“2018-ci il olduqca aktiv bir il oldu. Xüsusilə də, may ayından sonra bazarda artan aktivlik hiss olundu”.


Bu barədə Facemark.az-a YelloAD-ın həmtəsisçisi, Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyasının İdarə Heyətinin Sədri Namiq Bayramov başa çatmaqda olan 2018-ci il marketinq sektoru üçün nə ilə yadda qaldı? sualına cavab olaraq deyib.


“Öz nöqteyi nəzərimdən qiymətləndirsəm bir neçə istiqaməti qeyd edə bilərəm:


1. Aprel ayında ölkəmizin marketinq kommuikasiyaları sahəsində çalışan bir sıra mütəxəssislərini bir araya gətirən Marketinq Kommunikasiyaları Assosiasiyası (MKA) yaradıldı.


Şirkətlərin yox, daha çox peşəkarların üzərində qurulan bu birliyin yaradılması bazarın peşəkar inkişafına ciddi töhfə verəcək. Mənim üçün çox xoşdur ki, həmin birliyin yaradılmasının təşəbbüskarlarından olmuşam. Doğrudur birlik hələlik cəmi bir tədbiri ilə yadda qalıb. Lakin bu hələ girişdir. 2019-cu ildə bizi aha ciddi işlər gözləyir və bunun üçün hazırlaşırıq da...


2. Ölkədə heç vaxt olmadığı qədər forum, konfrans və s. keçirildi. Biz Milli Marketinq Forumu, Digital Marketing Conference, Sat Forum və Marketing Summit-in adlarını əvvəlki illərdən bilirdik. Daha xoş olanı odur ki, bu tədbirlər öz davamlılığını saxlayır və bu cərgəyə xeyli faydalı və yeni tədbirlər də daxil olur. Biznes İdarəçiliyi Forumu, Blokçeyn Konfransı, E-commerce Forumu və nəhayət MKA-nın Başabaş Söhbət seriyasından olan meetupları (ikinci meetup üçün hazırlıq gedir və bu seriya davamlı olacaq) MMF2013-lə başlayan faydalı zəncirin növbəti həlqələridir. 2013-cü ildə AİR-çi dostlarlarla və digər dostlarla birlikdə MMF2013-ü edəndə ölkədə marketinq adına hansısa tədbir demək olar ki, keçirilmirdi. Ancaq indi maşallah adam tədbirlərə getməyi belə çatdıra bilmir




3. Marketinq adına keçirilən bütün tədbirlər yavaş-yavaş qlobal xarakter almağa başlayır. Keçirilən tədbirlərin əksərinə xarici spikerlər daha çox dəvət olunur və onlar da öz çıxışlarını hansısa formada Azərbaycanla uzlaşdırırlar.


4. Sırf reklam sektoruna gələk. Burda daha çox yeni brendlərin yaradılması istiqaməti önə çıxır. İxraca yönəlik sifarişlər artır. Bizdən müştərilərimiz artıq sadəcə reklam deyil, tam kommunikasiya həlləri istəyirlər. Nəticə verən, ölçüləbilən işlər istəyirlər ki, belə sifarişləri götürmək mənə xüsusi zövq verir. Marketinq kommunikasiyaları agentliyi olaraq YelloAD-ın missiyası da məhz bu cür həllər verməkdir. İçində strategiya olan işləri sevirik.


5. Vergi. İlin sonunda biznesin ən böyük sürprizi vergilərdəki total dəyişikliklərlə bağlıdır. Yaxşıdır ya pisdir, hələlik nəsə demək çətindir. Yaxşı yönləri hiss olunur. Ancaq hər şeyi zaman göstərəcək”, - deyə Namiq Bayramov sözlərinə əlavə edib.


Onun sözlərinə görə, ümumi götürdükdə 2018-ci ilin çox pozitiv keçib: “2019-cu ilin bundan da yaxşı olacağına inanmaq istəyirəm. İnşaallah ki, belə də olar”.