Facemark.az Vüqar Səmədlinin "Yararsız menecerin gündəliyi" adlı yeni köşə yazısını təqdim edir.


Bu gün bir çox şirkətlərdə kollektivə uyğun olmayan, işlədiyi sahə haqqında bilikləri çox az olan, iş vaxtı işdən başqa hər şeylə məşğul olan, tək məqsədi müdriyyətin gözündə yaxşı görünmək olan “menecerlər” var. Bu personalara qohumbazlığın, tanışbazlığın, yerlibazlığın hökm sürdüyü şirkətlərdə daha çox rast gələ bilərsiniz. Gəlin onlardan biri - şərti adı Sərxan olan “menecerin” 1 gününü yaxından təhlil edək:


09:30 - bəli, 09:00 yox, məhz 09:30. Şirkətdə iş doqquz tamamda başlasa da Sərxan müəllim üçün yarım saat gec başlayır. Bəhanəsi də hazırıdır. Uzaq yerdə yaşaması, şəhərdə günü-gündən artmaqda olan tıxaclar.


10:00 - Sərxan müəllim hələ işə başlamayıb. Səbəbi də odur ki, axşam çayxanadan gec gəldiyi üçün gec yatıb və səhər də gec oyanıb. Buna görə də səhər yeməyi yemədən, gözlərini ovxalaya-ovxalaya, üzündəki yuxudan doymamış, zəhirmarlı ifadə ilə özünü birtəhər ofisə çatdırıb. İndi isə yaxınlıqdakı marketdən aldığı 30 qəpiklik bulka və kimdənsə “çırpışdırdığı” kofe ilə telefonda qurdalana-qurdalana “zavtrak” eliyir. Nə deyək. Nuş olsun!


11:00 - qəhrəmanımız hələ də işə başlamayıb. Çünki onun fikrincə yeməkdən sonra mütləq “perekur” eləmək lazımdır. Öncə bir siqaret, sonra uşaqlarla yarım saat işə aid olmayan söhbətlər, daha sonra isə ikinci siqaret. Tam yuxarı qalxıram deyərkən rayondakı xala oğludan gələn zəng və itirilmiş daha bir neçə dəqiqə.


12:00 - nəhayət Sərxana komputeri yandırmaq qismət olur. Amma şirkətin bu xoşbəxtliyi cəmi yarım saat çəkir. Çünki, hamı üçün saat birdə başlamalı olan nahar fasiləsi onun üçün yarım saat erkən başlayır.


15:00 - nahara yarım saat tez getdiyi kimi, yarım saat da gec qayıdan Sərxan bir neçə şöbəni gəzib, o şöbələrdəki işçilərin də bir xeyli vaxtını aldıqdan sonra üzüyola bir işçidən “qopardığı” iki konfetlə çaydan qurtumlayaraq səhərdən yarımçıq qalan işin üstündə baş sındırır.


16:00 - qonşu şöbədəki Ayka ilə Niquş arasında kiçik bir polemika baş verir. Sərxan da bayaqdan bunu gözləmirdi mi? İşi fırlatmaq, duzsuz zarafatları kollektivə sırımaq və laqqırtı vurmaq üçün bundan yaxşı fürsət? Hadisəni görməyən işçilərə də birinin üstünə beş qoyub danışaraq daha bir saatını beləcə öldürür Sərxan.


17:00 - başdakı otağın qapısı açılır və müdirin ayaq səsləri eşidilir. Elə bu anda Sərxan tez-tələsik telefonu götürüb, tabeçiliyindəki işçilərdən birinə zəng vurur. “Ağıllı” məsləhətlər, “ibrətamiz” nəsihətlər və pafoslu vədlər bir-birini əvəz edir. Müdirin ayaq səsləri yaxınlaşdıqca Sərxanın ürək döyüntüləri və səsinin yüksəkliyi də artır. Məqsəd də odur ki, hamı elə bilsin ki, şirkəti ancaq Sərxan düşünür, işə ancaq o can yandırır. Qəhrəmanımız məqsədinə çatır. Onun həqiqətən də məşğul olduğunu düşünən müdir qapıdan əl ilə sağollaşaraq ofisi tərk edir.


17:30 - bəli, 18:00 yox, 17:30. Ofisdə rəhbərlikdən heç kim olmadığı üçün Sərxan da yavaş-yavaş aradan çıxmağa hazırlaşır. Qoy getsin! Onsuz da hələ evinə getmir. Axı çayxanalar və özü kimi dostları onu gözləyir. Amma “fırlatdığı” yarım saatlar, işdə boşa keçirdiyi vaxtlar onun ömründən gedir.


Vüqar Səmədli