Facemark.az Xəqani Səfərovun "Quranda mükafat və cəza" adlı yeni yazısını təqdim edir!


Bu yazıda isə Quranda keçən cəza haqqında ayələr barədə fikirlərimi deyəcəm. Əgər siz bu yazının birinci hissəsini oxumamısınızsa məsləhət bilərdim ki, onu oxuyub sonra geri dönəsiniz. Çünki fikirlərimi kompleks izah etmək üçün iki yazını birlikdə nəzərdə tutmuşam.


Cəzanın məqsədi nədir?


Keçən yazıda vurğulandığı kimi Allahın kitabında mükafat ayələri cəza ayələrindən çox çəkilib. Mənə görə də bunun əsas səbəbi Allahın rəhmətinin qəzəbindən daha üstün olmasıdır. Ancaq maraqlısı da budur ki, cəza ayələrinin özünü də araşdıranda maraqlı bir fakt ortaya çıxır.


Belə ki, cəza ayələrini kompleks oxuyanda görürsən ki, əslində onların bir qismi cəza deyil, elə mükafatdır. Elə bil Allah insanı düzəltmək üçün cəza ilə qorxudur. Açıq-aşkar görsənir ki, Quranın cəza ayələrinin əksəriyyəti cəzlandırmaq üçün yox, cəzadan qaçırdıb mükafata aparmaq üçün gəlib. “Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir himayədar, nə də bir yardımçı tapmayacaqdır.” (Nisa surəsi, 123-cü ayə).


Əksər cəza ayələri bu qəbildəndir. Fikir verin, deyir ki, pis iş görsən sənə pis olacaq. Arxasınca da deyir ki, Allahdan başqa bir dost tapa bilmərsən. Pis olmamaq üçün Ona tərəf get.


Yəni burada qəzəb yoxdur, daha çox rəhmət var. Elə bil ana uşağına deyir ki, dərslərini yaxşı oxumasan pis olacaq. İstəmirsən yaxşı olsun?! Dərslərini yaxşı oxu, yaxşı oxu, yaxşı oxu. Burada “pis olacaq” deməkdə məqsəd, uşaq üçün yaxşı olmağı hədəflədiyi üçündür.


Belə baxanda görürük ki, Allahın cəzada məqsədi tərbiyə eləməkdir. Allah deyir ki, yaxşılıq elə cənnət verim. Görür bəzi adamlar bunu anlamadı, yenə də pislik edir. Deyir pislik etsən cəhənnəmə salacam haa, yaxşılıq elə mükafat verim. Yəni cəzada məqsəd mükafata aparmaqdır. Cəza mükafat üçün başqa bir yoldur. Cəzanın məqsədi tərbiyədir.


Şirkətlərdə də belə olmalıdır. Məndən sahibkarlar, idarəçilər tez-tez soruşurlar: Filan şey edən işçiyə hansı cəzanı verək?! Deyirəm onu nə tərbiyə edər, onu verin. Baxırsan işçi nə elədi cəza kimi maaşından kəsirlər. Bu da işçini tərbiyə eləmir, əksinə qıcıqlandırır.


Dəyişim üçün getdiyim şirkətlərin birində ilk iş günüm idi. Masama bir sənəd gəldi. Dedim bu nədir? - dedilər gecikən işçilər və onların maaşından tutulan məbləğlərdir. İmza atmadım. Rəhbərliyə xəbər verdilər, o da məni çağırdı. Sənədi götürüb sahibkarın yanına çıxdım. Dedi, Xəqani, bizdə 10 ildən çoxdur bu qayda var, insanlar bunun qorxusundan işə gecikmir. Bunu yığışdırsaq xaos olar. Mən də dedim ki, özünüz deyirsiz ki, bu qaydanı 10 ildir tətbiq edirsiz. Əgər bu qayda işə yarasaydı bu gün bu sənəd 37 səhifə olmazdı. (37 səhifəlik sənəd idi). Demək ki, siz ancaq pul tutursuz, tərbiyə eləmirsiz. Demək ki, bu üsul tərbiyə etmir.


Şirkət işçi gecikəndə maaşını kəsir, işçi də görür yuxudan dura bilmir, deyir, “əşşi keçim 10 manatımdan bir az da yatım”.


Cəza bizim keyfimizə görə ediləndə heç bir nəticə vermir. Cəzada məqsəd tərbiyə olmaldır. Tərbiyə etməyən cəza zülmdür. Və cəza edilənin öz pis işində bərkitməkdən (sırtıqlaşdırmaqdan) başqa heç bir işə yaramır. O üzsüzləşir, sən də cəza şiddətini artırırsan. O, daha da üzsüzləşir, sən də daha da şiddəti artırırsan. Sonra deyirsən ki, o qədər üzsüzdür ki, nə edirəm düzəlmir. Yox, qardaş, sən tərbiyə eləmirsən zülm edirsən ona görə üzsüzləşir. Ona görə çətin olur.


Nə ilə cəzalandıraq?


Mükafatdan fərqli olaraq, Allah Quranda cəzada yanlız qeyri-maddi cəzalar tətbiq etmir. Həm də maddi cəzalardan istifadə edir. Bəzən cəhənnəm odu ilə (qeyri-maddi) qorxutsa da, bəzən də gəmini batırır, evlərini ucurur, vulkan edib kəndi məhv edir (maddi cəza).


Mənə görə buna səbəb budur ki, Allahın mükafat verdiyi şəxslər mənəvi dünyasını korlamamış adamlardır. Onlar dünya malına əsl qiymətini verirlər. Onların gözündə ən lüks və bahalı maşın A nöqtəsindən B nöqtəsinə çatdıran bir vasitədən başqa bir şey deyil. Onlar 100 minlik maşınla 10 minlik maşını müqaisə edəndə maşının qiymətini yox, halalına görə müqaisə edirlər. Ona görə də Allah mükafatda maddi mükafat qoymur.


Ancaq caza veriləsi adamlar elə Allahdan uzaqlaşan adamlardır. Hansı ki, onlar dünya malına öz qiymətini yox, daha çox məna yükləyirlər. Lüks maşının lükslüyündə ilişib qalıblar. Ona görə də onların malına zərər gələndə onları incidir. Onalara cəza kimi görsənir.


Burada qətiyyən Allah adamının imkanı olmamalıdır, lüks maşında olmamalıdır kimi məna çıxarılmasını istəmərəm. Məqsəd əşyalara (dünya malına) düzgün qiyməti verməkdir. İnsan ən gözəl evlərdə oturmağa, maşınları sürməyə layiqdir.


"Apple"in atası Stiv Cob ölüm yatağında yazdığı məktub bu dünya əşyalarına verilən artıq qiymətin doğurdan necə olmasını açıq göstərir.


“Qaranlıqda, süni nəfəs cihazının yaşıl işığına baxdıqda və aparatların səslərini eşitdikdə ölümün yaxınlaşan nəfəsini hiss edirəm.


Mən yalnız indi dərk edirəm ki, kifayət qədər pulum olduqda həyatımın qalan hissəsini zənginliklə əlaqəli olmayan tamam başqa məqsədlər üçün sərf edərdim.


Mənfəət arxasınca daimi qaçış yürüşü insanı marionetkaya çevirir. Bu mənimlə də baş verdi… Həyatım boyu qazandığım sərvəti özüm ilə apara bilmərəm. Özümlə apara bildiyim yeganə şey – sevgi ilə əlaqəli xatirələrimdir… Əldən verdiyimiz maddi əşyaları tapmaq, qazanmaq, axtarmaq olar. Lakin itirdikdən sonra tapa bilməyəcəyiniz bir şey var. Bu həyatdır. İndi yaşınızın nə qədər olduğu və yaxud nələrə nail olduğunuz önəmli deyil. Hər birimizin həyatında pərdələrin enəcəyi gün gələcək. Sizin xəzinəniz – ailənizə, sevdiyiniz insana, yaxınlarınıza, dostlarınıza olan sevgidir… “ - deyə Stiv Cob yazır.


Niyə cəzalandıraq?


Cəza ayələrinə baxanda çox maraqlı bir nüans var. Allahın ayələrdə “cəzalandıraram” dediyi heç bir şey Allahla bağlı deyil. Məsələn deyir, filan pis əməli eləmə, cəhənnəmə gedərsən. Kim etsə?- mən etsəm. Kim gedər?- mən gedərəm. Bundan Allaha nə?. Ayələrə baxanda bir sual yaranır ki, axı Allah niyə bu qədər narahatdır ki?! Yəni can mənimdir, özüm bilərəm.


Çoxu elə bilir ki, Allahın insanla münasibəti bu formadadır: Allah yaradıb və qayda qoyub. Yaxşılıq eləsən cənnətə, pislik eləsən cəhənnəmə gedəcəksən. Çoxu elə bilir ki, Allahın insanla münasibəti həkimin xəstə ilə münasibəti kimidir. Mədən ağrayır?! - Al at bu dərmanı sağalacaq. Atamayacaqsan sağalmayacaq. Heç həkimin vecinə də deyil. Sağalmaq xəstənin öz məsuliyyətidir.


Yox, əzizlər, Allahın insanla münasibəti bu formada deyil. Cəza ayələri bizə göstərir ki, ifadəmə görə üzr istəyirəm, az qala Allah insana “yalvarır” ki, günah eləmə. Allahın insanla münasibəti həkim və xəstə kimi deyil, ana və uşağı kimidir. Hər cəhənnəmə gedən adam bir “fail”dir, bir uğursuz vakadır, bir iflas layihəsidir. Allah hər insanın cənnətə getməsi üçün əlindən gələn bütün resursları istifadə edir.


Məsələn, uşaq anasına desə ki, sənə nə dəxli var ee, mən özümü 9-cu mərtəbədən yerə atıram. Heç anası onunla razılaşarmı? Ana hər şeyi edər ki, uşaq bunu etməsin. Ona yalvarar, döyər, əlin-ayağın bağlayar - hər cəzanı verər ki, uşaq özünü atmasın. Allahla insan arasında da münasibət belədir. O, bütün resurslarını ortaya qoyur ki, mükafatı alasan. Ona görə də, Allah Quran da deyir ki, Allahın əzabını qazanan adam çox pis adamdır.


Gör insan necə olmalıdır ki, Yaradan tərəfindən anasından da çox istənməsinə, bütün resurslarının onun böyük mükafatı qazanmasına xərclənməsinə rəğmən insan əzaba layiq işlər etsin. Doğurdan insan bunu necə bacarır?! Heç ağıla sığmır.


Burada çox yaxşı bir dərs var ki, rəhbər cəzanı fərdini təmin eləmək üçün etməməlidir. Rəhbər hansısa şəxsi müstəvidə məsələ həll etmək üçün cəzalandırmamalıdır. Cəza ümumi mənfəətə, daha strateji hədəflər üçün edilir ki, şirkət ona çata bilsin. Hansısa işçinin maaşını kəsmək o işçi səviyyəsinə endiriləcək qədər kiçik bir hadisə olmamalıdır. Bir işçiyə verilən kiçik töhmət belə şirkətin çox ciddi strateji hədəfinə xidmət etməlidir. Cəza işçi səviyyəsinə enməyibsə, şirkətin ana strateji hədəfinə qulluq edirsə, tərbiyə edirsə hər formada qəbul olunandır. İstər maaş kəsmə olsun, iştər töhmət olsun, istər bonusun verilməməsi olsun, istər işdən çıxartma olsun. Əsas odur ki, şəxsi müstəviyə endirilməsin və strateji məqsədə xidmət etsin.


Bir dəfə Hz. Əli döyüşdə bir cəngavəri yerə yıxır. Son qılıncı vurmaq istəyəndə yerdə can hayında olan düşmən onun üzünə tüpürür. Hz. Əli qılıncı saxlayır və ayağa durur. Qısa bir fasilədən sonra düşmənə yaxınlaşıb sonuncu qılıncı vurur. Kənardan görənlər üçün bu çox təəcüblü gəlir. Bunu səbəbini ondan soruşanda deyir ki, mən dinim üçün vuruşuram. O mənim üzümə tüpürəndən sonra vursaydım şəxsi qəzəbimə görə vuracaqdım.


Strateji məqsəd yoxdursa cəza şəxsi müstəviyə düşür və bu zülmdür.