Martın 11-də “Libraff” kitab mağazasında “Bugünün Marketinqi 3-ün təqdimatı-imza günü olub.
Facemark.az xəbər verir ki, kitabın təqdimatında çıxışı zamanı danışan, təsisçi, marketoloq Rafiq Vəliyev deyib ki, 3-cü seriya ilə birlikdə Bugünün Marketinqi kitab seriyası 2011-2018-ci illər Azərbaycan biznes və marketinq dünyasının ən real güzgüsüdür.
Rafiq Vəliyevin çıxış videosu:
Rafiq Vəliyev aparıcının kitabda iştirak edən müəlliflər doğrudanmı öz fikirlərini heç bir qısqancılıq olmaqdan paylaşıblar? sualına cavabı isə belə olub: “Əslində, sizin (aparıcını nəzərdə tutur-red.) bu sualınıza oxucular daha dəqiq cavab verə bilər. Amma onu deyim ki, zatən qısqancılıq edənlər onsuz da yazmır”. Aparıcı əlavə edib ki, o zaman bu 42 müəllif ən səmimi, təcrübələrini bölüşmək istəyən müəlliflərdir.
Təqdimat çərçivəsində “Bugünün marketinqi” 3 də yazıları dərc olunan müəlliflərə söz verilib. Avrora Şirkətinin Təşkilati İnkişaf və İnsan Resursları Departamentinin Direktoru Xəqani Səfərov deyib ki, “Birincisi, Azərbaycan marketinqi üçün belə bir kitab ərsəyə gəlib, bunun özü bir uğurdur. İkincisi, TEAS Press Nəşriyyat Evi kitabı yeni trendə uyğun dizaynda çap etdirib. Üçüncüsü, Rafiq Vəliyevə təşəkkür edirəm ki, 42 müəllifi bir araya yığıb. Azəbaycan üçün mühüm olan birlik, bütövlük dəyərini bir kitabda göstərə bilib”.
Xəqani Səfərov əlavə edib ki, Rafiq Vəliyevin çıxışına baxan zaman gördüm ki, “Bugünün Marketinqi” kitablarının hər üç versiyası 9 fəsildən ibarət olub: “Bilmirəm bu təsadüfdür, yoxsa yox. Amma 9 rəqəminin özü bir change-dəyişiklik rəqəmidir. Yəqin ki, kitab özü oxuculara bir dəyişiklik gətirmək, onların beynində yeni üfüqlər, vizyon açmaq məqsədi daşıyıb”.
O, əlavə edib ki, kitabda mənim yazımın olmasını da Rafiq bəy ruhlandırıb: “Biz nahar fasilələrini bir yerdə edirdik. O hər zaman deyirdi ki, sən də bir yazı yaz, kitabımızda nəşr olunsun. Ümid edirəm ki, həm mən, həm də digər oxucular bu kitabdan bəhrə götürəcəklər”.
ForHome, Mutfakçı və Belissa mağazalar şəbəkəsinin sahibi, iqtisad üzrə fəlsəfə doktoru İlkin Manafov çıxışı zamanı bildirib ki, Azərbaycanda biznesdən yazan, biznesdən danışan, ən əsası biznesdən danışmağa haqqı olan bütün müəlliflər öz fikirlərini kitabda paylaşıblar.
İlkin Manafov çıxışı zamanı nə qədər virtual dünyada yaşasaq da kitabın əvəzedilməz olduğundan danışıb. O, əlavə edib ki, çox sevincliyəm ki, adım belə peşəkarlıqla hazırlanmış kitabda hallanır: “Başda Rafiq bəy olmaqla, bütün müəlliflərə, eyni zamanda kitabı oxuyub fayda götürəcək bütün oxuculara təşəkkür edirəm. Böyük iş ərsəyə gətirmisiniz. Çox sağ olun”.
Adver.az və PamPam Kreativ Butik-inin kreativ direktoru, tanınmış marketoloq, kopirayter, neyminq ustası, 150-ə yaxın şirkət və markaya adının, habelə 200-ə yaxın sloqanın yaradıcısı Teymur Məmmədov isə deyib ki, “kitabdan başqa, ikinci bir vasitə yoxdur. Burada olan məlumatları heç bir yerdə oxuya bilməyəcəksiniz”: “Mənim yazdıqlarımdan heç kimin xəbəri yoxdur. Mən onu, nə xarici ədəbiyyat, nə də oxuduğum kitablardan götürmürəm. 25-30 illik təcrübəmi ümumiləşdirərək, fikirlərimi paylaşıram”.
Teymur Məmmədov deyib ki, bu gün bizim yazımızı 1 nəfər oxusa belə, bu böyük qələbədir: “Çünki bir insan oxuduqlarını başqalarına da çatdıracaq”. O, aparıcının müəllflərin səmimi olub-olmaması ilə bağlı fikrinə münasibət bildirərək deyib ki, bizim sahəmizdə deyilən söz o qədər önəmlidir ki, məsuliyyətini əvvəlcədən hiss etmədən yazmaq çətin olur”. Daha sonra Teymur Məmmədov söz verib ki, bu il ərzində Facemark.az-da daha 25 yeni yazısı dərc olunacaq. Kreativ direktor çıxışının sonunda hamını öyrənməyə və təcrübələrini paylaşmağa çağırış edib.
Təqdimatın sonunda oxucular öz kitablarını müəlliflərə imzalatdırıblar.
Qeyd edək ki, kitabda 42 müəllifin 115 praktik yazısı mövcuddur. Kitab 1500 tirajla TEAS Press Nəşriyyat Evində Türkiyədə çap edilib. Oxucular “Bugünün Marketinqi” 3 kitabını “Libraff” kitab mağazalarından əldə edə bilərlər.