Günümüzdə iş axtaranlar çoxdur. Bir şəxs, iş axtarma prosesində bir çox mərhələdən keçir. Bu vakansiyanın ağırlığına və imkanlara görə dəyişə bilər. İşə qəbul mərhələsi əsasən 3 pilləlidir.


1) Vakansiyaya müraciət və qəbul olunması


2) Müsahibə mərhələsi


3) Testləşdirmə və vəzifə ştatının təsdiq edilməsi və ya yekun müsahibə


Ola bilər ki, bu proses uzun olsun. Siz bir neçə pilləli müsahibə mərhələsindən keçəsiniz. Müsahibələrə getməzdən qabaq hazırlaşarkən bir çox nəzərə alınmalı məqamlar var ki, bu işin türklər demiş “püf noktaları”-dır. Lakin bir çox şəxslər bunu nəzərə almır və bunun nəticəsində müsahibədən qalib çıxa bilmir.


Bilməli olduğunuz ən önəmli məsələ müsahibəyə dəvət almısınızsa artıq 1-0 öndəsiniz. Bu sizin vakansiyaya uyğun olub-olmayacağınızı sübut etmək üçün ən gözəl mərhələdir. Sizə diqqətə alacağınız 5 məqamı qeyd edəcəm. Əminəm ki, bu sizin işinizə yarayacaqdır.


1) Müsahibədən öncə bir neçə dəfə test olaraq sanki müsahibədə olduğunuz kimi rol oynayın. Sizə necə sual verilə bilər və ya sizi sözün əsl mənasında çətinə salacaq sualları yazın və effektiv cavablar tapın.


2) Müsahibə məkanını 1 gün öncə xəritədə planlayın. Evdən tez çıxın. Tanımadığınız məkan olduqda isə vaxt prinsipinə çox ciddi riayət edin. Müsahibəyə 15 dəq əvvəl çatın. Bunu da nəzərə alın ki, ola bilər getdiyiniz məkanda “back office” ayrı, mağaza ayrı ola bilər. Bu məsələni dəqiqləşdirin. Ən önəmli məsələ yarım saat və ya 1 saat öncə gedib müsahibə zalında əyləşməyin. Heç də yaxşı bir hal deyil. Məkana çatdıqda tövsiyə edərdim ki, kitab oxuyasınız.


3) CV-də yazdığınız hər bir detalı özünüzün bacardığınız şəkildə yazın. İnanın ki, yalan məlumat o dəqiqə müsahibədə tutulur. Bu yalan sizə baha başa gələ bilər və ciddi şəkildə stressə sala bilər.


4) Dress-code (Geyim qaydası) riayət edin. Rəngli paltarda getməyin. Qızlar isə mini yubkada, aşırı dərəcədə kosmetika və ya sinəsi açıq geyim ilə, oğlanlar isə cırıq şalvar, üzü saqqallı şəkildə müsahibəyə getməniz yaxşı hal sayılmır. Diqqətə alacağınız ana məqam sadə olmalısınız. Oğlanların kostyum olmadıqda isə ən azı qara şalvar, ağ köynək, qızların isə eyni qaydada qara yubka (şalvar), ağ köynək geyinməsi məqsədəuyğundur.


5) Özünüz ilə əlavə 2 ədəd CV/Resume, şəxsiyyət vəsiqənizi, qeyd aparacağınız qeyd kitabçanızı, sizə işəgötürənə lazım olacaq sertifikatlarınızı götürməyiniz məqsədə uyğundur. Qeyd kitabçası sizə əlavə üstünlükdür. Ciddi şəxs olmağınızın təcəssümüdür. Əlavə CV götürməyiniz isə ona görə vacibdir ki, işəgötürən sizin CV-ni çıxartmaya bilər. Şəxsiyyət vəsiqəsi isə qeydiyyat məsələləri üçün lazımlı ola bilər.

Beləliklə, müsahibələrdə diqqət etməli olacağınız 5 əsas ana məqam üzərində məqaləmizi oxudunuz.


Sizə uğurlar diləyirəm!


İlkin Mirzəzadə, blogger, İNNAB-Ümumi işlər üzrə Menecer