Aprelin 5-dən 7-dək ölkəmizin turizm sahəsinin əsas tədbiri - 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahət “AITF 2018” sərgisi başlayacaq.
Facemark.az xəbər verir ki, keçirilən illər ərzində sərgi öz əhəmiyyətini itirməmişdir, qonaq və ziyarətçilərini sevindirərək onlara müxtəlif turizm istiqamətlərində olan imkanları nümayiş etdirməkdədir.
Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək və turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini bir araya toplayacaq.
Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə, yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.
“AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.
İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex Respublikası Dominikan Respublikası, Gürcüstan, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır.
Sərgi çərçivəsində vorkşop keçiriləcək və bu tədbir aparıcı yerli turizm şirkətləri və iştirakçılar ilə işgüzar əlaqələr qurmaq imkanı yaradacaq.
“AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2018” sərgisi keçiriləcək.
Beləliklə, “AITF 2018” sərgisi yeni turizm məhsullarının elan edilməsi, tərəfdaşlar arasında görüşlərin keçirilməsi və möhkəm işgüzar əlaqələrin qurulması üçün möhtəşəm platformaya çevriləcək.