Dünyada bir insan tapılmaz ki, suyun həyatımızda rolunu dana bilsin. Çünki su həyatdır. Su sağlamlıqdır, müasir sağlam həyat və qida tərzinin daşıyıcılarından önəmlisidir. Digər tərəfdən, içməli su planetimizdə düşündüyümüz qədər də çox deyil. Hər gördüyün su da içilən deyil ki! Bu yanaşmadan insanlarda suya tükənə bilən resurs kimi qənaətli münasibət tərbiyə olunmalıdır. Yeni nəsillərin bu ciddi problemlə üzləşməməsi üçün su mənbələrini indidən güvənli olaraq qorumalıyıq.



Məlumat üçün qeyd edək ki, ABŞ əmtəə birjasında ilk dəvə olaraq içməli su təklifi ilə məhsul satışa çıxarılmışdır. Bu, bir tərəfdən suya artan tələbin göstəricisidir, digər tərəfdən isə insanlar üçün həyati zərurət kəsb edən içməli su resurslarının mədud olmasına, yaxın gələcəkdə ehtimal olunan ekoloji fəlakətə bir işarədir.


Hələ ki, elm okean və dəniz sularının içməli hala gətirilməsi problemini həll etməyib, biz içməli suya tükənən təbii ehtiyat olaraq baxmalıyıq. Indi içməli suya ehtiyac çox artmışdır. Bu gün su evlərə sifarişlə gətirilir, qayğı ilə qablaşdırılır, onun çantada və əldə daşınması asanlaşır.


Məhz bu tendensiya onu deməyə əsas verir ki, dünya çapında ən sərfəli biznes sahələrindən bir kimi, su satışı da getdikcə daha çox istehlakçını öz orbitinə cəlb edəcəkdir, deməli, bu istiqamətdə təklif olunan məhsulların çeşidi artacaqdır və bunula bərabər rəqabət də güclənəcəkdir.



Qablaşdırılan içməli su bir zamanlar Perrier tərəfindən əsası qoyulan biznes sahəsidir və onun hədəf kütləsi o zaman kübar təbəqə olmuşdur. İçməli suyun qablaşdırılması versiyası bir dəb kimi meydana çıxmışdır. Sonra bu biznes Amerikada geniş vüsət aldı. Bu trend sağlam həyat tərzinin təbliği ilə daha da ciddi təkan almış oldu. Belə ki, qablaşdırılmış içməli su bazarı müasir anlamda ötən əsrin 30-40-cı illərində yox dərəcəsində idi.


Dəmir borularda mənzillə gətirilən su insanlarda narahatlıq doğurmurdu, xlorlu olması isə onun təhlükəsizliyinə güvən aşılayırdı. Lakin sonradan krant suyuna münasibətdə yeni təkamül baş verdi. İnsanların qablaşdırılan suya marağı durmadan artmağa başladı. 2010-cu illərdə bu qəbildən olan suyun qlobal satış bazarı 150 milyard dollar təşkil edirdi. Bu il həmin rəqəmin 280 milyard dollar təşkil edəcəyi gözlənilir və bu tendensiya yüksəlişə meyllidir.



Maraqlıdır ki, adi filtrin köməyi ilə ABŞ-da boru ilə mənzilə verilən içməli suyu arzu olunan səviyyəyə qədər təmizləmək olur. Onunla qablaşdırılan su arasında fərqi sıfıra endirmək də mümkündür. 1979-cu ildə ABŞ-da orta statistik amerikalı il ərzində 3.79 (bir qallon) litr qablaşdırılmış su içirdi. Beverage Marketing Corporation şirkətinin baş meneceri Maykl Belyas qablaşdırılan suyu 70-ci illər üçün ideal içki sayırdı. TIME jurnalı yazırdı ki, nahar fasiləsində istirahət zamanı içilən şərabı belə qablaşdırılmış su əvəz etməyə başladı. Müsafirlər kafe və restoranda adla viski sifariş etdikləri kimi, indi marka ilə qablaşdırılmış su sifariş edirdilər.


Maraqlıdır ki, ABŞ-da bir qallon (3.79 litr) içməli suyun qiyməti 1.22 dollar təşkil edir. Bir qallon krantdan gələn icməli suyun qiyməti isə 300 dəfə daha ucuzdur, yəni 0.004 dollar təşkil edir. Amerikanın su təchizatı müəssisələri birliyinin məlumatlarına görə, bir qallon yarımlitrlik qablara süzülərək qablaşdırılmış suyun qiyməti 7.5 dollardır, başqa sözlə, eyni litrajlı adi su ilə müqayisədə təxminən 2000 dəfə bahadır. Bəs bu nədən irəli gəlir? İlk növbədə, qablaşdırılmış içməli su satan biznes liderlərinin düzgün qurulmuş marketinq siyasəti bu göstəriciyə nail olmağa imkan verir.



Bu günün də öz reallıqları var. Azərbaycan keyfiyyətcə tam yeni müstəviyə qədəm qoyur. Azad olunan rayonlarımızda içməli və mineral suların ehtiyatlarının zəngin olduğunu nəzərə alsaq, bu yöndə yaxın gəlcəkdə ciddi irəliləyişlərin olacağı gözlənilr. İçməli və şirin su sərvətlərimizin biznesə cəlb edilməsi planlı surətdə, daxili və xarici bazarın ehtiyaclarını qarşılamaqla, istehsal bazasının yenidən qurulması ilə həyata keçiriləcəkdir.


Qeyd edək ki, Azərbaycanın içməli və mineral sularının xarici bazara çıxarılması öz aktuallığını qaha da qabarıq göstərəcəkdir. Bu isə öz növbəsində sözü gedən sahədə marketinqin indiki durumuna yenidən baxmağı, real şəraiti araşdırmalarla düzgün qiymətləndirməyi, daxili və xarici bazarda içməli və mineral suya olan tələbləri dinamik inkişafda qiymətləndirməyi, bir sözlə, bu fəaliyyət sahəsinə müasir marketinq mövqeyindən baxmağı dövrün tələbi olaraq irəli sürəcəkdir.



Maraqlı cəhət bir də ondan ibarətdir ki, içməli, mineral və qazlı sular konkret fəsildə istehlak olunmur, ona tələbat ilboyu vardır, konkret hədəf kütləyə ünvanlanmır, çünki konkret məkanın tələblərinə deyil, hər yerdə, hər zaman, hər kəsin ehtiyac duyduğu qida resursudur. İnsanlar getdikcə daha çox təbii içməli suya üstünlük verir, sərinləşdirici içkilərin imicinə və istehlakına sıxışdırıcı təsir göstərməyə başlayır. Çünki suyu içənlərin demoqrafik, sosial və cinsi fərqi su içimi üçün əsas deyil. Deməli, su hamının tələbidir. Belə olan halda suyun marketinqi tam fərqli axarlarda fəaliyyət göstərməlidir.



Qablaşdırılan içməli su bazarında mənbə və istehsal baxımından məhsullar arasında ciddi fərqlər müşahidə olunur. Belə ki, təmizlənmə mərhələsindən keçən, habelə təmiz yeraltı mənbələrdən gələn, tibbi və elmi araşdırmadan sonra sertifikatlaşdırılan sular şərti olaraq birinci qrupa aid edilir. İkinci qrupa isə qazlaşdırılan içməli sular aiddir. Üçüncü qrup sırf mineral suları əhatə edir. Belə içməli suyu sertifikatlı yeraltı mənbələrdən əldə edirlər və sonra qablaşdırırlar.


İçməli mineral sular öz təyinatına görə də seçilir. Belə ki, praktikada süfrə suyu, müalicəvi süfrə suyu və müalicəvi sular olaraq fəqrləndirilir. Bu təsnifatın əsasında mineral suyun tərkibində konkret vahiddə olan faydalı maddələrin həcmi dayanır. Mineral suyu sünii yolla da almaq mümkündür. Belə ki, yeraltı mənbələrdən suyu çıxarır, sonra onu müəyyən qatqılardan təmizləyir və ya müəyyən balansa uyğun olmaqla faydalı qatqılarla zənginləşdirirlər. Belə içməli sulara minerallaşdırılmız xarakteristika verilmiş olur.


İçməli su bazarında müasir mərhələdə müşahidə olunan tendensiyalar diqqəti cəlb etməyə bilməz. Belə ki, içməli və qazlaşdırılmayan süfrə suları hesabına bu bazarda dinamik artım gözə çarpmaqdadır. Bu qəbildən olan qablaşdırılan suyu həkimlərlə razılaşdırmadan da içmək olur və orqanizm üçün faydalıdır, həcm baxımından da onun içilməsinə heç bir məhdudiyyət qoyulmur. Bu tipli sular hər bir satış nöqtəsində və ictimai iaşə obyektində müştərilərə təklif olunur.


Məsələ burasındadır ki, bizdə su boruları ilə evlərə verilən suyun qaynadılmadan içilməsi məsləhət bilinmir. Çünki onun tərkibində ziyanlı qatqılar ola bilər. Təmizlənmiş su isə istehsalçı tərəfindən qarantiya ilə təklif olunur və onun gigiyenik sertifikatı mütəmadi olaraq təzələnir. Bu mənada qablaşdırılan suyun kefiyyətinə verilən qarantiya onun şəksiz üstünlüyünü səciyyələndirmiş olur.


İçməli suyun marketinqində nəzərdə alınması önəmli olan daha bir özəllik də ondan ibarətdir ki, susuzluğun qarçısını almaqda adi içməli su başqa sərinləşdirici içkilərdən daha effektivdir. Buna görə də dietoloqlar insanlara gündə 1-2 litr içməli suyu məsləhət bilirlər. Digər tərəfdən, adi təmizlənmiş içməli suyun heç bir mənfi göstəricisi olmur. Ürəyin nə qədər istəyir, buyur, o qədər də iç, nuş olsun.


Daha ucuz başa gəldiyi üçün əhali arasında polietilen qablarda təklif olunan su daha populyardır. Şüşə qablarda suyun satışı azalmaqdadır. İnsanların güzəranı yaxşılaşdığından heç kim şüşə qabları qəbul məntəqəsinə gətirib təhvil vermək istəmir. Əslində bu doğru tendensiya deyildir. Əlaqədar qurumlar suyun şüşə qablara süzülməsini hər vasitə ilə təbliğ etməlidirlər. İçməli su bazarında ən çox istehlak olunan məhsul qazlaşdırılmayan təmiz içməli su və qazlaşdırılmış mineral sulardır.


Əhalisi milyon nəfərdən yuxarı olan şəhərlərdə mineral sular daha çox içilir. Postsovet məkanında bu tendesiya aşkar müşahidə olunur. Həcm baxımından 3 litrlik və daha həcmli qablarda təklif olunan su daha yaxşı satılır. Suyun reklamının da bir vacib özəlliyi var. Bunu həmişə nəzərə almaq məsləhətdir. Belə ki, suyun özəlliklərini tərif etməkdənsə, onun keyfiyyətli, keyfiyyətinə sertifikat olmaqla qarantiya verildiyi, daha gözəgəlimli qablaşdırıldığı vurğulanmalıdır. Əslində su satan şirkətlər məhsulu tədarük etdiklərini deyil, müasir standartlar səviyyəsində istehsal etdiklərini önə çəkməlidirlər.


Beləliklə, demək lazımdır ki, qablaşdırılan su:


- sağlam həyat tərzinin müsbət göstəricisidir,


- fəal həyat tərzi sürənlərin seçimidir,


- daha sağlam və real sərinləşdiricidir,


- orqanizmin suya ehtiyaclarını balanslaşdırır,


- idmanla məşğul olanları ehtiyacını tam qarşılayır,


- əslində bir qida mədəniyyəti nümunəsidir,


- istənilən yaş qrupu üçün təbii ehtiyacdır,


- asan daşına bilir,


- evə sifariş vermək olur.


Suyunuz bol olsun diləyi ilə,


Teymur Məmmədov,


Marketinq konsultantı


Adver.az