaya bilək, gülləri və ağacları sulayaq.


Səhralarda və tropikada ağaclar rütubəti və yağış damlalarını toplaya bilirlər. Hətta insanlar bu suyu sonra içirlər.


Gəlin, ağac olaq demirəm, amma kreativ ola bilərik. Hamı böyük düşünür. Amma kiçik şeylər barədə. Gəlin kiçik düşünək. Böyük nəticələr üçün...


Amerika bazarında möhtəşəm avtomobillər səltənətinə BÖCƏK kimi avtomobil model əlavə edək, daha yeni bir fikirlərlə bazara girək və çəkinmədən bütün stereotiplərə amansız meydan oxuyaq.



Mövcud çərçivələri genişləndirək.


Bunu etmək olmaz deməyək.


Bunu başqaları edib, biz etməyək, deməyin.


Bu dünyada heç nə mükəmməl deyil. Adi dağ zirvəsinə baxın. Hər gün dəyişən daxili qurumu, təbii gözəlliyi, əzəməti ilə bizi məftun edir. Amma bir tişə ustası bu əzəmətli tekniki kütlədən elə bil gözəl sənət əsəri yarada bilər ki, dağ özü ona məftun olar.


Alman şairi Höte qolları sınmış Miloslu Venera heykəli qarşısında diz çöküb hönkür-hönkür ağlayardı ki, axı sən niyə daşsan?!


Mikelancelo qaya parçalarına uzun-uzadı baxır və yalnız bir neçəsini seçirdi.


Soruşurdular ki, Sən axı niyə bu qraniti seçdin? Deyirdi ki, mən o daş parçasının içində bir mələk gördüm. O mələyi üzəçaxarana kimi tişə ili o daşı yonacağam. Tozu dünyanı başına götürsə də…



Kreativ insan çevik düşüncə ilə gerçəkliyə yeni nəfəs və təravət gətirəcəkdir. Kiçik bir uğurdan başınız gicəllənməsin. Sivilizasiyanın min illər davam edən tarixi boyu bizdən öncə yaşayan 79 milyard insanın da uğur qazanmaq istəyi olub. Amma bu hər kəsə nəsib olmur.


Daha uğurlu olmaq fərqli düşünənlərin və qabar sevərlərin tər tökməklə gəlib çıxdığı zirvənin təntənəsidir.


Qalanlar isə qibtə edəcəklər.


Gün başlaylr…İnternet…Pitsa…Çipsi…Pepsi…Oyunlar…


Ya da paxıllıqdan keflərinə soğan doğrayacaqlar. Yaxşı olardı ki, bu soğanı yağda qızardıb üzərinə nəsə əlavə edəydiniz və ortaya dadlı bir şey çıxaraydınız.


Xatırlayırsınız, Maggi-nin bir mesajı vardı: “Bütün qaydalar yalnız onları pozmaq üçün yazılır”. Təbii ki, söhbət qida hazırlanmasından və Maggy ustalığından gedir. Maggi Mmmmmm...


Beyin, düşüncə, fikir, təxəyyül kimi idrak resursları arabanın təkərləri olaraq onu hərəkətəgətirmək istəyindədir.Amma arabanın hara gedəcəyi qoşulan atlardan asılı deyil, atların da idarə sərbəstliyi və çevikliyi arabaçıdan (faytonçu da ola bilir) asılıdır.


Atların arzusu isə tez mənzil başına çatmaq və göy ot gəmirməkdir. Təxəyyül sübh dumanı qədər təmizdir, pakdır, ondan düşməndən gizlənmək üçün ətrafı masqalamaq məqsədi ilə də istifadə edə bilərsən, gözəl təbiətin qoynunda aza da bilərsən, özünün səmt tapma ustalığını təkmilləşdirə də bilərsən...


Beyin əl ilə duyacağın qədər maddi məhsul istehsal etmir, amma öz enerjisi və gücü ilə bütün maddi dünyaya meydan oxumağa qadirdir.


Bəzən düşünürəm ki, marketinq yaradıcı olmalıdırmı? Yəni, orta Sarıtel havası üstə məhsul satmaq olarmı? Gülməyin… Elə düşünmək olar kİ, biz jinql yaradcılığında bütün zirvələri fəth etmişik və saz havası ilə satış etmək mümkün deyil. Bəla saz havasında deyil, saz havası üstündə məhsul satmaq qorxusu ilə yaşayan mütəxəssisdədir. “Azərçay”ın ilk rolikləri saz havası üstündə satışa çıxarılmamışdımı?


Bəlkə kreativdə marketinq olmalıdır? Olmalıdır. Mütləq olmalıdır. Bu dünyada hər şey satılır, mübadilə olunur. Bir zamanlar pul yox idi. Bax, o vaxtlar mübadilə (dəyiş-döyüş ticarəti) ticarəti mövcud idi. Bir zaman biz Fikrət Sideifzadə ilə “Azərbaycan şahmat kitabını” yazanda və Şahmat qəzetində materiallar tərcümə və redaktə edəndə OBMEN FİQURAMİ ifadəsini DƏYİŞ-DÖYÜŞ KİMİ tərcümə edirdik. Kreativ bizim işimizdə mütləq mal və xidməti satdırmalıdır.


Yadınızdadırmı, o məşhur rus nağılı? Kəndli necə inək satırdı? O vaxta qədər ki, uşaq kəndlinin məhsulunun marketinqini formalaşdırmamışdı, bir kəs belə ondan inəyi almırdı. Elə ki, uşaq başladı məntiqi və unikal tərifə, insanlar toplaşdı və bu tərifdən çuşa gələn kəndli “belə gözəl inəyi mən niyə satmalıyam ki”, deyib, inəyə geriyə öz evinə apardı.




Marketinqdə kreativ və kreativdə marketinq Şimal və Cənub qütbləri kimi bir tamın hissələridir. Sadəcə olaraq, dünyanı dəyişmək xülyasını bir yana qoyub özümüzü dəyişək. Dəyişən özümüzlə, dünyaya baxış bucağımızı dəyişək.


Havaların isti keçməsindən şikayətlənmək əvəzinə, daha müasir və qənaətcil, Günəş enerjisi ilə qidalanan, ekoloji baxımdan daha effektiv sərinləşdirici sistemlər barədə düşünək.


Dünya düşünənlərindir.


Düşünənlər sahiblənir və yaşayırlar.


Həyatı sevərək yaşayanlar həyatı hər gün yeni təzahürlərdə görür və bunu yaradıcı insan olaraq bizə təqdim edirlər.


Fərqli düşünün ki, fərdi nəticələr qazana biləsiniz.


Fərdi düşünün ki, cəmiyyətlə bölüşməyə fikir yükünüz olsun, boşluqları və çatışmazlıqları üzə çıxara biləsiniz.


Müxtəlif diametrli birləşmiş qablarda bircinsli mayelər eyni səth səviyyəsinə malik olular.


Müxtəlif tərkibli mayelər sıxlıqları baxımdan fərqli olduqlarından birləşmiş qablarda sıxlıqlarına görə fərqli səth qazanırlar.


Müxtəlifliyin özünə belə müxtəlifliklər fərqli və fərdi olaraq öz təcəssümünü tapırlar.


Cəmiyyət də birləşmiş qablardır. Sosiumda bizim hər birimizin yerimiz nə qədər kreativ olmağımızla təsbit olunur.



Teymur Məmmədov,



Kreativ direktor