Marketinq haqqında NeilBorden tərəfindən 1964-cü ildə təklif edilən 12 anlayış: (Məhsul planlama, Qiymətləndirmə, Marka, Paylanma kanalı, Fərdi satış, Reklam, Təqdimat, Paketləmə, Nümayişlər, Xidmət vermək, İnsan əməyi, Analiz) sonralar CerryMcCarthy tərəfindən sadələşdirildi. Nəticədə bu gün hər kəsin istifadə etdiyi 4P anlayışı yarandı, bunlar: Product – Məhsul, Price – Qiymət, Place – Yer Promotion – Təqdimat –dır. Sonralar (1986) Flipp Kotler tərəfindən “meqa-marketinq” anlayışı irəli sürüldü və 4P-yə daha ikisi (Power-güc və PublicRelations- ictimaiyyətlə əlaqələr) əlavə olundu. Marketinq anlayışına verilən tərif zaman keçdikcə dəyişmiş və “P-lərin” də sayı artmışdır. Məsələn: Magrath, Booms və Bitner kimi alimlər xidmət marketinqi üçün əlavə olaraq Participants- tərəfdaşlar, Physicalevidence – fiziki şərait və Process – proses kimi 3P-nin də əlavə olunmasını təklif etmişlər.



McCarthynin fikrincə; şirkət tərəfindən müəyyən edilmiş məhsul şirkətin səlahiyyətli şəxslərinin təyin etdiyi satış qiymətiylə, paylama şərtləri və təbliğat fəaliyyətləri ilə bazara çıxarılmalıdır. Bütün bunlar nəzərə alındıqda əsas amil "şirkət" və "şirkətin qərarları" olur. Lakin, müasir zamanda müştərini diqqət mərkəzində saxlanmaq məsələsinin əhəmiyyəti artdıqca 4P ilə birlikdə 4C-nin istifadə edilməsinin vacibliyi vurğulanmışdır.



Lauterborn (1990) tərəfindən təklif edilən 4C Customervalue- müştəri dəyəri, Convenience – uyğunluq, Costtosatisfy – qənaətbəxş dəyər və Communication - əlaqədir. Qlobal marketinqə keçid dövründə sadalanan səbəblər və müştərinin ön plana çıxması ilə birlikdə marketinqdə, müəyyən məhsulu istehsal edib satmaq anlayışının yerinə bir dəyər yaradıb onun inkişafının təmin edilməsi anlayışı yaranmışdır.



Ancaq, 4C qaydası da rəqəmsal çağın ehtiyaclarına kifayət qədər cavab vermədiyi üçün "S.A.V.E." anlayışı ədəbiyyatlardaistifadə edilməyə başlandı. S.A.V.E. anlayışına görə məhsuldan çox Solution (Həll), məkandan çox Access (Çıxış), qiymətdən çox Value (Dəyər) və təşviqdən çox Education (Təhsil) əhəmiyyətlidir.



S.A.V.E. anlayışına əsasən təqdim olunan məhsulun xüsusiyyətləri, funksiyaları, və ya texniki üstünlükləri deyil istehlakçıların istək və ehtiyacları üçün təqdim edilən həllər; fərdi satış nöqtələrini və kanallarını müəyyən etmək əvəzinə istehlakçıların satınalma prosesini bütünlüklə əhatə edən inteqrasiya edilmiş çarpaz bir çıxış sistemi; qiymətin xərc, gəlir və ya rəqiblərin qiymətləri ilə qarşılıqlı əlaqəsini düşünmək əvəzinə təqdim olunan məhsul və ya xidmətin müştəriyə yaratdığı dəyər; məhsul və xidmətin bütün incəliklərini əks etdirən reklamlar, ictimaiyyətlə əlaqələr və fərdi satışların əvəzinə satınalma prosesi ilə əlaqədar istehlakçılara veriləcək təhsil daha əhəmiyyətlidir.



Online alış-verişin həcminin artması ilə birlikdə müştərilərin əsas ehtiyaclarına cavab vermək məsələsi də ön planda olmalıdır. Müştəri məhsulla bağlı fikirlərini, görmək istədiyi yenilikləri sürətli formada istehsalçıya çatdıra bilməli, eləcə də məhsulun istifadəsi ilə bağlı yarana biləcək hər cürə suala cavab tapmalıdır. Bunun üçün internetin təqdim etdiyi imkanlardan, xüsusi ilə video əlavə etməyə imkan verən saytlardan istifadə edərək məhsul və xidmətlə əlaqədar müxtəlif videolar yayımlana bilər. Bundan başqa müxtəlif yerlərdə şöbələrin açılmasına sərf edilən xərcin reklamlara və informasiya texnologiyalarına sərmayə qoyulmasına yönəldilməsi ilə daha çox müştəri cəlb etmək və müştərilərə lazım olan məlumatları sosial media və bloq yazıları vasitəsi ilə almasına nail olmaq mümkündür.



İstifadə edilən vasitələrdən və metodlardan asılı olmayaraq insana olan dəyər, müştərinin haqlarının qorunması və dürüstlük kimi anlayışlara daha çox əhəmiyyət verilməlidir.