Sosial media məzmunu gündəlik, hətta anlıq istehlakçı davranışlarına görə formalaşdırılmalıdır. FİL AGENCY olaraq Sizin üçün COVID-19 pandemiyası dövründə böhran kommunikasiyanızın əsas parçası olan sosial media məzmunlarında bələdçi hazırladıq.
Ümumilikdə karantin dövrünü 4 hissəyə bölürük. Gəlin, simvolik olaraq karantinin ilk 2 həftəsini panika, 3-4-cü həftəsini qəbullanma, 5-ci həftəsini darıxma, 6-cı həftəsini WOW! Adlandıraq.
PANİKA – QƏBULLANMA – DARIXMA – WOW!
PANİKA – Bu mərhələdə adını ilk dəfə eşitdiyimiz pandemiya ilə üzbəüz qaldıq. Nələrin baş verəcəyini təxmin etmədiyimiz üçün panikada idik. Nə edəcəyimizi bilmirdik. Tez-tez xəbərləri oxuyub, yeni xəbər axtarırdıq. Bəzimiz inanır, bəzimiz inanmır, bir çoxları isə bunu masonların işi hesab edərək sosial mediada istinadsız paylaşımlar edirik.
Qəbullanma – Biz yavaş-yavaş bu mərhələyə daxil olmuşuq. Qəbullanırıq ki, mağazaların bəziləri bağlanıb, çölə çıxmaq icazə ilədir, biznesimizlə baş-başa qalmışıq. Artıq başa düşdük ki, zarafat etmirlər. İndi düşünürük ki, artıq həll tapmalıyıq ki, istehlakçının beynindən silinməyək. ZOOM imkanlarından istifadə edirik, canlı yayım edirik, maarfləndirici postlar paylaşırıq və digər onlayn həllər hazırlamışıq.
DARIXMA – Karantinin son günləri bu mərhələni keçirəcəyik. İstehlakçı evdə oturmaqdan tam yorulub, artıq xəbərləri də oxumaq istəmir. Obrazlı desək, Azərbaycan tamaşaçısı sosial mediada jurnalistlərin təkrar-təkrar-Siz niyə çölə çıxmısız suallarından yorulublar. Bol-bol alış-veriş etmək istəyir, restoranlarda səhər yeməyi yemək, şəhəri gəzmək istəyir. Bir sözlə, karantin bitən kimi ilk edəcəkləri işlərin xəyallarını qurmağa başlayırlar.
WOW! – Karantin bitəndən sonra hər kəs öz arzusunu reallaşdıracaq. Bütövlükdə sosial media bayram qeyd edəcək. Bəli, tezliklə biz sosial mediada öz xoşbəxt duyğularını paylaşan istehlakçını görəcəyik.
Özümüzü də həmin istehlakçının yanında görmək üçün bu gün onunla kommunikasiyanı kəsməməliyik. Pis günlərdə yanında olmalıyıq ki, xoşbəxt anında bizimlə olsun! İndi satmağı deyil, dost olmağı seçmək lazımdır. Zatən bu proseslər bitəndən sonra satış artıqlaması ilə bizə gələcək.
Araşdırmaya əsasən, brendlər və xidmətlər karantin bitdikdən sonra ona qədərki dövrlə müqayisədə 10-15% daha artıq satış edirlər.
Yəni, ilk küləkdə təslim olmayın. Hər şey yaxşı olacaq!
BU GÜN NƏ ETMƏLİYİK?
İlkin mərhələdə
1) Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına əsasən, istehlakçılarınızda davranış dəyişikliklərini müəyyən edin.
2) Rəqəmsal platformalarda səhifələrinizi nəzərdən keçirin. Mümkün olduğu qədər öz komandanız və ya sosial media üzrə ixtisaslaşan agentlik tərəfindən SWOT analizi alın.
3) 1-ci bəndin üzərində 2-ci bəndi möhkəmləndirin.
Keçən ay öncədən hazırlanan post planın üzərindən xətt çəkin.
Bu günün şərtlərinə əsasən, istehlakçının hisslərini nəzərə alaraq yeni kommunikasiya planı hazırlayırıq. Əvvəlcədən hazırlanmış, hazırda gedən kampaniyalarınızda da kommunikasiyanı bugünün şərtlərinə uyğunlaşdırın.
Nələri etmək olar?
- Yalnız pozitiv yüklü məzmunlara yer verin.
- COVID19-a qarşı istehlakçıları maarifləndirin.
- İstehlakçınıza rəqəmsal həllər təklif edin: (Çatdırılma, onlayn ödəniş, webinar və mümkün olan digər həllər)
- Avtomatik standart cavablandırmalarını dəyişin.
- Müştərilərinizlə söhbət edən postlar hazırlayın
- Məhsul və xidmətlərinizin xüsusiyyətləri haqqında postlar hazırlayın. İndi istehlakçının vaxtı çoxdur və Sizi daha çox oxuyacaqlar.
- Yuxarıdakı mərhələləri izləyərək onlara uyğun məzmun planı hazırlayın.
Nələri etmək olmaz?
- Mənfi yüklü məzmunlara yer verməyin.
- COVID19 üzrə maarifləndirmə edərkən, rəqibinizlə müqayisəli deyil, güclü tərəfinizi göstərən məzmun hazırlayın.
- Öz məhsul və xidmətinizi alması üçün istehlakçını çölə çıxmağa çağırmayın. Həmçinin, dizaynlarda nəzərə alın ki, şəhər gəzintiləri, alış-veriş mərkəzləri və s. göstərilməsin.
- Faydalı mövzunuz yoxdursa, tez-tez canlı yayım açmayın. Evdə yorulanları bir də Siz yormayın.
Aysel Cəbrayılova