Lüka mallar istehsalçısı olan “Burberry” şirkəti təxminən 38 milyon dollarlıq məhsulunu (geyim, aksessuar, kosmetika) məhv edib.
Facemark.az xəbər verir ki, “Fashionunited.uk” portalı yazır ki, marka bu məhsulları adi qiymətə sata bilməyib və dünyaca məşhur brend normal qiymətdən aşağı qiyməti satış olaraq qiymətləndirməyib. Bu cür strategiya Britaniya markasının maliyyə hesabatında da öz əksini tapıb.
Nəşr yazır ki, kataloq qiyməti üzrə satılmamış geyim və aksessuarların məhv edilməsi təcrübəsi “Burberry” kimi bir sıra bahalı markaların etdiyi addımdır. Portal qeyd edir ki, markaların bu cür addımları insanlar tərəfindən diqqət cəlb etmirdi, amma son illərdə isə ətraf mühitin qorunması məsələsində insanlar daha da həssaslaşıblar. Həmçinin, bu fakt maraqlıdır ki, bu il bahalı markaların satılmamış məhsullarının məhv edilməsi rekord həcmə gəlib çatıb. Sosial şəbəkə istifadəçiləri isə “Burberry”nin şirkət siyasətinə qarşı mənfi reaksiyalarını gizlətməkdən qaçmayıblar. Bir sıra müştərilər isə deyir ki, onlar şirkətin mallarından çox razıdırlar, amma kompaniyanın ətraf mühit siyasəti heç də ürək açan deyil.
Bəs, yaxşı tanınan bir marka bu cür addımı necə izah edir? “Bizim strategiyamız onu göstərir ki, müştərilər daim əmin olacaqlar ki, onların bizim markadan aldıqları və üstlərində daşıdıqları geyimlər daim lüks kateqoriyasında qalacaq. Düzdür şirkət olaraq maliyyə riskinə gedirik. Amma biz heç vaxt arzu etmərik ki, bizim şirkətin istehsalı olan məhsulların dəyəri aşağı düşsün”, - deyə kompaniyanın maliyyə hesabatında vurğulanıb.
Biz elə bir dünyaya gəlib çatmışıq ki, bir sıra şirkətlər öz startegiyalarında tullantıların azaldılması məsələsinə daim həssaslıqla yanaşır. “Burberry” timsalında lüks kateqoriyasında olan markaların bu cür addım atması, əlbəttə ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmaya bilər.