Sentyabrın 21-də Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində Mərdəkan çimərliyi “Coca-Cola” şirkətinin əməkdaşları, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə təmizlik aksiyasına qoşulmaq istəyən hər bir kəs tərəfindən zibildən təmizlənəcək.


 


Bu təşəbbüs “Coca-Cola” şirkəti tərəfindən artıq 28-ci ildir ki dəstəklənir və dünya miqyasında çimərlik, daxili sular və okeanların zibil və tullantıların təmizlənməsinə dair ən iri birgünlük könüllü aksiya hesab olunur. Bu il sözügüdən aksiyanı Milli Olimpiya Komitəsi, Azərbaycan Diplomatik Akademiyası, Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatı, “ASAN xidmət”, “Təmiz Şəhər” ASC, “Green Baku” klubu, “Təbiətin Dostları” klubu, “ALLmag” online-jurnalı və BLBS Təhsil Mərkəzi tərəfindən dəstəklənir.


 


“Biz bütün insanları Xəzəryanı sahili zibildən təmizləmək üçün öz töhfələrini verməyə, aksiyada iştirak etməyə və “Coca-Cola” şirkətinin elçisi olmağa çağırırıq. Bu təşəbbüs yalnız sahilyanı ərazinin təmizlənməsinə deyil, həmçinin, insanların təbiət və ətraf mühitə qayğı və məsuliyyətlə yanaşmaq istiqamətinə yönəldilib”, - deyə sözügüdən təşəbbüsü şərh edən “Coca-Cola” şirkətinin market meneceri Qabil Əhmədov bildirib.


 


Aksiya “Yığ, Təmizlə, Fərqi Hiss Et!” şüarı altında Mərdəkan çimərliyində keçiriləcək və bütün aksiya iştirakçıları “Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi avadanlıqla təmin olunacaq.


 


Aksiyada iştirak etmək istəyənlər 436-90-67/435-85-09 telefon nömrələrinə zəng edib, info@redcom.az ünvanına e-mail göndərib və ya aksiyanın “Facebook” səhifəsində qeydiyyatdan keçə bilər.


 


Qeyd edək ki, ötən il keçirilən analoji birgünlük aksiya çərçivəsində Şüvəlan çimərliyinin 35 hektar ərazisi 16 kubmetr məişət tullantısından təmizlənib. Ümumiyyətlə, dünya üzrə bu aksiyaya ötən il “Coca-Cola”nın 27 ölkədən 24 mindən artıq tərəfdaşı qoşulub ki, nəticədə ümumi uzunluğu 2.1 min  kilometr olan sahil yanı ərazilər tullantıdan təmizlənib və hər il bu rəqəm artmaqda davam edir.