Facemark.az Xəqani Səfərovun "Topu kim partlatdı? - Ədalət" adlı yeni yazısını təqdim edir!


Keçən mövzuda ədalətlə bağlı bir necə məsələni aydınlaşdırdıq. Anladıq ki, ədalət hər şeyin öz yerində olmasıdır. Və başa düşdük ki, nələr ədalət deyil.


Ədalət bir bütündür.


Ümumiyyətlə bir insan necə ədalətli davranır? Nə zaman ona ədalətli deyirlər? Məsələn, iki uşaq top oynayır. Top partlayır. B A-ya deyir sən elədin, A isə B-yə deyir sən elədin. Sən də kimin elədiyini görürsən. Gəlirlər sənin yanına. Bu halda sənin həqiqəti deməyin - ədaləti bərpa etməyin asandır.


İndi gəlin məsələni bir səviyyə çətinləşdirək. Topu A partladıb və A sizin qardaşınızdır. Əgər bunu desəniz A topu almalı olacaq. Artıq burada həqiqəti demək ədalət indeksinizdən asılıdır. Siz üç variantdan birini seçə bilirəsiz. Ya ədaləti qoruyub qardaşınız ziyana düşsə belə deyəcəksiz A elədi. Bu hada siz ədalətli davranırsız.


Ya qardaşınızın ziyana düşməməsi üçün deyəcəksiz B elədi. Bu ədalətsiz davranışdır, hətta daha betəri zülm eləməkdir. Böhtan atmaqdır. B-ni göz görə-görə ziyana salmaqdır. Öz dilimizdə desək kişilikdən deyil.


Ya da heç kimə böhtan atmayacaqsız, amma qardaşınızı da qoruyacaqsız. Deyəcəksiz görmədim. Belə görünür ki, siz bu variantda ən sağlam addımı atmış olursuz. Həm qardaşınızı qoruyursuz, həm də B -ni göz görə ziyana salmırsız. Xeyr. Xeyr, dostlar. Bu variant da ədalətsiz davranışdı. Ədalət prizmasında bu variantın 2-cidən heç bir zərrə fərqi yoxdur. Ədalət ya var, ya da yoxdur. Ədalətli variantin seçilmədiyi bütün variantlar ədalətsizdir və bunlar arasında xüsusi keyfiyyət fərqi yoxdur. Məsələn, biri sizin cibinizə girib 10 manat oğurlamaqla, 100 manat oğurlaması arasında oğurluq ekosistemində heç bir fərq yoxdur. Onun oğru olma reallığını dəyişmir.


Ədalət oynaqdırmı?


Yuxarıdakı misalda biz sənin topu kimin partlatdığını gördüyün hipotez üzərindən getmişdik. Yaxşı gəlin prosedə səviyyəni bir qədər də çətinləşdirək. Eyni hadisəni götürək, amma bu dəfə sizin həqiqətən topun kimin partlatdığını görmədiyiniz hipotezini irəli sürək. Top partlayır və onlar sizin yanınıza gəlib, sizin qərar verməyinizi istəyir. Dolayısı ilə siz ədalətin nə olduğunu bilmirsiniz.


Ədalətin nə olduğunu bildiyiniz vəziyyətdə ədalətli qərar verib-verməmək əxlaq, ədalət indeksinizlə bağlıdır. Bəs ədalətin nə olduğunu bilmədiyiniz vəziyyətdə nə etmək lazımdır?


Məsələn, bu vəziyyətdə siz yuxarıdakı ilk iki varianti seçsəniz ədalətsiz olursuz. Amma üçüncü varinatı - vəziyyəti görmədim- desəniz ədalətli olursuz. Gördüyümüz kimi, şərtin əvvəlində bir balaca detalı dəyişdik deyə bir vəziyyətdə ədalətsiz görsənən, ədalətli bir qərara çevrildi.


Elə bu səbəbdən ədalət çox oynaq kimi görsənir. Elə başa düşülür ki, bir ədalət yoxdur, bir neçə ədalət var. Amma buna səbəb ədalətin özünün oynaq olması deyil, insanların nəfsi davranışlarının oynaq olmasıdır. Yuxarıdakı misalda da açıq göründüyü kimi əvvəldə kiçik bir detalı dəyişməklə nəticəni 180 dərəcə dəyişmək olur. Ona görə də hər kəs özünü haqq görə bilir və bu müzakirələr heç vaxt bitməyəcək. Hər kəs əvvəldə balaca bir detalı dəyişib ədalətin başqa qərar olmasını iddia edəcək. İnsan nəfsi və istəkləri bitmədiyi üçün ədalət axtarışı da davam edəcək. Allah bunu bizim qəlbinizə ona salıb ki, ədalətli bir dövrün intizarında olaq. İçdən- içə hamı bilir ki, bir gün necəsə olacaq, amma çox ədalətli dövr gələcək.


Ədalətdə minimum hədd


Gəlin, vəziyyəti bir səviyyə də çətinləşdirək. Hipotez odur ki, siz topu kimin partlatdığını bilmirsiz və bir də üçüncü variantı - görmədim variantını seçə bilmərsiz. Belə vəziyyətdə nə etməli?


Yəni doğurdan da burada bir yaxşı sual var. Biz ədalətin nə olduğunu bilmədiyimiz və hökm verməli vəziyyətlərlə necə davranaq? İnsan gündəlik həyatında dəfələrlə belə hallar yaşayır və orda müxtəlif qərərlar verir.


Adətən, belə vəziyyətdə hansısa bir daxili prosesə söykənib çıxarış edirik. Məsələn, hər ikisini danışdırıb, şübhələndiyimizi günahkar olduğunu deyir və ya başqa bir şey edirik.


Mənə görə belə vəziyyətdə ədalət onu axtarıb tapmaqla bağlı məsələ olmaqdan çıxır. Yəni gördün ki, vəziyyətdə ədaləti axtarıb tapmaq olmur, ədalət axtarışının dayandır.


Bəs belə olanda nə etmək lazımdır? - Məncə belə vəziyyətdə ədalətin minumum həddini qorumaq lazımdır. Yəni ədalətsiz olmamaq lazımdır. Ola bilər ki, elə vəziyyətlər var ki, biz ədalətin nə olduğunu bilmirik, amma orda ədalətSİZliyin nə olduğunu 100 faiz bilirik. Onları etməmək lazımdır.


Başqa sözlə desək, ədalətin nə olduğunu bilmədiyimiz vəziyyətdə ədalət elə ədalətsizlik etməməkdir.


“Şübhəsiz ki, Allah ədalətli olanları sevir.” (Mumtəhənə surəsi, 8-ci ayə)


Bu mövzu hələ bitməyib - Ardı gələn yazıda…