Əgər latın dilindən tərcümə etsək, “seminarium” sözü “fidan”mənasını verəcəkdir. Başqa sözlə desək, insanların bilik və təcrübələrinin daha da təkmilləşməsini və genişlənməsini nəzərdə tutan bir prosesi nəzərdə tutur.
Xatırlayırsınızsa, uzun illər boyu biz qədim filosofların həqiqətin məhz mübahisələrdə doğulduğu iddiası ilə yaşamışıq. Məqsədimiz bu fikri təkzib etmək deyildir. 20-ci əsrdə fikir ayrılıqları və mübahisələr olmayan yerdə konkret nailiyyətlərin də mümkün olmayacağı elmi sürətdə sübut edildi.
Seminarlar qədim Yunanıstanda meydana çıxdı, daha sonra qədim Romada təlim prosesində tələbə və müəllim arasındakı müzakirələrə dayanıqlı oldu.
Bu gün dar ixtisaslaşmanın dərinləşdiyi və insanlardan konkret sahə üzrə daha tutumlu və dolğun bilgilərin tələb olunduğu yeni texnoloji inkaşaf dönəmində, dünyada baş verən proseslərin qlobal standartlaşmaya məruz qaldığı tarixi mərhələdə bəhs olunan platforma xüsusi aktuallıq qazanmaqdadır.
Bu günümüzdə isə seminar, mahiyyət etibarı ilə tam yeni müstəviyə addımlayaraq, əsas prinsiplərinin müzakirə, debat, konstruktiv dialoq və qarşılıqlı hörmət təşkil edən təlim sessiyalarının keçirilmə formalarından birinə çevrilmişdir.
Seminar bilik və təcrübənin ötürülməsində təkrarsız bir kommunikasiya aləti kimi gektdikcə daha geniş vüsət almaqdadır. Çünki insanlar daha təcrübəli və məlumatlı insandan bilik və bacarıq vərdişlərini və təcrübəni birbaşa ünsiyyətdə alaraq lakmus kağızı kimi özününküləşdirmək, gündəlik fəaliyyətində ondan maksimum effektiv faydalanmaq istəyir. Bu mənada seminarlara ciddi ehtiyac var və bu tendensiya yüksələn temlə bizi sabaha daşıyacaqdır.
Sirr deyil ki, bü gün seminarların başılca amalı və məqsədi müəyyən bir konkret mövzuda və
problemə dayanıqlı olmaqla müzakirə aparmaqla həll yollarına gedən çığırları daha da genişləndirməkdən, fəaliyyət üfüqlərini inkişaf etdirməkdən, ən başlıcası isə seminarın bütün iştirakçılara bəhs olunan mövzuda fikirlərini bildirməyə imkan yaratmaqdan, iştirakçıların həll prosesinin qəbuluna hazırlıq üçün fəal zəncirlərə çevirməkdir.
Sonra iştirakçılar öz iş və təhsil məkanlarına özəllikləri və xüsusiyyətləri nəzərə almaqla, həmin mühitə adektiv işlək həll tapa biləcəklər. Seminarlarda insanları çoxlu sayda kitab iqtibasları və ya statistika ilə yükləmək məsləhət deyildir.
Mən bu problemi belə həll etdim və digər keyslərdə bu problemin həlləri ilə də tanış olun. Amma seminarın açarı bütün problemlərə burada həll yolu tapılacağına bel bağlamaqda deyildir. Hədəf seminarda iştirak edənlərin - seminarçı ilə seminarçılar arasında problemə yanaşmada bir ortaq intonasiya yönünü aramaqdır.
Seminarların məqsdəuyğunluğu bununla bitmir. Əvvəlan normal seminar ödənişli olmalıdır. Bu baxımdan sosial səpgidə olan seminarları istisna etmək lazımdır. Orada pul deyil, biliyin və təcrübənin ötürülməsi ictimai dəyər daşıyır və bu yöndə kommersiyalizasiya məsləhət görülmür.
Seminarların məqsədi biletləri tez satmaq da deyildir. Əsas gözlənti hər bir seminar iştirakçısı qarşısında bilik əldə etməyə imkan yaradıla bilmək vəzifəsini önə çəkir. Söhbət dərin nəzəri mühazirədən getmir. Konkret problemin qoyuluşu, ona dair konkret keyslərin dəyərləndirilməsi və seminarçının öz şəxsi düşüncəsinin səsləndirilməsidir.
Zənnimcə, bu tipli tədbirlərin ən üstün və əvəzolunmaz xüsusiyyəti təcrübə mübadiləsi üçün əlverişli və güvən təmin edən mühit yaradılmasıdır. Belə ki, bu tipli kreativ ortamlarda - seminarlara qoşulmaq iştirakçılara təcrübə mübadiləsi aparmaq üçün mühit yaradır. Daha təcrübəli insanlardan profil sahədə hər kəsi maraqlandıra biləcək suallara faydalı özəllikləri və detalları ilə izaha malik cavab almaq imkanı yaranmış olur.
Daha iki önəmli cəhət də var ki, bunlar seminar iştirakçılarına hava-su kimi lazımdır. Seminar ideal ünsiyyət mühitinin mövcudluğu məkanıdır. Belə bir ortamın yaradılması da seminarçı üçün hava-su kimi lazımdır. Seminarlara mütəmadi qatılanların peşəkarlarla gözəl dostluq əlaqələri yaranır, onlar bir-birilərini yeniliklərdən xəbərdar edirlər, fikir və mülahizələrini şəxsi görüşləri və sosial media alətləri sayəsində paylaşa bilirlər.
Təəssüflər olsun ki, heç də hər yerdə seminar və təlimlərə bu mövqedən yanaşılmır, insan rsurslarına məsul olanlar seminarları heç də həmişə həvəslə dəstəkləmirlər. Bu da iki faktorla izah oluna bilər.
Birincisi, haqqı ödənilən seminarın effektivli gözlənilən səviyyədən çox aşağı olur və acı təcrübə şirkət rəhbərliyinə belə tədbirlərə bədbin yanaşmq üçün müəyyən əsəas verir.
İkincisi, belə seminarlardan məmun gələnlər daha tez-tez analoji tədbirlərə can atırlar və bu sahədə qənaətlilik prinsipinə sadiq olan firma rəhbərləri bu cür şirin pryaniklərlə əməkdaşlarını tez-tez sevindirməyə tələsmirlər (əslində isə şəxsi inkişafda olan kadr şirkətə yalnız fayda verə bilər). Düşünürəm ki, öndəki illərdə firma rəhbərləri bu yöndə planlamada daha ciddi olmaq zərurəti ilə qarşılaşacaqlar.
Son zamanlar seminar və təlimlər xidmətləri göstərilməsinə dair çoxlu qurumlar müxtəlif təkliflərlə çıxış edirlər. Amma bu sahədə tədbirlərin böyük əksəriyyəti üçün klassik format xarakterikdir, problemlər heç də həmişə aktual olmur, bir çox hallarda seminarlar şou və məzhəkəçiliyə çevrilir. İnsanlar sanki stand up tamaşasına gəliblər və gülə-gülə yeni bilik və təcrübə əldə etmədən, profil yönlü keyslələ tanış olmadan auditoriyanı tərk edirlər.
Mən bütün seminarların üstünlüyünü onun interaktivliyində görürəm. Təlimlərdə nəzəri biliyin ümumi həcminin yalnız 10%-ə qədəri səviyyəsndə biliklər praktiki təcrübədə təkrarlanmaqla avtomativ səviyyəyə çatdırılır.
Seminar isə çox iştirakçıların seminar prosesində daha fəal, fikir mübadiləsi səviyyəsində aktivliyi, ünsiyyət səviyyəsində hərəkətliliyi və təcrübə mübadiləsi müstəvisində kommunikativ dinamikliyi ilə fərqlənir.
Bu yazıda məqsədim insan zəkası və enerjisi sərf olunan bütün fəaliyyət sahələrində başlıca hədəfin bu və ya digər tədbiri keçirməklə qürur duyulmasından daha çox ictimai sərfəliliyinin və faydalılığının ön plana çəkilməsidir.
Seminar dəvət olunan insanın şəxsi nailiyyətlərinin öz mühitində və ölkəsində deyil, bizim ölkəmizdə və konkret şirkətin həyatında faydalı olub-olmamasıdır. Seminarın önəmliliyi müəllimin imicinin deyil, seminarın verimliliyinin diqqət mərkəzində saxlanılmasıdır.
Seminar mühazirə və ya təlim deyildir. Mühazirədə bir tərəfin rolu müdaxiləsiz olaraq əvvəlcədən həlledici olduğu halda, yalnız sonda simvolik suallarla və icmal xarakterli cavabların fərqli olduğu halda, təlimlərdə mövzunun içərisindən konkret bir fraqmentin seçilib qabardılmasından asılı olaraq fərqli olmasına rəğmən, seminar daha demokratik və geniş profillidir, öyrətməkdən daha çox öyrənməyi öyrədən platforma olaraq diqqətəlayiqdir.
Ümidvaram ki, yaxın illər ərzində biz yeni-yeni, fərqli və aktual mövzularda, tapdanmamış çığırlarla və kreativ yanaşmalarla seçilən, faydalılığı və gərəkliliyi ilə sevilən geniş çeşidli seminarların şahidi olacağıq.
Hər şeydə bir kreativ arayın istəyi ilə,
Teymur Məmmədov,
Kreativ direktor