Müasir tarixi kəsimdə texnologiyalar nə qədər sürətlə inkişaf etsə də, tərəqqi sivilizasiyanı nə qədər yüksək templə önə daşısa da, bəzi fəaliyyət sahələri, xüsusilə sənətkarlıq sahələri kreativlə üzvi vəhdətdə texnoloji nailiyyətlərə adaptə olunaraq yaşayacaqdır.


İnsanlar bir zamanlar Aya uçacaq, Marsa səfər edəcəklər. Onlar olduqları yerdən də yaddaşda dərin iz qoyan məkan və hadisələrlə bağlı olan xatirə suvenirlərini özləri ilə Marsa aparacaq və ya Yerə gətirəcəklər.


Odur ki, bu sahəyə bu günün gözündə belə daha kreativ yanaşaraq, diqqət çəkən suvenirlər hazırlamaq, ölkə sakinlərinə və respublikanın qonaqlarına təklif etmək zəruridir. Bu mənada suvenir reklamı nəinki aktuallığını saxlayır, hətta onun populyarlığı artmaqdadır. Nəzərinizi bir anlıq mobil telefondan ayırın və ətrafa boylanın. Gözəlliklərin yanından biganə keçməyi özünüzə rəva bilməyin.



İnsanlar suvenir almağı çox xoşlayırlar. Bu da ondan irəli gəlir ki, sevimli məkanda olduğu günü, bəyəndiyi şəhəri və ya məhsulu daha da doğma bilib özününküləşdirir, onunla bağlı xoş xatirələri sanki göz önündə saxlamaq, hətta həmin təəssüratları yenidən yaşamaq istəyir.


Ekspertlər müşahidə və araşdırmalarla müəyyən etmişlər ki, insan öz evinə buraxdığı reklam vasitələrinə daha çox inanır və etibar edir. Onların arasında suvenirlər ön sırada yer alır. Bundan əlavə, evinə yalnız loyallıq göstərdiyi məhsul və ya xidmətin simvolu olaraq suveniri gətirir. Bəlli səbəblər üzündən, darısqallığa görə mənzilərdə suvenirlərin qoyulması üçün o qədər də böyük məkan və imkanlar olmur.



Bu baxımdan maqnit suvenirləri xüsüsi hörmətə layiq reklam daşıyıcıları kimi çoxdan insanların rəğbətini qazanmışlar. Çünki belə suvenirlər ev sahibinin hər gün dəfələrlə qarşılaşdığı və xoş duyğularla üzləşdiyi soyuducunun qapısı üzərində yuva salır.


Soyuducunun qapısının da sahəsi konkret və məhdud ölçüyə sahibdir. Bu mənada seçim şansı hər markanın və ya məhsulun suvenir maqnitinə nəsib olmur.


SUVENİR MAQNİT REKLAMI daşıycılarını təsnif edərək, onların bizə məqbul olan siyahısını çıxardıq ki, işinizə yarasın.


- Vinil maqnitlər çox sadə və istifadədə komfortludur. Ona istənilən formanı vermək mümkündür.


- Rezin maqnitlər də maraq doğurur. Onlar elastik və çevik olurlar. Ovucda tutmaq belə xoş təsir bağışlayır. Rənglərin parlaqlığı ilə diqqəti cəlb edir.


1. Bloknot maqnitlər isə adi bloknotu xatırladır və 25-30 vərəqdən ibarət olur. Bu da müəyyən dövrdə insanın yaddaş imkanlarını genişləndirmək üçün qeydlərə ehtiyacını ödəyə bilir. Bu tip funksionallıq bloknot maqnitlərin üstünlüklərindəndir. Onun daha bir özəlliyi də var. Bu da ondan ibarətdir ki, reklam informasiyası iki dəfə təkrar olunur. Belə ki, həm maqnit bloknotun əsas korpusu, həm də ayrı-ayrı vərəqlər reklam daşıyıcısı kimi diqqəti cəlb edir.


2. Akril maqnitlər isə diqqəti onunla cəlb edirlər ki, qiymətləri baha olmur, dostlara da hədiyyə etmək olur. Uzunömürlü olurlar. Turizm sahəsində bu çox faydalı reklam daşıyıcısı kimi seçilir.



3. Qətran üzlüklü maqnitlər mal və ya xidmətin irəlilədilməsində, habelə promoaksiyalarda uğurla istifadə olunur. Onun özəlliyi isə özündə iki keyfiyyəti əks etdirməsindən, həm reklam daşıyıcısı, həm də suvenir olmasından ibarətdir.


4. Yaxalıq maqnitləri maraqlı təkamül yolu keçmişdir və optimal bir formatı özündə təzahür etdirir. Belə ki, onlar adi döş nişanlarını xatırlatsalar da, soyuducuya və ya başqa bir əşyaya bərkidilməsi sancaq vasitəsilə həyata keçirilmir. Onlar göz oxşayır və insanların diqqətini cəlb edirlər. Təcrübə göstərir ki, bu tipli maqnitlərə maraq durmadan artır.


5. Təqvimli maqnitlər funksionallıq baxımından həmişə aktualdır. Soyuducu üzərində və ya digər səthdə olan təqvim mətbəxdə çalışdıqları zaman ev xanımlarının köməyinə çatır. Çünki ilin bütün günləri göz önündədir. Üstəlik, insanlarda saata baxmaq kimi, təqvimə də, gərək oldu-olmadı nəzər yetirmək qeyri-iradi baş verir. Hər baxış zamanı mal və xidmətin loqosunun nəzərə çarpması, hələ ki, heç bir brendə ziyan gətirməmişdir.



6. Termometrli maqnitlər onunla fərqlidir ki, heç bir ölçməyə ehtiyac duymadan mənzildə və mətbəxdə mövcud otaq temperaturunu görə bilərsiniz. Evdə kiçik yaşlı uşaqlar olduğu zaman otaqda havanın hərarətinin nəzarətdə olması çox vacibdir.


7. Karandaşlı maqnitlər də funksional olaraq maraq doğurur. Belə ki, ən tələsik anda belə qələm əlininiz altındadır. İstənilən kiçik qeydləri etmək üçün karandaş və kağızlı maqnitlər əvəzedilməz köməkçiyə çevrilirlər.



8. Maqnitli pazllar da, həm əyləncəli və həm də estetik baxımdan maraq kəsb edir və diqqət çəkir. O, istər kiçik yaşılar və istərsə də böyüklər üçün eyni dərəcədə maraqlı ola bilər. Tez-tez müraciət olunduğundan marka loqosunun hafizələrdə canlanmasına təkan verir və markaya qarşı loyallığı gücləndirir. Bu mənada faydalı reklam daşıyıcısı kimi etibarlı resursdur.


9. Maqnitli fotoçərçivələr də özünəməxsus özəlliklərə sahibdir. Belə daşıyıcılar, həm evdə , həm də işdə marka təşviqində güvənli vasitə kimi önəmlidir.


10. Avtomobildə maqnitlər geniş yayılmaqdadır. Bunun da başlıca səbəbi maşının daxilinə bir estetik təravət gətirməkdir. Eyni zamanda, marka təşviqi üçün də ciddi reklam vasitəsi kimi əhəmiyyəti şübhə doğurmur.



11. Yumşaq maqnitlər isə daha intensiv inkişafda olan reklam suvenirlərindəndir və məzuniyyətdən dönəndə insanlar onu xatirə elementi kimi alır, bu tipli suvenirləri dost-tanışlarına həvəslə bağışlayırlar.


12. Maqnitli əlfəcinlər qiraət həvəskarları üçün maraqlıdır. O, vərəqlərin arasından sürüşüb düşmür. Üzərində gözoxşayan təsvirlər ola bilir. Digər tərəfdən də, bu daşıyıcı onunla əlamətdardır ki, onun istifadəçiləri hədəf kütlə kimi fərqlənən, zövq və maraqları baxımımdan seçilən insanlardır. Onların diqqətini öz markanıza cəlb edə bilsəniz, yalnız qazanarsınız. Çünki bu qəbildən olan istehlakçılar adətən yaxşı maliyyə durumuna sahibdirlər və pul xərcləməkdə daha aktiv seqment hesab olunurlar.


13. Həcmli maqnitlər nisbətən ağır və tutumlu olsalar da, 3D baxımından maraq doğurur. Bir sıra abidə, heykəl, məhsul üçölçülü formatda daha maraqlı görünür və onların maqnitli olması kiçik ölçüdə belə məşhur abidə və markaların prototipini həmişə göz qabağında saxlamağa imkan verir.



14. Mövcud maqnitli suvenirlərin heç də tam olmayan bu siyahısı da bizi maraqlı qənaətlərə gətirib çıxarır. Əvvəlan, internet və mobil rabitənin imkanları bizi virtual aləmə cəlb etdiyi halda, maqnitli suvenirlər daha emosional gerçəkliyə əsaslanır.


15. Bizim qidalandığımız məhsullar, geyindiyimiz paltarlar, yaşadığımız məkanlar müəyyən təəssüratlar oyadır ki, bu anları təkrar xatırlamaq uçün maddi nümunələr-suvenirlər reklam resursu və daşıyıcısı baxımdan diqqəti cəlb edirlər ki, buna da biz heç cür biganə qala bilmirik.



16. Digər tərəfdən, promo aksiyaların əhəmiyyətini azaltmaq fikrində olanların sayı pessimistlərin sıralarını artırsa da, promo vasitəsi kimi suvenir reklamını yüksək dəyərləndirənlər optimistlərin sayını daha da çoxaltmış olurlar.



17. Bundan əlavə, satışın artırılması və imicin möhkənləndirilməsi, yeni məhsulun tanıdılması, məşhur markalara bağlantı tellərinin möhkəmləndirilməsi baxımından suvenir maqnitlər ciddi yol oynamağa qadirdir.


Teymur Məmmədov,


Kreativ Direktor,


Adver.az