Facemark.az Xəqani Səfərovun "Ədalət" adlı yeni yazısını təqdim edir!


Mənə görə əldalət mövzusu çox fundamental mövzulardandır. İnsan daxilən ədalət axtarışında olan bir varlıqdır. İdarəetmənin, biznesin də ana damarlarından biri ədalət anlayışıdır.


Uzun illər əvvəl bir araşdırma qarşıma çıxmışdı. İnsanların nəyi niyə etməsi ilə bağlı maraqlı bir araşdırma idi. Deməli, araşdırıblar ki, məsələn, insan niyə işləyir? - Pul qazansın. Niyə pul qazanmaq istəyir? - Yaxşı yaşasın. Niyə yaxşı yaşamaq istəyir? - Rahat olsun. Niyə rahat olmaq istəir? - Xoşbəxlik üçün. Niyə xoşbəxtlik istəyir? və s.


Hər biri bir ağacın hissələri kimi müxtəlif budaqlarda birləşirdi. Bu budaqlar isə bir necə ana sütünda dayanırdı. Və bu ana sütün, iki kök üstündə idi.


Araşdırma deyirdi ki, əslində insanlar dünyada bütün etdiklərini iki ana hissə, ehtiyaca görə edirlər. AZADLIQ və ƏDALƏT.


Sonra tədqiqatda deyirdi ki, bunların hansının təməl olmasını demək çətindir. Ancaq ümumi anlayış və rəftar göstərir ki, insan azadlığın özünü belə ƏDALƏT üçün istəyir. Yəni insanın ən təməl hissi ƏDALƏTdir.


Amerikalı filosof John Rawls "A Theory of Justice" (Ədalət nəzəriyyəsi) əsərində ədalətli bir toplumun azad hərəkət edən fərdlər cəmi kimi tərif edir. Bunun özü də bir növ azadlığın səbəbinin ədalət olmasını dolaysı ilə qəbul edir. Düzdür ki, Rawls siyasi nəzəriyəçi olduğundan o bunu bir başa mənasında yox, siyasi pəncərədən vurğulayır. Ancaq yenə də bu ədalət daha təməl hiss olması istiqamətində ümumi prinsipi dəyişmir.


Hz.Əli deyir ki, “Ədalət bütün varlığın onun üzərində qurulduğu bir bünövrədir”.


Ədalət o qədər təməl hissdir ki, bütün səmavi kitablarda “Ədalətli olun” əmrləri var.


“Ey iman gətirənlər, Allah üçün ədaləti təmin edənlərdən olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! (Maidə surəsi, 8-ci ayə)


Hər kəsin haqqını qoruyun və kimsəyə qarşı haqsızlıq etməyin (İncil, Luka 3:14)


Ədalət nədir?


Ümumiyyətlə, ədalət elə mövzudur ki, burada hər kəsə görə bir tərif vardır. Hər kəsin öz ədaləti ola bilər. Hər baxışdan ədalət fərqli cür görsənə bilir. Ədalət ümumi ölçülə bilən bir anlayış deyil.


Quranda ədalətli olun deyən də ədalətli bölün, ədalətli şahidlik edin, ədalətli ticarət edin, ədalətli qərar verin, ədalətli davranın kimi ifadələr işlədir. Belə başa düşülür ki, ədalət hər zaman nəyəsə nisbətdə ortaya çıxır. Yəni ədalət gözəllik, qoxu kimi deyil ki, özlüyüdə var olsun. Nəsə olmaldır ki, onun icrasında ədalət və ya ədalətsizlik dünyaya gəlsin.


İslami mətnlərdə var ki, ədalət hər şeyin öz yerində olmasıdır. Haqqı olana haqqını vermək ədalətdir. Mütləq ki, ədalətə bir tərif vermək lazımdırsa məncə ən fundamental tərif də elə budur - hər şeyin öz yerində olması.


Bu biznesin hər tərəfində var. Demək, işçinin danışdığınız kimi maaşını vermək ədalətdir. Əgər bir işçi filan vəzifəyə layiqdirsə o vəzifəni ona vermək ədalətdir. Bonusu haqq edibsə vermək ədalətdir. Müştəri malı alanda danışdığınız bütün şərtlərə riayət etməmiz ədalətdir. Harda kimin haqqı varsa vermək ədalətdir.


Deməli ədalətin nə olmasını nisbətən anladıq. Bu mövzunu nisbətən işıqlandırsa da tam açmır. Onda gəlin baxaq ki, nə ədalət deyil?


Nə ədalət deyil?


- Bərabərlik ədalət deyil:


İnsanlar çox vaxt bərabərliyi ədalət hesab edirlər. Xeyir bərabərlik ədalət deyil. Çox vaxt bərabər davranma elə ən böyük ədalətsizliyə gətirib çıxarır.


Bütün işçilərə eyni maaşı vermək bərabərlik, amma ədalətsizlikdir. Ədalət hər şeyin haqqını verməkdir dedik. Çox işləyən çox, az işləyən az maaş almalıdır. Ədalət budur. Bərabər davranmaq ədaləti təmin eləmir. Daha çox susayan daha çox su içməsi ədalətdir.


- Biznes sahibinin biznesdə azad hərəkəti ədalət deyil:


Biznes sahibi qohumunu işə götürüb hamıdan fərqli münasibət göstərib deyə bilər ki, biznes mənimdir özüm bilərəm. Yox bu belə deyil. Evdə, ailədə necə istəyirsən edə bilərsən, ancaq iş mühitində, hətta sənin biznesin olsa belə öz qohumuna digərləri ilə münasibətdə fərqli şərait yaratmağın ədalət deyil. Ədalət orada qohumların işləsə də, onları digərlərini ölçdüyünlə ölçməkdir.


“Ata­-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti təmin edənlərdən olun” (Nisa surəsi, 135-ci ayə)


Mərhəmət ədalət deyil:


Rəhbərlər niyə ədalətə riayət etməkdə çətinlik çəkirlər? Mənə görə bunun cavabı onların “pis oğlan” olmaq istəməməsidir. İnsanlar yaxşı rəhbər deyəndə belə anlaşılır ki, yaxşı rəhbər qəşəng maaş verir, insanların işinə qarışmır, səhv etdikdə göz yumur və s. Yaxşı rəhbərin tərifi bu cür olduğundan insanlar da rəhbər olanda özünü bu tərifə kodlaryır. Ancaq reallıq belə deyil. Ədalət təkcə pozitiv hadisələrdə dünyaya gəlmir. Məsələn, işdən çıxarılmağa layiq işçini işdən çıxarmaq da ədalətdir. Oğurluq edəni polisə vermək də ədalətdir. İşi yarımçıq görmüş ustanın pulunu kəsmək də ədalətdir. Malı söz verdiyi formada gətirməyən tədarükçü ilə hesablaşmağın da ədalətdir. Dediyimiz kimi, haqqını haqq sahibinə vermək ədalətdir. Əgər bir nəfər oğurluq edibsə o işdən çıxmağa layiqdir dəə. Onun haqqı ver özünə.


Ədalət təkcə çəhrayı dünyada olmur. Çox vaxt belə görsənir ki, insanların mərhəmət hissi ədalət hissini qabaqlayır. Ancaq biz dedik axı, ən təməl hiss ədalətdir. Ədaləti qabaqlayan istənilən hiss aldadıcıdır. Mərhəmətli olmaq, ədalətli olmaq deyil. Hətta çox vaxt mərhəmət ədalətsizliyə gətirir çıxarır.


Bir işçi oğurluq edir. Deyir, “anam xəstədir, ona görə oğurladım”. Rəhbərin ona yazığı gəlir və işdə saxlayır.


Bu belə görsənir, lakin belə deyil. Əslində o rəhbərin ədaləti tam deyil, işçini işdən çıxarmağa cəsarəti çatmır. Onun adını mərhəmət qoyub bağışlamış kimi davranır. Halbuki, burada ədalət oğrunu işdən çıxarmaqdır. Mərhəmət göstərməklə ədaləti məhv edir. Ədalətli davranmağa cəsarətimiz çatmayanda adını mərhəmət qoyub yayınırıq.


Bir oğurluq edəni çıxarmamaq, ən azından şirkətdə çıxarılacağından qorxaraq oğurluq etməyən digər əməkdaşlara ədalətsizlikdir.


Mərhəmət hissi şəxsi müstəvidə qəbul edilir. İşçinin anası xəstədir və oğurluq edibsə, onu işdən çıxar (ədaləti bərpa elə), sonra çıxar cibindən anasının müalicə pulunu ver, ol mərhəmətli.


Uca ədaləti tapdalayaraq mərhəmətli olmaq olmur, axı!!


Ardı növbəti yazıda…