Müasir reklam erası qarşısında yeni üfüqlər açılmaqla bərabər, həm də həll ediləsi böyük problemlər dayanır. Onları həll etmədən və ya heç olmazsa, həll etməyə təşəbbüs göstərmədən, təbii ki, konkret müsbət nəticələr əldə etmək mümkün deyil.


Əvvəla, bu gün reklam hər zaman olduğundan mükəmməl olmalıdır, mütləq istehlakçıların diqqətini cəlb etməlidir və heç bir halda onları qıcıqlandırmamalıdır. İkincisi, reklam markanın tanıtımını yüksəltməlidir, amma bu halda heç bir vəchlə istehlakçını cana doyurmamalıdır. Üçüncüsü, bu qadağalara biganəlik göstərənlər çox keçmədən tutmuş olduqları mövqenin acı nəticələrini görəcəklər.


Bəlkə elə indidən yeni mövqeyə keçəsiniz? Bu mənada tizer bir marketinq fəndi kimi diqqəti cəlb edir və özünün effektivliyi baxımından ciddi maraq doğurur.


Bu material üzərində işləyəndə tizer sözünü müxtəlif dillərdə olan lüğətlərdə məna və tərcümə baxımında müqayisə olaraq araşdırdım. Orijinaldakı qədər doğru məna yükü daşıdığını və termin olaraq da elə hamının qəbul etdiyi tələffüz və yazı normalarına uyğun olduğunu gördüm. Bu qənaətimə əsaslanaraq terminin TİZER olaraq qalmasını məsləhət bildim.


Tizer media məcralarında marketinq fəndlərindən biri kimi aktuallığını həmişə saxlayacaqdır. İnsanların müəmmaya, novellik sonluğun gözləntisinə xüsusi bir marağı vardır. Çünki bunun özündə az da olsa adrenalin var, insanın diqqətini çəkir və onu həyəcanlandırır.



Mən bunu Bakı Biskvit fabrikinin (BBF) tizerində hiss etdim. Orada süjet bilborlarda üzlənmiş sözlərin üzərindən hərflərin açılması zəminində qurulmuşdu. Belə bilbordlar şəhərin müxtəlif yerlərində qoyulmuşdu. Reklam çarxının tizer hissəsi ilə bilbordların tizeri sinxron şəkildə insanlara təqdim olunurdu. Və sona qədər yeni marka istehsalçısının adı müəmmalı və tapmaca olaraq qalırdı. Biz bağlı sözləri oxuyanlara hədiyyə vəd etmişdik. Bu reklam krossvordunu açanların sayı o qədər də çox olmadı.


Bu alətdən əməli fəaliyyətimdə dəfələrlə istifadə etdiyimdən, işlək və səmərəli olduğuna özüm inanmışam. Yaxşı xatirimdədir, 1998-ci ilin dekabr ayı idi. O zaman tam yeni bir reklam formatında ilk tizerə imza atdıq. Bundan öncə tizerdən istifadə olunmadığını iddia etmək niyyətində deyiləm. Ola bilsin ki, xatırlamıram. Bəlkə də çox da diqqət çəkməyib. Halda təsir gücünə və miqyasına görə ikinci belə tizer reklamı yadıma gəlmir.


SinSim-in tizeri həqiqətən də, istər əhatə dairəsinə, istərsə də formatına və eləcə də effektivliyinə görə möhtəşəm oldu. “İndi sükut puzulacaq. İndi hamı danışacaq...”. Ötən yüzilliyin sonunda, mobil rabitənin həyatımıza indiki qədər nüfuz etmədiyi bir zamanda, insanların həyat səviyyəsinin çox çətin olduğu bir tarixi dönəmdə bu format olduqca cəsarətli görünürdü və Respublika ictimaiyyəti tərəfindən təqdirəlayiq yeni addım kimi dəyərləndirildi. Azərbaycan reklam mühiti üçün tam fərqli olmaqla müsbət təəssüratlar yaratdı. Reklam bazarına bir yeni ruh gətirdi, daha cəsarətli və agentlik əməkdaşlarına yaradıcı baxımdan fəal olmağa təkan verdi.


HAŞİYƏ. Tizer televiziya və radio kanallarında gün ərzində minimum 5 dəfə tezliklə efirə buraxılır. Onun həddi də 5-8 dəfə olsa, belə yetərlidir. Əks halda duzu-məzəsi qaçmış olur. Tizer reklamları bir-biri ilə sıx məntiqi əlaqədə və media bağlantısında olan iki mərhələdən ibarət olur.


Burada məqsəd qıcıqlandırıcı xatırlama ilə informativ cavab arasında məntiqi fasiləni doğru balansda və ciddi nəzarətdə saxlamaqdan gedir. Əndazəni aşmaq olmaz.


Mənim təcrübəmdə üç mərhələli tizer reklamı olmayıb. Amma bu heç olmayacağına da əsas vermir. Tizerin, həm yeni markanın bazara çıxarılması mərhələsində, həm də məşhur markaların reklam aksiyalarının həyata keçirilməsi zamanı tətbiqinin effekt nəticə verəcəyi şübhəsizdir.



Zaman baxımından da tizer iki mərhələdən keçir. Birinci mərhələ, yəni kütləfi informasiya vasitələrində - qəzetlərdə və jurnallarda bir gün çəkir. Belə ki, tizer ön səhifələrdə nəzərə çatdırılır. Cavab isə sonrakı, bəzi hallarada isə son səhifələrdə nəzərə çatdırılır.


Amma bu qəbildən bizdə tətbiq olunan tizer xatırlamıram. Mənim xatırlamamğım belə bir addımın atılmamasına əsas vermir. TV və radioda isə tizer reklamı bir həftə gedir. Bəzi hallarda bu rəqəmi azaldır və ya artırırlar. Bir həftə ideal meyardır. Bunu məsləhət bilmirəm. Birinci halda tizer olduğu tam anlaşılmır. İkinci halda isə unudulma və tizerə maraq azalması müşahidə olunur.


Bir zaman efirdə TAM adlı markanın üzünmüddətli tizeri getdi. Düşünürəm ki, o addım məntiqli deyildi və həmin markanın oturuşmasına imkan vermədi. Bəlkə də, bunu şirkətdaxili obyektiv səbəbləri də olub.



Yeri gəlmişkən, əgər dondurma istehsalı prosesində mənfi 40 dərəcə səviyyəsində dondurma şoklama mərhələsini keçməzsə, məhsul keyfiyyəti standarta tam uyğun gəlməyəcəkdir. Biz bunu əsas götürərək, reklam kampaniyasını qurmuşduq.



Bu isə xarici ölkə tizerləridir. Onların icmalını vermək fikrində deyilik. Üstünlüklərini və zəif tərəflərini qabartmaq niyyətimiz də yoxdur. Sadəcə ümumi təsəvvür olsun deyə, diqqətinizi onlara cəlb edirik.






Tizer hələ uzun illər öz aktuallığını saxlayacaq və effektiv alət olaraq reklama ciddi dəstək olacaqdır. Onun aktuallığı kiminsə ərköyünlüyü ilə şərtlənmir. Belə ki, birincisi, tizerin mayasında yaradıcılıq, ideya və gözlənilməzlik effekti dayanır. İnsanlar nəsihət verən, informasiya ilə izafi yüklənmiş, habelə, məhsulun reklamından çox, sifarişçinin müdaxiləsi zəminində standartdan aşağı səviyyədə yaradılan işlərin zamanı keçmişdir. İnsanlar bəsit mesajları ilə seçilən reklam çarxlarından cana doymuşlar. Bu baxımından gözlənilməzliyi və qıcıqlandırıcı kreativ həlli ilə seçilən tizerlər indi daha böyük maraq doğurur, bununla da insanın diqqətini məhsula cəmləmək mümkün olur.



İkincisi, tizerlər qısa xronometraja sahibdirlər. Yəni, fikrin irəli sürülməsi və onun yarı yolda sual ilə qırılması intriqa yaradır. İnsanların bu kommunikasiya formatına faydalı marketinq gedişi olaraq diqqət artır.


Üçüncüsü, uğursuz reklamlarda yaradıcılıq və ya marketinq həlləri rəqibin xeyrinə də işləyə bilir. Amma ciddi düşünülən, peşəkarlıqla reallaşdırılan tizer reklamları yalnız öz sifarişçisinin mal və ya xidmətinə səmərəli təsir göstərir.


Yaxşı xatırlayıram. Biz BUS bankdan Kapital Bank adına keçid üçün fərqli bir yol seçdik. Belə ki, əldə olan arxiv materiallarının azlığını görüb, 19-cu əsrin səhnələrini sıfırdan qurub səhnələşdirdik, o vaxtın stilistikasına uyğun geyim və digər aksessuarların köməyi ilə dövrün mənzərəsini yarada bildik.


Tizer olaraq efirə gedən bu reklam işi həmin mizan səhnələrlə diqqəti cəlb etdi. Amma söhbətin kimdən və nədən getdiyi sona qədər müəmmalı qalırdı. Sonra info blokunu efirə verdik. Tam yeni və müasir üslubu özündə əks etdirən, əksliyi xarakterizə edən görüntülər istədiyimiz effekti doğurdu. Köhnə ilə yeni arasında bir bağlantı yarandı, vərəsəlik özünü doğrultdu. İnsanlar tarixilik fonunda “Kapital Bank”ın təcrübəsinə arxalanaraq ona inandılar.



P.S. Bizim mövzunun predmeti olmasa da yeri gəlmişkən, qeyd edək ki, ekspertlərin fikrincə, tizer reklamı bu gün sosial mediada geniş miqyas alır və olduqca effektiv nəticələr verməkdədir. Bu da ondan irəli gəlir ki, tizer şəbəkələrində tizer blokları daha çevikdir, kreativ baxımdan daha zəngin potensiala və mütəhərrikliyə sahibdir. Tizer şəbəkəsi rentabellidir, onun öz xərcini ödəmə imkanı yüksəkdir, targetləşmə potensialı genişdir. Bu və ya digər hallarda sifarişçi özü demoqrafik və coğrafi əlamətlər üzrə seçimə təsir göstərə bilir.



Teymur Məmmədov,



Kreativ Direktor,



Adver.az