Tanınmış marketoloq, “Fil Agency” reklam agentliyinin rəhbəri Aysel Cəbrayılova yeni bloq açıb.


Bu barədə Facemark.az-a agentliyin rəhbəri özü məlumat verib.


A.Cəbrayılova deyib ki, “YouTube” və “Facebook” üzərindən yayımlanacaq kanalda sosial media və sevdiyim işi necə biznesə çevirməyimdən danışacam: “Mövzumuzun ana konsepti sosial mediadan olacaq. Sevdiyim işi biznesə necə çevirməyimdən, problem, həll yolları, inkişaf planından danışacağam”.


Marketoloq deyib ki, belə bir qərar qəbul etməyimə səbəb yeni trendlərə uyğunlaşmaq olub: “Bu günə qədər onsuz da yazılarımı ayseljabrayilova.com ünvanından paylaşırdım. Qərara gəldik ki, gündəmə uyğunlaşaq və oxucularımıza yazılarımız daha əlçatan, asan formatda çatdıraq”.



“Fil Agentliy”inin rəhbəri deyib ki, mövzuların seçimi birtərəfli olmayacaq: “Mövzular sadəcə komandamız tərəfindən seçilməyəcək. “YouTube” izləyiciləri sosial media üzrə qarşılaşdıqları problemlər, öyrənmək istədikləri mövzular üzrə bizə yaza bilərlər. Beləliklə, seçilən mövzular növbəti video bloqlarımız üçün araşdırılacaq və izləyicilərimizin ixtiyarına veriləcək”.


O, deyib ki, video bloqun ilk mövzusu artıq müəyyən edilib: “İlk video bloqumda sosial mediada effektiv alətlərdən danışacağıq”.


Qeyd edək ki, Siz Aysel Cəbrayılovanın yeni video bloqlarını həftədə üç dəfə izləyə biləcəksiniz.


Xatırladaq ki, marketoloq peşəkar karyerasına Azərbaycanın aparıcı banklarından biri olan “Bank of Baku”da məlumat mərkəzinin operatoru kimi başlayıb. Uzun müddət ictimaiyyətlə əlaqələr və reklam şöbəsində karyerasını davam etdirib. Daha sonra “Kapital Bank”ın Rəqəmsal Marketinq şöbəsinin baş mütəxəssisi vəzifəsinə qədər yüksəlib. 2016-cı ilin dekabr ayından isə “Fil” Agentliyinə rəhbərlik edir.