Ailə NET internet provayderi Bakı şəhərindəki mənzillərin fiber-optik kabel vasitəsilə internetlə təmini üzrə işlərə başlayıb.
Şirkətin məlumatında deyildiyinə görə, fiber-optik şəbəkə insanlara daha sürətli, keyfiyyətli və sərfəli internet xidmətlərindən istifadə etmək imkanı verəcək.
Provayder 2010-cu ildən Nizami və Xətai rayonlarında 100-ə yaxın binaya test rejimində fiber-optik kabel vasitəsilə internet çəkib.
Bu ilin yanvar ayının ilk günlərindən etibarən isə provayderin briqadaları Bakı şəhəri mikrorayonlarının fiber-optik internetlə təmini üzrə işlərə başlayıblar. Ailə NET-in kabel televiziyası operatoru Ailə TV-in tərkib hissəsi olmaqla onun öz fəaliyyətini fiber-optik kabellər vasitəsilə həyata keçirməsi səbəbindən provayder hazır şəbəkənin imkanlarından istifadə edərək qısa müddət ərzində öz sürətli internet şəbəkəsini yarada biləcək.
Məlumatda qeyd edilir ki, 2014-cü ilədək genişzolaqlı optik internetdən şəhərin bütün ərazilərində istifadə mümkün olacaq.