Başlıqda qeyd etdiyim 3 alma söhbəti bu məqalənin məzmunun nağılvari olmasına dəlalət etmir. Kopiraytinq fəaliyyəti nağılvari olmaqdan və hədsiz optimizmdən çox-çox kənardır, əmin ola bilərsiniz. Kontent marketinqi müasir rəqəmsal marketinqin əsas fəaliyyət sferası olduğuna görə, onun 3 əsas nüvə anlayışını vurğulamaq üçün “3 alma” analogiyasından istifadə etdim.


3 alma düşmədən də xoşbəxt sonluq ola bilərmi?


O almalar, çox güman ki, Nyutonun başına düşmüşdü və sonluq, həqiqətən də, ümidverici oldu: bizi əhatələyən təbiətin əsas işləmə mexanizmlərini açıqlayan qanunları öyrəndik (bu rəvayətin nə qədər səhih olub-olmamasını bir kənara qoyaq). Nyuton, çox güman ki, digər 2 almanı iştahla yemiş və gələcək nəsillərə göz qırpmışdı.


Kontent marketinqinin nüvəsini təşkil edən 3 əsas anlayış eyni effekti yaratmağa və marketinq təbiətinin əsas işləyiş mexanizmlərini açıqlamağa kifayət edirmi?


Çox güman ki, edir.


Üç dairənin kəsişməsini təsəvvür edək. Birinci dairə araşdırmadır. İkinci dairə kontent (məzmun), üçüncü dairə isə sosial şəbəkələri təmsil edir. Kəsişmədə nə var?


Bəli, düz tapdınız: kontent marketinqi.


Beləliklə, müasir kontent marketinqinin nüvəsini təşkil edən 3 əsas anlayış araşdırma, kontent və sosial şəbəkələrdir. Bu anlayışların hər biri ilə daha yaxından tanış olaq və nə üçün bu qədər əhəmiyyətli olduqlarını anlamağa çalışaq.


Araşdırma – əvvəlki məqalələrdə də dəfələrlə vurğulandığı kimi – kontent yazarlığı və kopirayterliyin əsasında dayanır. Kopirayter münəccim və ya superzəka deyil; hər şeydən xəbərdar olmaq və hər şeyi analiz etmək heç bir insana şamil olmayıb. Ən yaxşı halda, universal zəkaya malik və geniş dünyagörüşlü insanlar mövcuddur ki, onlar belə, məsələn, Hindistandakı rəsmi dillərdən biri olan tamil dilinin qrammatikası ilə estonca arasında mövcud olan oxşarlıqları bilə bilməz (heç bir təsəvvürü də olmaz). Dolayısı ilə, araşdırma – ilk və ən vacib addımdır. İnternet əsrində və əşyavi internetin bu qədər vüsət aldığı bir zaman dilimində isə “araşdırma” termini kitabxanalarda saatlarca tozlu səhifələri vərəqləməkdən evdə noutbuk arxasında əyləşib isti kofedən udumlana-udumlana internetdə gəzinməyə qədər təkamül keçirmişdir. İndi araşdırma heç olmadığı qədər asan və əlçatandır. Qalır tənbəllik etməmək.


İkinci əsas anlayış keyfiyyətli kontentdir. Bəli, araşdırma apardıq və yetərincə maraqlı, faydalı məlumatlar tapdıq, bəs onları samballı bir kontent kimi necə təqdim edəcəyik? Burada kopirayterin fərdi qabiliyyət və təxəyyyül gücü işə düşür: “damardan girmək” və lazımi sözləri lazımi zamanda yazaraq “hədəfi gözündən vurmaq” onun öz əlindədir. Artıq heç nə gizli qalmır və internet sayəsində məhrəmlik anlayışı yeni məna qazanıb (və ya bütün mənasını itirib), buna görə də əksər informasiya bizə “bir klik uzaqlıqda”dır. Dünyanın hazırki gündəmi nədən ibarətdir? Koronavirus pandemiyasının yeni dalğası başlayıb? Elədirsə, bu informasiyanı öz kontentinin canına hopdurmaq və kreativ yanaşma sərgiləyərək analogiya aparmaq öz əlimizdədir.


Kontentimiz hazırdır? Əlbəttə, geriyə sadəcə onu paylaşmaq qalır. Heç nəyi özümüzə saxlamaq üçün yaratmırıq: baş sındırıb araşdırma aparmaqda, maraqlı və cəlbedici kontentlər hazırlamaqda bir məqsədimiz var ki, o da həmin məzmunun daha çox insana çatması və daha çox insanı cəlb etməsidir. Burada “sosial şəbəkə” anlayışı şərtidir, əslində, “sosial paylaşım”ı ehtiva edir. Yəni, kontenti sosial şəbəkələrdə də paylaşmaq mümkündür, veb saytlarda da, bloqlarda da, bannerlərdə də, televiziya ekranlarında da. Siyahı çox uzundur. Məkanın fərqi yoxdur. Məqsəd – daha çox insanla interaksiya etməkdir.


Beləliklə, marketoloqların cahanşümul səyləri və əziyyətləri nəticəsində modern kontent marketinqinin parçalanan atomu ilə, onun əsas kvarkları ilə tanış olduq.


O qədər də qeyri-adi heç nə yoxdur, elə deyilmi?