2015’ci ilin statistikasına görә brendlәrin sosial media profillәrindә paylaşdığı vә ya reklam (sponsored) etdiyi mәzmunlar istifadәçilәrin 68%’i tәrәfindәn maraqsız qarşılanır vә ya qıcıq oyadır. Bu o demәkdir ki, artıq brendlәr mәhsul vә ya xidmәtlәri barәdә mәlumat paylaşanda bunu hәm dә istifadәçiyә maraqlı vә әylәncәli olacaq şәkildә paylaşmalıdırlar. Bu nüans marketinq dünyasına “viral” terminini daxil edib. “Viral marketinq” paylaşılan mәzmunun sürәtlә yayılmasına xidmәt edәn marketinq növüdür. Bunun üçün mәzmunun geniş auditoriyaya maraqlı ola bilmәsi, məzmunda reklamın önə çıxarılmaması, başlanğıcda kimlәrin bunu paylaşması vә s. amillərə diqqət edilməlidir.



Bir qədər öncə Buzz.az portalının Facebook səhifəsində ANS TV‘nin “Bizimkilər” layihəsindən, Murad Dadaşov və Sevil-Sevinc bacılarının iştirak etdiyi video-çarx paylaşdıq. Paylaşılan gün videoya Facebookda 3 dollarlıq reklam kampaniyası yaratdıq. Növbəti gün isə reklam kampaniyasını dayandırdıq, çünki artıq “qatar yola düşmüşdü”. 3 dollarlıq büdcə ilə video 21 min insana çatdı, amma video bir həftədə ümumilikdə 666 min insana çatdı. Çünki videonu izləyənlərin 6500 nəfəri onu paylaşıb. Bu da videonun viral yayılmasına səbəb olub. Video indiyədək 233 min dəfə izlənilib. Qeyd edim ki, bu videonun təsirilə səhifənin bəyənmə (like) sayı 2 min artıb.





Bəs sozügedən videonun bu qədər sürətlə yayılmasının “sirri” nədədir?


  1. Videonun keyfiyyəti. Məzmunun viral yayıla bilməsi üçün ilk şərt keyfiyyətidir, yəni maraqlı (faydalı, öyrədici, əyləncəli, güldürən və s.) olmasıdır. Bu videoda ölkənin tanınan şəxsləri Murad Dadaşov və Sevil-Sevinc bacılarının ifası var, dünyaca məşhur mahnının milli musiqi alətlərimizlə səsləndirilməsi var. Bu amillər videonu potensial paylaşılmalı (shareable) kontent edir.
  2. Reklamın önə çıxmaması. Doğrudur, bu videoda hansısa məkan və ya məhsul reklamı yoxdur, amma sizi əmin edim, bu video bir restoranda və ya oteldə hazırlansaydı yenə də bənzər statistika ilə qarşılaşacaqdıq. Çünki burada önə çıxan məkan və ya məhsul yox, məhz birinci bənddə qeyd etdiyim iki amildir və insanlar o iki amili bəyəndilərsə bu videonu paylaşacaqlar. Və restoranın (otelin) reklamı da gedəcək. Əksi olsa (restoranın loqosu ekranın və ya səhnənin böyük hissəsini tutsa, videoda restoranın adı çəkilsə və ya bənzər formada açıq reklam getsə) o zaman video 666 min yox, heç 66 min nəfərə də çatmaz. İstifadəçi videoda açıq reklam olduğunu görəndə onu, əlbəttə ki, paylaşmağa maraqlı olmayacaq.
  3. Süni şəkildə “xoda salınması”. Hazırladığınız məzmun keyfiyyətlidirsə və reklam önə çıxmayıbsa əla! Amma bu hələ videonuzun viral yayılacağı anlamına gəlmir. Bu videonu “itələyən” qüvvə olmalıdır. Bu, ya bizim misaldakı kimi, kiçik büdcəli reklam kampaniyası, ya da influencer’lər (sosial mediada nüfuzlu olan şəxslərin) ola bilər. Yəni siz videonu paylaşırsınız, ardınca 300 min, 500 min izləyicisi olan bir neçə şəxs bu videonu öz profilində/səhifəsində “share” edir, bununla da video viral yayılmağa başlayır. Bunu etmək üçün isə siz influencer’lərlə əməkdaşlıq etməlisiniz. P.s. İlin əvvəli istifadəyə verdiyimiz Keepface platforması məhz bu işi görür. Marketinq dünyasına hansı trendlər gəlir, daima onu izlədiyimizdən yerli brendlərə faydalı olacaq bu sistemi qurmuşuq :)
  4. Test edilməsi. Məzmunun viral yayılmasının son mərhələsi onu test etməkdir. Ola bilər sizin hazırladığınız məzmun çox maraqlı olsun, yetərincə izləyiciləri olaan influencer’lər də seçəsiniz (və ya reklam kampaniyası yaradasınız), amma bu da hələ viral yayılacaq demək deyil. Məsələn, bu videodan sonra biz Buzz.az’ın səhifəsində daha bir maraqlı video paylaşdıq. Videoya ofisdə baxanda xeyli gülmüşdük və bunun da sürətlə yayılacağını proqnoz etdik. Video üçün reklam kampaniyası yaratdıq və 1 dollar xərcləndikdən sonra gördük ki, gözlədiyimiz nəticənin 10%i belə, olmadı. Bu da çox önəmlidir, burada bir neçə faktor ola bilər, ən əsası da sizin zövqünüzlə hər kəsin zövqü bir deyil. Buna görə də məzmunun “tutub-tutmayacağını” bilmək üçün öncə test reklam kampaniyası və ya test olaraq influencerlərlə yoxlamaq mütləqdir. Əgər böyük şirkətsinizsə bənzər formada bir neçə kontent yaradıb bu cür yoxlamağınız məsləhətdir. Hansı daha effektivdirsə digərlərini dayandırıb məhz effektiv olana diqqət ayırırsınız və məzmun yayılmağa başlayır.


İstifadəçilər sosial şəbəkələri reklam izləmək üçün yox, faydalı, əyləncəli, öyrədici, güldürən/ağladan məlumatlar əldə etmək üçün istifadə edirlər deyə bu gün siz uğur qazanmaq üçün izləyicilərinizi ya güldürməlisiniz, ya ağlatmalısınız, ya da düşündürməlisiniz.