18-21 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2017” sərgisi keçiriləcək. Keçirildiyi illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”) üzrə peşəkarların görüşü, yeni tərəfdaş axtarışı və sərfəli müqavilələrin bağlanması, eləcə də həm Xəzər, həm də Qafqaz regionlarının bazarlarında biznesin inkişaf etdirilməsi üçün mükəmməl platforma kimi doğruldub. Sərgi hər il minlərlə insan tərəfindən ziyarət olunur (ötən il ziyarətçilərin sayı 8085 nəfər təşkil etmiş, 93% bu sahənin peşəkarları təşkil edib, 67% isə yeni işgüzar əlaqələr qurublar).




Bu ilki sərgi Azərbaycandan, Fransadan, Küveytdən, Türkiyədən və digər ölkələrdən şirkətləri bir araya gətirəcək. Hal-hazırda sərgi iştirakçılarının siyahısında: Euroclima, Yusiko, BestTechniK, Azertexnolayn, Alarko Carrier Sanayi ve Ticaret, Egeplast Ege Plastik, Turan Makinе, Termo ISI, Polymart, Ultratek, Sumqayıt Texnologiyalar Parkı(STP), Kaskad – Hidro, Lenkaran Mexanikleshtirm, Yetsan Pazarlama Isi Sistemleri və digərləri yer alıb. Bu il sərginin daimi iştirakçıları arasında “Sabkond” (Azərbaycan), “Termoklimat” (Azərbaycan), “AquaLink” (Azərbaycan), “Frisquet” (Fransa), “Coolex” (Küveyt) və s. yeni şirkətlər də yer alır.




“Aquatherm Baku 2017” sərgisində ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar, boru armaturları, kombi/istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları və bir çox digər məhsul təqdim olunacaq.




Sərgidə müxtəlif istehsalçıların həm məişət, həm də sənaye təyinatlı kondisionerləri nümayiş etdiriləcək. Builki sərginin yenilikləri arasında isə qapalı sahələrdə mikroiqlimin (məsafədən) idarə edilməsi üzrə İT texnologiyalarını qeyd etmək olar. Sərgidə iştirak edən brendlər arasında “Arcelik”, “Alarko”, “Ecostar”, “Immergas”, “Mitsubishi” və “Sime” kimi özünü doğrultmuş ticarət markaları var.




“Aquatherm Baku 2017” sərgisini zəngin işgüzar proqram da müşayiət edir, belə ki, bu il təşkilatçılar sərgi çərçivəsində ilk dəfə olaraq iştirakçılar və yerli distribyutorlar arasında “B2B” formatlı görüşlərin təşkilini planlaşdırırlar. Bu görüşlərdə şəhərdə sosial binaların tikintisinə cəlb olunmuş şirkətlər də iştirak edəcək.




Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən rəsmi olaraq dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” və həmçinin onun tərəfdaşları “EUF” (Türkiyə), “ITE Gulf” (BƏƏ), “ITE China” (Çin) şirkətləri çıxış edir. “ITE Group” şirkətinin tərəfdaşları beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgilərdə fəal sürətdə iştirak etməyə cəlb edirlər. “Aquatherm Baku 2017” sərgisi haqqında ətraflı məlumatı www.aquatherm.az saytından əldə etmək olar.