Bu mövzu əslində çox sadə, eyni zamanda çox qəliz mövzudur. Söhbət sosial şəbəkələrin idarə olunmasından gedirsə burada qəliz nə var ki? Demək olar hər birimiz 2-3 sosial şəbəkədən aktiv istifadə edirik, mütəmadi paylaşımlar edirik və izləyicilərimiz də yetərincə var. Bəli, üzdə görürən məhz budur və burada çətin heç bir şey görünmür. Amma məsələyə professional nöqtədən yanaşdıqda sosial şəbəkələri idarə etməyin xeyli çətin proses olduğunu görürük. Və əgər söhbət brendin sosial media hesablarından gedirsə burada işin ciddiyyəti birə beş artır.



Sosial Media Marketinqi’ni niyə hər kəs öyrənməlidir?


Bu gün sosial şəbəkələr əksəriyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Artıq sosial media “insanların vaxtını alan, insanları yoldan çıxardan, insanları pozan saytlar” statusundan çıxıb. Əgər kimsə hələ də belə düşünürsə, inanın ki, vəziyyət tam fərqlidir. Bəli, sosial şəbəkələrdə çox vaxt keçirmək, çox oyun oynamaq, çox mesajlaşmaq bu gün də problemdir, tənzimlənməlidir, amma sosial şəbəkələr bu gün təkcə əyləncə üçün yox, iş əlaqələrinin qurulması, ünsiyyət qurmaq, informasiyanı operativ izləmək, müzakirə, fikir ifadə etmək üçün nəhəng bir platformadır və bunları kənara qoya bilmərik. İndi kiməsə “sosial şəbəkələrdən uzaq dur” demək yanlış olar.



Sosial şəbəkələrdən necə uzaq durmaq yox, necə daha səmərəli istifadə etmək lazımdır haqda danışmalıyıq.



Sosial şəbəkələrdə mövcud oluruqsa, orada maksimum effektiv olmalıyıq. Özümüzü şəxsiyyət olaraq maksimum yüksək səviyyədə göstərməliyik. Çünki indi kimisə tanımaq istədikdə birinci onun Facebook profilinə baxırıq. Hara gedir, nə düşünür, necə yaşayır… Və sizin profiliniz sizin həyatınıza ciddi surətdə təsir edir və zaman keçdikcə daha çox təsir edəcək. Gələcək həyat yoldaşınız, gələcək müdiriniz, gələcək yol yoldaşınız, tələbəniz, iş yoldaşınız, qohumunuz sizi sosial şəbəkələrdə təhlil edir/edəcək. Ona görə də sosial şəbəkələri “əyləncə mərkəzi, cavanların vaxt öldürdüyü saytlar” kimi yox, sizin şəxsiyyətinizin təsvir olunduğu platforma kimi düşünün. Və bu baxımdan yanaşdıqda sosial media kanallarının düzgün idarə olunmasının necə önəmli olduğu anlaşılır.



Məsələ brendin sosial media hesablarının idarə olunmasına gəldikdə bu mövzunun önəmi daha da artır. Bu gün hansısa şirkətin sosial mediada reklam kampaniyası yayımlayıb, TV-də eyni şeyi yayımlamaması problem deyil. Bu gün şirkətin TV-də reklam yayımlayıb, eyni şeyi sosial şəbəkələrdə yayımlamaması problemdir! Mən TV-də hansısa brendin adını eşitdimsə dərhal Facebook’da onun adını yazıb, səhifəsinə baxacam ki, görüm söhbət nədən gedir. Reklam çarxı maraqlı olsa YouTube’da yazıb yenidən izləmək istəyəcəm. Əgər Facebook və YouTube’da o reklam yoxdursa o şirkətin məni itirmək şansı (dolayısıyla TV reklamın effektsiz olması ehtimalı) böyükdür.



Bəs sosial media hesablarını necə idarə etmək lazımdır? Şirkət rəhbəri bu məsələni mühasibə və ya bacısı oğluna tapşırmaqla həll edə bilirmi? Xeyr! Sosial medianı professional idarə etmək mühasibin və ya bacıoğlunun edə biləcəyi iş deyil. Bunu sosial media meneceri etməlidir və “Facebookda səhifəm var, tutuzdururam” tipli adamlar yox, sosial media marketinqini bilən şəxslər etməlidir.



Çünki sənin şirkətini təmisl edən səhifədə sənin şirkətinə, fəaliyyət istiqamətinə uyğun paylaşımlar edilməlidir. Paylaşılan məzmunların mövzusu, dizaynı, verdiyi mesaj, izləyicidə oyatdığı təəssürat dəqiq hesablanmalıdır. Yazılan şərhlərə məhz sənin şirkətinin ab-havasına uyğun cavablar verilməlidir. Harada “smaylik” qoymaq, harada qoymamaq belə, dəqiq müəyyən edilməlidir. Sosial şəbəkələrin verdiyi ödənişli reklam imkanlarından istifadə etmək lazımdır. Bacıoğlunun 500 dollar xərcləməklə aldığı effektivliyi professional sosial media meneceri 100 dollar xərcləməklə ala biləcək, əmin olun.



Yəni, bu gün sosial media bizlərə həddən çox imkanlar təqdim edir və həm şəxsi həyatımızda, həm də iş həyatımızda ondan düzgün, səmərəli istifadə etməklə daha sürətlə inkişaf edə bilərik.