Suvenir məhsullarda effektiv kreativliyə necə nail olmaq olar?


1.Tekstildə effektivlik


Reklam daşıyıcılarının təkamülü heç də həmişə və heç də eyni vüsətlə inkişaf etmir. Təbii ki, bunun da öz məntiqi vardır. Bu baxımdan suvenir reklamları da istisnalıq təşkil etmir. Çünki həm mövsümidir, yəni fəsillərə bağlıdır, həm də konkret tarixə və ya aksiya ilə əlaqəlidir.


Amma suvenir reklamının təsir gücü və effektivliyi diqqətəlayiqdir. Ənənəvi ilbaşı təqvim, qələm və fincan paketini indi flaş kartlar üstələməyə can atsalar da, problemin kökünü kreativdə axtarmaq lazımdır.


Suvenir məhsulları elə reklam daşıyıcılarıdır ki, onların diqqət çəkiciliyi və emosional bağlantı gücü həmişə yüksək olur, mental rabitəyə meylli olması onları, həm funksional, həm də rasional olaraq insana doğmalaşdırır.


Düşünürük ki, hər-hansı məşhur markanın loqosu ilə hədiyyə olunan yastıqcadan və ya mətbəx önlüyündən çətin ki, kimsə imtina etsin, onların bir suvenir olaraq təqdim olunmasının özündə əfsun vardır.



Mal və xidmətin, marka və əmtəə nişanlarının nüfuzunun yüksəldilməsində müxtəlif materiallar üzərində mesajların vizual əksi diqqəti çəkən marketinq fəndlərindən biridir. Onun təsir gücü şübhə predmeti ola bilməz. O şərtlə ki, kreativ baxımdan orijinal həlli ilə seçilsin.


Bu yazıda tekstil materialında suvenir reklamı üzərində dayanmaq istərdik. Digər tərəfdən, onu da nəzərə çatdırmağı lazım bilirik ki, suvenir məhsulu olaraq tekstil üzərində istehlakçıya ünvanlanan mesajlar, eyni zamanda PR effektinə malikdir.


Çünki yayım arealı və əhatə radiusu insanların çeşidli geyim zövqü və sosial məkan sonsuzluğu ilə qeyri-məhduddur. Bu amilin nə qədər vacib olduğunu təkrar-təkrar vurğulamağa lüzum varmı?



Mal və ya xidmət barəsində mesajın insana brendinq məqsədilə (istehlak məqsədi ilə deyil), başqa sözlə, dolayısı, yəni bilavasitə çatdırılması marka imicini yüksəltmək və onu insanlara daha yaxın etmək baxımından effektivdir.


Bu mənada tekstil üzərində kreativ reklam olduqca səmərəlidir. Əslində materialın özünün (qalstuk, şarf, beysbol kepkası, bandana, qısaqol və uzunqol köynəklər və s.), onun boya və teksturasının düzgün seçilməsi, dizayn həlli, loqonun doğru təqdimi mühüm rol oynayır.


Bu tələblərə cavab verən hədiyyələri əməkdaşlarınıza, dostlarınıza, biznes tərəfdaşlarınıza, müştərilərinizə təqdim etmək qürur yaşadır. Həmin insanlar sizin kreativ dizayn həlli ilə seçilən hədiyyənizi başqalarına da nümayiş etdirməkdən çəkinməyəcəklər, əksinə, bunu pozitiv hisslər fonunda həvəslə edəcəklər.



Siz istəsəniz də, istəməsəniz də, sizin markanı təşviq edən kreativ dizayn sayəsində loqonuz özünüzün belə daxil ola bilmədiyiniz məkanlarda markanızı daha geniş seqmentlərə kommunikasiya edəcəkdir.


Suvenir məhsulları ilə zarafat etmək olmaz. Onların ucuz və zövqsüzlüyünü havayı verilməsi heç cür kompensasiya edə bilməz. Digər tərəfdən, baha olsalar belə, zövqsüz və primitiv dizayn həlli onların xoş missiyasını heçə endirəcəkdir.


Başqasının əynində gördüyümüz qısaqol köynək üzərində dizayn nə qədər mükəmməl və orijinal olacaqsa, başqalarında gördüyümüz zaman bizim də könlümüzdən belə bir suvenirə sahib olmaq istəyi keçəcəkdir.



Milyonlarla insanın görəcəyi belə suvenirlər markanız üçün önəmli deyilmi? Tekstili insanlar əyinlərinə geydikləri və cəmiyyət arasına çıxdıqlarından, öz həmyaşıdları və həmfikirləri ilə ünsiyyətdə olduqlarından və məkan baxımından ən müxtəlif yerlərdə olduqlarından, marka üçün misilsiz güvən yardacaqlar.


Suvenir məhsullarını siz küçədə insana yaxınlaşıb təklif etsəniz, istədiyiniz effekti ala bilməyəcəksiniz. Təsəvvür edin ki, Barselona futbol klubunun nümayəndəsi küçədə heç bir aksiya keçirmədən dayanıb, Messinin futbol nömrəsi ilə qısaqol köynəklərini minlərlə insana paylayır.


İnsanlar bu suveniri pulsuz fayda kimi dəyərləndirəcəklər. Pulsuz paylanan nə varsa, sadəcə pulsuz olduğu üçün diqqəti çəkə bilər. Amma suvenirlər brendiq məqsədi ilə insanlara təntənəli şəraitdə, yadda qalacaq bir məkanda verilsə, öz missiyasını yerinə yetirəcək


Kollektiv üzvlərinə suvenir məhsulunu korporativ tədbirlərdə, tərəfdaşlara onların əziz günlərində, VİP müştərilərə isə məxsusi formatda təqdim olunsa, bu addım özünü mütləq doğruldacaq və sizin markaya olan etimadı yüksəldəcək, güvəni və loyallığı artıracaq.



Bütün hallarda təqdimat insanlarda suvenir məhsulunun dəyərini yüksək qiymətləndirmək istəyi doğurmalıdır. Emosional situasiya bir az gözlənilməz olmalıdır. Məhsul elə qablaşdırılmalıdır ki, onun açan insan kreativ səyləri və təqdim olunan insana verilən dəyəri duya bilsin.


Tekstil məhsulların yazda və yayda təqdim olunması çox önəmlidir. Məqsəd isə bu tip suvenir məhsullarının rəflərdə yığılıb qalaqlanmaq üçün deyil, şəxsi istifadə üçün yararlı olduğunu vurğulamaqdır.


Havalar isinir. İnsanlar təbiət qoynuna tələsir. Həftəsonlarını fəal həyat tərzi olaraq daha hərəkətli keçirməyə can atırlar. Belə olan şəraitdə tekstil məhsulları hər kəs üçün maraqlıdır.


Nəzərə alsaq ki, belə suvenir məhsulları məhdud sayda istehsal olunur və onlara satışda rast gəlinmir, maraq mütləq müsbət rezonans doğuracaqdır.


Bax, bu məqamdan etibarən həlledici rolu effektiv kreativin oynadığını özünüz də hiss etmiş olacaqsınız. Tekstil elə bir materialdır ki, dizayn və süjet dramaturgiyası üçün tam açıqdır. Burada yaradıcılıq məharəti və orijinallıq baxımından fərqli olmalıdır. Özünəməxsus qablaşdırma həlləri və təqdimetmə özəlliyi, suvenir reklamının mühüm amilləri olaraq həmişə aktualdır.


Tekstil suvenir məhsulları ailə üçün çox effektiv ola bilər. Müxtəlif yaş və seqmentlərə malik olan ailə üzvlərinin məkan baxımından fərqli hədəf kütlələrə markanın və loqonun təşviqini təmsil etmək imkanları genişdir. Bu ilk növbədə çimərlik, idman, əyləncə və istirahət məkanları üçün xarakterikdir.


Teymur Məmmədov,


Kreativ Direktor,


Adver.az