Təsəvvür edin ki, bir insanın zəngin fotolar albomunda və ya qovluğunda uşaqlıq, yeniyetməlik, gənclik, yetkinlik, ahıllıq və qocalıq şəkillərini toplanmışdır. Özü-özlüyündə burada yeni və qəribə nə var ki!


İnsan özü bu şəkillərə baxdığı anlarda zaman ondan ötrü bütöv görünür. Sanki pəncərə şüşəsi silinir və insanın bütün həyatı par-par parlayan bir şəffaflıq içrə bir-birinə montaj edilən slayd-şou kadrları kimi irəli və geri axmağa başlayır.


Bu zaman insan zamanı keçmiş, indi və gələcək kimi deyil, bütün həyatını bir tam olaraq görür. Sadəcə xatirələrin boyat və yenisi var...



Yeni il ərəfəsində məndən soruşuldu ki, bu il ölkdə marketinq nə ilə yadda qaldı?


Bəlkə heç xatirədə bir iz belə buraxmadı? İlk ağlıma gələn də bu oldu ki, marketinqdə baş verən prosesləri ayrı-ayrılıqda, avtonom və ya əvvəlki illərə nisbətən əlahiddə götürmək olarmı? Cavabım belədir: YOX!


Fürsətlər və imkanlar gerçəkliyi kimi dəyərləndirilən 2018-ci il gərgin və axtarışlarla zəngin oldu. Kimlərsə daha gözəgəlimli uğurlara imza (belələrinin sayı az oldu) atan, amma yeni illərdə bəhrə verəcək işlərin etibarlı təməlini qoyanlar daha çox oldu, iş adamları arasında marketinqin faydasını daha obyektiv qiymətləndirənlərin sayı artdı.


Marketinq ayrıca götürülmüş bir ölkədə və ya ölkələrdə də qırılmaz bir prosesdir. Dünən, bu gün və sabah eyni anda mövcuddur. Bu baxımdan ölkədə marketinq gənc, dinamik və inkişafda olan bir orqanizm kimi fəaliyyətdədir. Bu məni və marketinqin taleyinə biganə qalmayan hər kəsi yalnız sevindirə bilər.



Bu gün marketinq fəaliyyətini üç əsas komponent olaraq dəyərləndirərdim.


Birincisi, iş adamları marketinqə münasibətdə mövqelərini yumşaltmadılar. Ştat cədvəlində vəzifə vahidi olsa da, şirkətdə marketoloq fəaliyyət göstərsə də, onların funksiyası məhdud qalmaqda davam edir, bütün qərarları (ƏSASƏN!!!) şirkətin sahibi verir. Belə düşünmək yanlışdır. Sanki sahibkarlıq statusu insanlara dərhal bütün sahələrdə ensiklopedik bilik və supermen satusu bəxş edir.


Marketinq bir ideologiya aləti deyildir, məhz biznesin inkişafı üçün ciddi alətdir, fəaliyyət üçün etibarlı mexanizmdir, satışın həcminin, mal və xidmətin imicinin, müştəri loyallığının yüksəldilməsi üçün əvəzsiz təsir qüvvəsinə sahib dəstəkçidir.


İkincisi, Azərbaycanda marketinq iddiasız, təbii və qeyri-ekspansiv yollarla inkişaf edən, təkmilləşən və təşkilatlanan fəaliyyət sahəsi kimi fərqli üstünlüklərə sahibdir. Marketoloqlar konkret nəticələrə cavabdeh olduqlarından, sözçülükdən uzaq olurlar. Yəni bu yöndə boş vədlər keçmir, çünki markalaşma və satış öz təbiəti baxımdan vəd verməyi sevmir, əks halda sabun köpüyü kimi partlayacaqdır.



Marketinq konkretdir, fəaliyyət məqsədi tam bəllidir, real əməllərə dayanıqlıdır. Odur ki, iş adamları marketinqə müdrik nəzarət və uzaqgörən rəhbərlik etməkdənsə, onun effektiv fəaliyyəti üçün əlverişli mühit yaratmaq barəsində düşünsəydilər daha yaxşı olardı.


Üçüncüsü, marketoloqlar özünütəşkil vərdişləri baxımından daha aktivdirlər və kompleksiz olurlar, tez və əsaslandırılmış zəmində qərar qəbul etməklə konkret fəaliyyətə keçə bilirlər. Bunun nəticəsini də yalnız görmək istəyənlər görə bilərlər.


Marketoloqların özünütəşkil, təlim və konsultasiya maariflənməsi istiqamətlərində atılan addımları bu mənada daha effektiv oldu. Bunun son illərin təcrübəsinə görmək olur. Marketoloqlar zamanla ayaqlaşır və başqa sahələrə nümunə ola bilirlər. Marketoloqlardan ruhlanan digər sahə ekspertləri də özünütəşkilə, fikir və təcrübə mübadiləsinə start verdilər, sammit və konfranslar yeni vüsət aldı. Elə bu yazının oxucuya təqdimi imkanı olan www.facemark.az marketinq sahəsində özünü təşkilin bariz ifadəsidir.


Məncə, bu il yaddaqalan və insanlar üçün faydalı kütləvi tədbirlərlə, xaricdən dəvət olunan ekspertlərin seminar və təlimlərinin tezliyinin artması ilə müşahidə olundu ki, bu da müsbət tendesiya olaraq gələn il də davam etdiriləcəkdir.


Mən burada konkret qurum və şəxslərin adlarını bilərəkdən çəkmirəm. Düşünürəm ki, marketinqin cəmiyyət həyatına və işgüzar dünyamıza daha dərindən nüfuzu, habelə və bu işə öz payını verən hər kəsin konkret fəaliyyəti hamımız üçün faydalıdır.


Bu gün bütün dünyada marketinqdə köklü yenilənmə baş verir. Klassik marketinqdən, yeni marketinqə keçid prosesi sürətlənir. Rəqəmsal texnologiyalara dayanıqlı marketinq kommunikasiyaları həyatımızın bütün sahələrində, o cümlədən marketinqdə həlledici mövqeyə keçir.


İstehlakçıya daha ciddi yanaşılır və müştəri qayğı ilə əhatə olunur, onun istək və gözləntilərinə uyğun istehsal və kommunikasiya qurulur.


Çünki insanlar tam fərqli və alışa stimul verəcək seçimlər yaratmaq zamanı indi qapıları döyür. Astanada olanı və zamanın tələbi kimi meydana çıxan tendensiyanı kinayə ilə qarşılamaq olmaz.


Tam yeni bir tarixi mərhələyə qədəm qoyuruq. Alıcıya münasibətdə təkəbbür zamanı arxada qalmaqdadır. İndi müştərini sevgi ilə sevindirmək, onun nazı ilə oynamaq zamanı gəlməkdədir.


Marketinq daha çox kreativ olmağa məhkumdur. Rəqəmsal dünya sosial məkanı genişləndirməklə bərabər, ünsiyyəti lokala və özünütəcridə yönləndirir, insanların dünyavi istəklərini və sevinclərini sanki əvəzləməyə çalışır.


Belə bir dövrdə müştəriyönümlü kreativ marketinqə, praktiki marketinqə, işlək marketinqə, dinamik, elastik, düşünən, çevik marketinqə ehtiyac artır. Müştəri məmnunluğu və onun zəminində müştəri loyallığı zamanın sloqanına çevrilir.


Müştəri özü isə başlıca mesaj obyekti olur və ona indi kütlə olaraq deyil, fərd olaraq müraciət etməyimiz aktuallaşır.


İndi zaman bizi səsləyir: Yaxşı olmaqdansa, birinci olmq daha yaxşıdır.


Yeni İldə yeni uğurlar diləyi ilə,


Teymur Məmmədov,


Kreativ Direktor