Ötən söhbətimizdə vəd etmişdik ki, gələn dəfə videoda kreativlikdən bəhs edəcəyik. Çünki bu kommunikasiya formatı təşəkkül tapandan bu günə kimi gündəmdədir və hələ uzun zaman bu tendensiya öz aktuallığını saxlayacaqdır.
Videodan bəhs etmək ilk baxışda göründüyü qədər də asan deyildir. Bu bir zəmanə qasırğalı formatdır. Həm də özü-özlüyündə çox zaman və diqqət tələb edən mövzudur. Əslində real gerçəklikdə hərəkət edən və hərəkətli nə varsa, videodur. Sadəcə lentə və görüntüyə alınanda başqalaşır. Daha idarə olunan və yönlənə bilən hala gətirilir.
Qədim Misirdə ehramları və çarların dəfn olunduğu məkanları saysız-hesabsız görüntülərlə bəzəyirdilər. Bu rəsmlərin, həm estetik səviyyəsi, həm də icra texnologiyası möhtəşəmliyi ilə bu günün özündə belə bizi heyran edir.
Və sirr deyil ki, multiplikasiya janrının (çizgi filmi) meydana gəlməsində məhz Misir divar rəsmləri stimul rolunu oynadı. Oxşar təsvirlərin yanakı düzülüşündə sanki bir tilsim gizlənir. Biz baxışlarla ümumi fona nəzər salanda və başı sağa-sola döndərəndə sanki təsvirlər hərəkətlənirmiş kimi təsir bağışlayır.
Videonun özünəməxsus magiyası var. Ona istər kiçiklər, istərsə də böyüklər eyni maraqla baxırlar. Bu zaman janrların müxtəlifliyi yalnız yaradıcıların peşə, yaş və intellektinə görə fərqlənir. İstedadlı və vahid ideyaya tabe edilmiş videolar reklam işində özünü çoxdan və yalnız müsbət cəhətdən doğrultmuşdur.
Foto və kreativ barəsində ayrı danışacağıq. Xronologiya baxımından videonun fotodan qabağa düşməsi heç bir xüsusi məqsədlə edilməmişdir və sırf təsadüfidir.
Videonu reklama gəlişi və ya reklamın videoya gəlişi televiziyanın kəşfi və tətbiqindən sonra vüsət almışdır. Audio və kreativ mövzusuna da ayrıca toxunacağımızı indidən anons edirəm. Bu halda da xronologiya pozulmuşdur və bunun mahiyyətcə heç bir ziyanı yoxdur.
Hələ ötən əsrdə hər şeyi sarsıdan TV indi adiləşibdir. O zaman “TV İnqilab”ının möhtəşəm dəyişiklilərə təkan verəcəyini söyləyənlər də haqlı idilər. TV-nin məişətimizə rəqəmsal texnologiya kimi aqressiv və ekspansionist müdaxiləsi təsadüfi deyildir.
O dövrdə artıq hiss olunurdu ki, Dünya müharibəsinin acıları ötməkdədir və insanlar xoş günlər yaşamaq istəyirlər. Adamlar əylənmək, səyahət etmək və güclü təəsüratlarla yaşamaq arzusunda idilər və bu məqsədlərə pul xərcləməyə də hazır idilər.
Bu gün TV-nin öz əhəmiyyətini itirdiyini söyləyənlər çoxdur. Yanılmayın. Qoca TV hələ çox yaşayacaq. Sadəcə, rəqəmsəl texnologiya ilə mehriban və dinc yanaşı yaşamaq yolu ilə deyil, birgəyaşayış və əl-ələ bərabər addımlayaraq, inkişaf yolunda irəli gedəcəklər.
Video ifadə imkanlarına görə çox zəngin potensiala sahibdir. Onun resursları inanılmaz dərəcədə genişdir. Çünki janrların inteqrasiyasına ideal mühit yaradır və yeni texnoloji erada daha faydalı olacağını heç də gizlətmir.
Yaxşı xatirimdədir, biz SİMSİM üçün reklam çarxı işləyirdik. Mənim karyeramda böyük rol oynayan ÖZ RİTMİNLƏ YAŞA konseptinə çəkilən bu reklam filmi ölkə mediasında yayımlanan ilk çarxdır ki, kino lentinə çəkilib.
Keyfiyyəti planlar, cəlbedici məkanlar, uğurlu rol və kütləvi səhnələr seçimi, rejissor işi, xüsusi olaraq bu rolik üçün yazılmış musiqi həqiqətən mükəmməldir (Rejissor - Ezel Akay, Ssenari və mahnının sözləri - Teymur Məmmədov, Musiqi - Vaqif Gərayzadə).
Çəkilişlər bayram əhvali-ruhiyyəsində həyata keçirilmişdi. Komanda üzvlərinin hər biri bu işə böyük həvəslə öz faydasını verməyə can atırdı.
Rolik çox faydalı oldu. Sifarişçi də təsdiq edə bilər ki, ÖZ RİTMİNLƏ YAŞA reklam kampaniyası fenomenal yüksək effektivlik nümayiş etdirdi və mən bu yaradıcılıq işimizlə fəxr edirəm. Bunu heç kəsdən də gizlətmirəm.
Amma əsas məqsədim bu deyil, sözümün canı videonun işlək alət olaraq olduqca faydalı ola bilməsini bir daha vurğulamaqdır. Amma o halda ki, konsept doğrudur, o halda ki, kreativ traktovka doğrudur, o halda ki, yaradıcı kollektiv və marketinq interpretasiyası üst-üstə düşür, hər kəs nə istədiyini bildiyi üçün hər addımı inamla və əminliklə atır.
Belə komanda və anlaşma ruhu hökm sürən yaradıcılıq layihəsi uğurlu olacaqdır və satışa verdiyi dəstək gözləniləndən də yüksək səmərə verəcəkdir. Uzun illərin təcrübəsi mənə bunu tam inamla söyləməyə əsas verir.
Reklam işində bu gün effektivliyi baxımından videonu əvəz edəcək kommunikasiya aləti tapmaq çətindir. Amam effekt yalnız o halda əldə olunur ki, video məhsulunu ortaya çıxaracaq yaradıcı qrup mükəmməl bir komanda kimi işləyə bilsin. Bu zərurət bu gün daha da aktual olmaqdadır. Əslində, rəqəmsal marketinqdə də videonun bir resurs olaraq rolu durmadan yüksəlməkdədir.
Sosial mediada kontent elmenti olaraq da dominantlığını uzun müddət saxlayacaq video formatın yeni və daha işlək təkamülü də istisna olunmur. Çünki bu gün və hər saat dünya və ətraf gerçəklik yenilənməkdədir və həyatın yüksək ritmi bizi istəsək də, istəməsək də, öz ağuşuna alır və amansız dalğalarında çalxalayır, yorur, usandırır. Bu dinamik ritmdə bizi ən çox cəlb edən də videodur. Çünki onda bir hərəkət var və həyatın indiki ritminə daha çox uyğun gəlir.
Bu gün video ənənəvi formatdan, nəsihətverici reklam tarixçələri danışmaqdan uzaqlaşır və insanı daha çox hərəkətə və fəaliyyətə sövq edən ritmi ön plana çıxır.
Bu da ondan irəli gəlir ki, istehlak bazarı günü-gündən durmadan zənginləşir, çeşidlər başgicəlləndirici sürətlə genişlənir. Biz istehlak malları okeanında səmt tapmaq üçün daha dinamik və çevik resursa-çevik və operativ video materiallarına daha çox diqqət yetirməyə başlayırıq ki, qısa zamanda daha çox məlumat ala bilək. İndiki dünyada situasiyanın sahibi, deməli, strateji təşəbbüsün sahibi informasiyaya yiyələnən insanlardır.
Video maddi baxımdan daha çox məsrəf tələb edir. Bunun da bəlli səbəbləri var. Ən bəsit kadrın belə bir sadə quruluşa ehtiyacı var. Müəyyən keyfiyyət əldə etmək üçün müəyyən qədər də işıqlandırma təmin olunmalıdır. Müasir video qurğuları işıq və plan baxımından daim diqqət və axtarış tələb edir.
Bu da öz növbəsində sifarişçiləri qıcıqlandırır. Sanki gərək olduğundan daha çox vəsait xərcləndiyini düşünürlər.
Yaradıcı kollektiv həmişə yüksək büdcəyə can atacaqdır ki, daha kamil iş ortaya çıxara bilsin. Lakin sifarişçi tərəf büdcəni azaltmağa səy göstərəcəkdir ki, daha az vəsaitlə daha yaxşı nəticə qazanılsın. Amma belə olmur. Üç dəfə üç heç vaxt 25 etməyəcəkdir. Beş dəfə beş də heç zaman 9 edə bilməz.
Videoya ayrılan vəsait yaradıcılıq qrupunu tam təmin etməsə də belə, təşəbbüskarlıq və peşəkarlıq sayəsində ortaya yaxşı məhsul gətirilə bilər. Önəmlisi budur ki, yaradıcı komandanı ruhdan salmasın. Bundan ötrü hər iki tərəf arasında son nəticədə maraqlı olan bir komanda ruhu təmin olunmalıdır. Belə olursa, işlək video məhsulunun ərsəyə gələcəyinə şübhə etməyə bilərsiniz.
Minimalizm ən gözəl və sirli resurslara sahib olan potensial gücə sahibdir. Bu baxımdan minimalizm bu gün və sabahın rakursundan ən güvəniləsi bir perspektivdir. Video sahəsində də minimalizm getdikcə daha israrla ön plana gələcəkdir. Bu da, ilk növbədə, yaradıcı insanlardan bu yöndə peşə ustalığının yüksəlməsini tələb edəcəkdir. Buna dırnaqarası baxanlar yanıldıqlarını tez bir zamanda özləri hiss edəcəklər.
Çünki iş həcmi artacaq, rəqəmsal texnologiya daha da inkişaf edəcək. Belə olan halda daha çox video materialları daha qısa zamanda ortaya çıxarmağa zərurət yaranacaqdır ki, bu da videoların daha işlək və vurucu ola bilməsini şərtləndirəcəkdir.
Yeni həyat ritmi bütün sahələrdə hərəkətlənmə yaradacaq və daha çox insan kütləsi bu sürət axınına cəlb olunacaqdır. Belə olan halda insanlardan daha məsuliyyətli olmaq, peşənin incəliklərinə daha mükəmməl yiyələnmək və daha sürətlə düşünərəkdən qərar verə bilmək məharəti tələb olunacaqdır.
Əgər bu tempə qarşı insanlar total müqavimət göstərsələr necə olacaq? Belə olan təqdirdə, robotlar öz xidmətlərini təklif edəcəklər. Videoların çəkilişində robotlaşma çox önəmli rol oynayacaqdır. Bir çox işlərin indiki formatda yaradıcı adamları yormasına gətirib çıxaran məqamların həlli səbirli robotların köməyi ilə nəhayət ki, rahat həll olunacaqdır.
Video məcralarının və formatlarının hansı yöndə və tempdə inkişafından, texnologiyanın rəqəmsal bazisdə hansı vüsətlə irəliləməsindən, yaradıcı adamların və kreativ tendensiyaların özəlliklərindən asılı olmayaraq bir həqiqət dəyişilməz qalacaqdır.
Bu danılmaz amil də ondan ibarətdir ki, reklam və PR-da videonun rolu nəinki azalmayacaq, əksinə, daha da artacaqdır. Çünki bazarda rəqabət şəraiti amansızlaşdıqca satdıra bilən resursların rolu ikiqat artacaqdır. Mən videoya alternativ ola biləcək ikinci bir resursu bu gün görmürəm.
Digər tərəfdən, müasir texnologiyanın inkişafı və kommunikasiya kanallarının durmadan, həm çeçid, həm də format baxımından zənginləşməsi son nəticədə videonun zərurətini səciyyələndirəcək və onun aktuallığını daha da yüksəltmiş olacaqdır.
Video, əslində, yaradıcı insanlara, həm geniş ifadə imkanları verir, həm də onlardan inanılmaz dərəcədə dərin bacarıq və istedad tələb edir. Bu da ondan irəli gəlir ki, ortaya çıxarılan məhsul öz təyinatına cavab versin. Reklam etdiyi məhsul və ya xidmətin satışına hiss olunacaq dərəcədə effektiv təkan və məhsulun imicinin yüksəlməsinə təsirli stimul versin.
Amma bir həqiqət də var ki, doğru və dərin düşünülmüş konsept məharətli yaradıcı komanda tərəfindən gerçəkləşdiyi halda ərsəyə gətirilən video məhsulu yüksək effekt verməyə bilməz.
Növbəti söhbətimiz AUDİO VƏ KREATİV olacaqdır.
Sizə uğurlu həftə diləyi ilə,
Teymur Məmmədov,
Kreativ Direktor