Facemark.az Nurlan Qarayevin "ABŞ-ın antiinflyasiya tədbirləri" haqqında köşə yazısını təqdim edir!
ABŞ prezidenti Co Bayden inflyasiyanın azaldılmasına yönəlmiş hərtərəfli səhiyyə, iqlim və vergi tənzimləmələrini ehtiva edən qanunu imzalayıb. C.Bayden Ağ Evdə keçirilən imzalanma mərasimində Konqresin təsdiq etdiyi “İnflyasiyanın Azaldılması Aktı”nı təsdiqləyib.
Mərasimdəki çıxışında Bayden bildirib ki, qanun ABŞ tarixinin ən mühüm qanunlarından biridir. Qanunun ABŞ-a iqlim dəyişikliyi ilə mübarizədə əlavə cəsarətli addımlar atmasına imkan yaradacağını qeyd edən Bayden, bunun səhiyyə xidməti almaqda çətinlik çəkən amerikalılara əhəmiyyətli faydalar təmin edəcəyini bildirib.
Bayden önümüzdəki 10 ildə büdcə kəsirinin 300 mlrd dollardan çox azalacağını və inflyasiya ilə mübarizə üçün kəsirlərin azalacağını vurğulayıb. Zənginlərin vergilərdən "ədalətli payını" ödəyəcəyini bildirən Bayden, böyük şirkətlərin bundan sonra minimum 15% korporativ vergi ödəyəcəklərini bildirib.
Sözügedən qanun iqlim dəyişikliyi ilə mübarizə, dərmanların qiymətlərinin azaldılması və vergitutma ilə bağlı tənzimləmələri əhatə edir. Qanun istixana qazı emissiyalarını azaltmaq və istehlakçıları yaşıl enerjiyə yönəltmək, yaşlılar üçün reseptlə satılan dərmanların qiymətini azaltmaq, şirkətlər və varlılar üçün vergiləri sərtləşdirmək məqsədi daşıyır.
İnflyasiyanın azaldılmasına kömək edəcəyi irəli sürülən qanun çərçivəsində, yeni vergi tənzimləmələri və reseptli dərman qiymətləri islahatının önümüzdəki 10 il ərzində 739 mlrd dollar gəlir və 433 mlrd dollar xərc təmin etməsi gözlənilir. Qeyd olunur ki, qanun büdcə kəsirini 300 mlrd dollardan çox azaldacaq.
Layihədə enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizəyə 369 mlrd dollar ayrılıb. Bu investisiyalarla ildə 500 ilə 1000 dollar arasında enerji xərclərini azaltmaq, 2030-cu ilə qədər karbon emissiyalarını 40% azaltmaq və həyata keçiriləcək yeni layihələrlə məşğulluğa töhfə vermək hədəflənir. Bundan əlavə, qanunla sağlamlıq sığortası xərclərini azaltmaq üçün 64 mlrd dollar ayrılır və 13 milyon ailənin ildə orta hesabla 800 dollar qənaət etməsi hədəflənir.