Facemark.az Xəqani Səfərovun "Ümumi və xüsusi ədalət" adlı yeni yazısını təqdim edir!
Ədalətlə bağlı keçən iki yazıda ədalət anlayışının bir çox tərəflərini açıqlamağa çalışdıq. Qeyd etmişdik ki, ədalət bir bütündür və bölünə bilməz.
Ancaq burada yeni bir anlayış çıxarmaq istəyirəm. Əslində iki formada ədalət var. Xüsusi ədalət və ümumi ədalət. Bu ədalətin özünü iki yerə bölmür. Və bundan əvvəlki “ədalət bütövdür” dediyimiz fikirə tərs deyil, əksinə onu təsdiqləyir.
Məsələn, oturduğunuz otağı bir akvarium olduğunu və içinin bütün su ilə doldurulduğunu xəyal edin. Su otağın bütün yerinə nüfuz etmiş olacaq. Ancaq bu akvariuma iki yerdən baxmaq olur. Bir siz oturduğunuz yerdən otağın içində ola-ola suya baxırsız, bir də başqa bir adam otağın kənarından, başqa otaqdan akvariuma baxır. Otağın içində bu su tam başqa görsənir. Otağın kənarından isə daha başqa cür görsənir.
Otağın içindəki su - xüsusi ədalət, kənardan baxanda görsənən akvarium boyda su isə ümumi ədalətdir.
Hər bir hadisədə hər iki ədalət işləyir. Sadə biz xüsusi ədaləti daha tez görür, ümumi ədaləti isə ola bilər bir az geç hiss edirik.
Pəncərədən düşən günəş
Mənə görə dünyada ümumi bir ədalət hökm sürməkdədir. Buna İlahi ədalət deyirlər. O bir günəş kimidir. Hər zaman çıxır və heç kəs günəşin qabağın kəsə bilmədiyi kimi İlahi ədaləti də poza bilməz. Dünyada İlahi ədalət çox ədalətli bir şəkildə, heç kimə xüsusi imtiyaz tanımadan işləyir.
Bir də xüsusi ədalət var. Buda insanlar arasında hərəkət edən, ümumi ədalətə oxşayan və onun mühim bir hissəsi olan, insanların nəticələrinin daha tez gördüyü ədalətdir.
Bənzətmə eləsək belə deyə bilərik, ümumi ədalət günəşdir. Göydən aramsız saçır və hər yerə düşür. Xüsusi ədalət də otağın pərtəsini aralamaqdır. Bir pərdəni aralayanda ümumi ədalət xüsusiləşib otağa daxil olur. Otağı biz işıqlaşdırmış oluruq.
Biz pərdəni açmasaq da otağa həmin an işıq düşməyə bilər və otaqdakılar işıqsız qala bilər. Ancaq bu və ya digər formada otaqdakılar bir gün günəşi görəcək. Sən pərdəni aralaya və ya aralamaya bilərsən, günəşin qarşısını isə ala bilmək qüdrətində deyilsən.
Ona görə istənilən prosesdə ümumi ədalət təcəssüm edir, sadəcə insana şans verilir ki, xüsusi ədalətdə iştirak etsin.
Bu hissəni izah etmək üçün çox yaxşı bir xatirəm var. Açığı çox tərəddüd etdim ki, yazım yoxsa yazmayım. Allah şahiddir ki, bunu məhz bu mövzunu izah etmək üçün yazıram, yoxsa ki, bu hadisə 10 ilə yaxındır baş verib ancaq heç yerdə belə açıq danışmamışam. Olayda iştirak edənlər hər biri sağdır. Onları tanıyanlar da sağdır. İnsallah xətasız danışaram.
Universitet illərində ən böyük arzularımdan biri xaricdə magistr oxumaq idi. Tale elə gətirdi ki, bu proses həm maddi, həm də müxtəlif şəxsi səbəblərdən alına bilmədi. Əsgərlikdən sonra bu arzu içimdə sönməmişdi. Ancaq yenə bəzi şəxsi səbəblərdən hazırlaşıb getmək imkanım olmadı. Amma təslim olmadım. Bir neçə umiversitetə vəziyyəti məktubla yazdım, onlara niyə məni elə belə qəbul etməlidiləri bildirdim. İngiltərənin bir universiteti məktubuna müsbət cavab verdi. Lakin həmin dövrdə anidən başqa bir problem çıxdı və ora da gedə bilmədim. Sonra iş həyatı, ailə, uşaq artıq xaricdə təhsil heç də real görsənmirdi.
Bir gün direktorum məni yanına çağırdı və dedi ki, üzvü olduğumuz bir təşkilat xaricdə ixtisas artirma kursuna adam göndərmək üçün bizdən bir nəfər istəyir. Bütün xərclər qarşılanacaq və s. Gözümə işıq gəldi. Ürəyim pır-pır edirdi. İçimdə durub direktoru qucaqlamaq keçirdi. İstəyirdim otaqda sevincimdən qışqırım.
Ancaq sonra direktor dedi ki, bizim ora göndərməyə iki namizədimiz var. Biri sənsən, biri də Xəzər. Səncə hansınızı göndərək?
Elə bil bütün dünyanı okeanlarını qaynar su edib başıma tökdülər. Axı bu sualı mənə necə verirsiz?! Mən özümü necə deyim?! Özümü toparlayıb dedim ki, Xəzəri göndərin. Söhbətləşib otaqdan çıxdım. Öz-özümə dedim ki, bu səfər də alınmadı.
Sonra Xəzər yanıma gəldi və onu təklif ediyimə görə təşəkkür elədi. Xəzər hazırlaşmağa başladı, ona sənədlərdə falan kömək elədim. Sənədlərin qəbuluna 1 gün qalmış, Xəzər yanıma gəlib dedi ki, onun getməyi qəfil çıxan şəxsi səbəblərə görə alınmır. Direktora da deyib. O da deyib ki, onda Xəqaniyə de o getsin. Bir günə möcüzəvi şəkildə sənədləri hazırlayıb müsahibəyə qatıldım və kursa getdim. Bu mənim xaricdə oxumaq arzumu tamamən ödədi.
Bu xüsusi və ümumi ədaləti əks etdirən bir səhnədir. Əslində direktorun mənə “Xəzər yoxsa sən gedəsən?” sualında ədalətin hansımızdan yana olduğunu analaya bilmirdim. Biz keçən yazıda nə dedik? Ədalətin nə olduğunu bilmədiyin vəziyyətdə qərar vermək lazımdırsa, ədalətsizlik etməmək lazımdır. Ədalətsiz olmamaq orada elə ədalətin özüdür.
Mən də fikirləşdim ki, Xəzəri demək ən azı ədalətsizlik etməmiş oluram. Ona görə içimdə xaric sevgisi olmasına rəğmən ədalətsizlik etmək istəmədim. Xəzəri təklif elədim.
Anladığım budur ki, o vəziyyətdə ümumi ədalət başqa imiş, sadəcə günəşin otağa düşməsi üçün xüsusi ədalətə ehtiyac var idi.
Bəlkə də ona görə Xəzərin getmək məsələsi şəxsi səbəblərdən qəfil alınmadı, mən də müsahibədən rahat keçdim. Bəlkə də mən orada özümü desəydim heç müsahibədən keçə bilməzdim.
Dünyada bir İlahi ədalət var və o mütləqdir ki, hər şeyi qaydasına qoyur. Biz isə bu İlahi ədalətin xüsusi ədalət hissəsində iştirak edirik. Bizim imtahanımız elə xüsusi ədaləti qorumaqdır. Yoxsa biz kimik ki, ədalətin qarşısını alaq.
Heç günəşin qabağın alamaq olarmı?! Günəş mütləq ki, bir yolunu tapıb otağa düşəcək sən xüsusi ədalətə diqqət etsən daha tez düşəcək, etməsən geçikəcək, amma bir gün mütləq düşəcək.
“Allah ədalətlə hökm verər. Ondan başqa dua etdikləri isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.” (Ğafir surəsi, 20-ci ayə)
Ardı var...