Bir aydan çox davam edən “CSR World Velo Tour” adlı korporativ sosial məsuliyyət velosiped turunun finalı, nəhayət ki, baş tutdu. “Feel the world - Dünyanı hiss edək” şüarı altında 13 ölkədə (Gürcüstan, Ukrayna, Polşa, Latviya, İsveç, Danimarka, Almaniya, Belçika, Fransa, İtaliya, İspaniya, Türkiyə və Azərbaycan) velosiped sürərək korporativ sosial məsuliyyət (KSM) dəyərlərini təbliğ edən iştirakçıların sonuncu dayanacağı Bakı oldu. 50-dən çox velosipedçi  “CSR Baku Velo Tour” çərçivəsində 40 km-dən çox məsafə qət etdi.


 



Layihəni təşkil edən KSM (korporativ sosiyal məsuliyyət) Azərbaycan-ın  rəhbəri və turun iştirakçısı Rəşad Camalın sözlərinə görə, “CSR World Velo Tour” hər ölkədə olduğu kimi doğma Bakımızda da böyük maraq oyadıb. “Sosial layihəmiz nəinki sadə vətəndaşların, eləcə də QHT-lərin, şirkətlərin və KİV-in də diqqətini cəlb edib. Məqsədimiz də məhz bu idi. Biz idmançı deyilik. Biz KSM dəyərlərini təbliğ edirik. Məsələn, 1000-dən çox velosipedçinin qatıldığı qonşu Türkiyədə keçirilən turumuzu gündən-günə artan velosipedçi ölümlərinə həsr etdik. Bir çox ölkələrdə sosial layihələrə dəstək verdik. Küçə heyvanlarına qayğı məqsədi ilə təşkil edilmiş maraqlı aksiyalarda iştirak etdik. Bəzi şirkət rəhbərlikləri və nümayəndələri ilə görüşdük. Velosipedlərimiz oğurlansa da, uyğun hava şəraiti olmasa da, digər problemlər yaransa da, biz turumuzu uğurla başa vurduq” – deyərək o, bildirib.


 



Turun digər iştirakçısı Kamran Məmmədzadənin sözlərinə görə, Azadlıq meydanından başlayan Bakı turu uğurla başa çatıb. MobiTel şirkətinin texniki dəstəyi, GAZELLI Group, Simbrella, United Sport və Shopera.az şirkətlərinin dəstəyi ilə KSM Azərbaycan-ın təşkil etdiyi Bakı turuna “Yaşıl Velosipedçilər” və “SharkHead” təşkilatları da qatılıb.


 



Xatırladaq ki, “CSR World Velo Tour” layihəsinə iyulun 17-də start verilib. Layihənin əsas məqsədi cəmiyyətin, KİV-in və şirkətlərin diqqətini korporativ sosial məsuliyyət məsələlərinə cəlb etməkdir.