Facemark.az Teymur Məmmədov ''Biznesin laylası uğur hekayələridir'' adlı köşə yazısını təqdim edir.

Gəncliyimdən yadımda qalan bir ifadə var. Ünsiyyətdə tez-tez işlədilən ifadədir. Elə indi də danışıqda işlənir. Hərdən ciddi, hərdən də zarafatla... Siz də xatırlayarsınız: Bəsdi də, gopa basdın, bu qədər də gop olar, gop da olsa maraqlıdır...


Mən hekayə söyləməyi heç zaman gopçuluq saymamışam. İndi də bu fikrimdə qalıram. Əslində bu da bir istedaddır. Müasir anlamda çox güvəniləsi marketinq fəndidir. Mənə elə gəlir ki, insan olmaq istədiyi nöqtə ilə olduğu nöqtə arasında ən qısa və təsirli xətti hekayə söyləməklə konturlayır.


İnsan psixologiyası elə bir fəaliyyət prosesidir ki, hər şey nisbətdə qavranılır. Bizim bütün həyatımız fasiləsiz qavrayış prosesidir. Bir də fasilsiz hekayələr zənciridir həyatımız. Bu həm kiçiklərə aiddir, həm də böyüklərə... Sadəcə yaşa uyğun olan əhatə genişliyi ilə fərqlənir.


Digər tərəfdən də bu müqayisəli qavrayışın özünün doğurduğu nəticələr var. Birincisi, insan başqalarının həyat hekayələrinə - istər uğur, istərsə də uğursuzluq olsun, fərqi yoxdur- öz həyatında olmayana reflektor reaksiyaya maraq göstərir. İkincisi, eşitdiyi həyat hekayəsi insanda fərəh, qürur, qibtə, paxıllıq, həvəs, bədbinlik doğurur.


Bütün hallarda insan həyat hekayələrinə etinasız qala bilmir. Bu günün özündə isə sosial mediada buna daha ciddi ehtiyac duyulur və özünü daha yüksək tezliklə və daha çox təcəssüm olunan sfera olaraq əks etdirir. Bu da hekayənin marketinqdə (təbii ki, yalnız marketinqdə deyil) rolunu çox yüksəldir.


Bu günün marketinqində informasiyanın ötürülməsi və fikrin transformasiyası qismində istifadə olunan storitellinq - əslində bu dəyərləndirmədən daha geniş anlama sahibdir, onun miqyası planetardan genişdir, daha qalaktikdir, Kainat mahiyyəti kəsb edir, real gerçəkliyin dərk olunmasının ən güvənli və nəhayətsiz yol xəritəsdir.


İlkin mərhələdə HR üçün meydana gələn storitellinq gerçəkdə ''Armstrong İnternational'' konserninin rəhbəri Devid Armstronq tərəfindən korporativ dəyərlərin hamılıqda qəbulu və yüksək dəyərləndirilməsi üçün düşünülmüşdü. O, bütün əməkdaşların konsern tərkibində çalışdıqları zaman meydana gələn bu və ya digər situasiyaların həlli praktikasını ümumiləşdirmişdi.


Bizim konsernimiz - hamımızın həyat hekayələrinin məcmusudur kimi mövqeləndirdi. Bu proses davamlı olaraq bü günə kimi ''Armstrong İnternational'' konserninin fəaliyyətində məhək daşı rolunu oynamaqdadır.


Devid Armstronqin tərtib etdiyi «İşdə rəhbərlik» toplusunda quru təlimatlar əvəzinə əməkdaşların həyat hekayələri geniş yer aldı. İşə yeni gələn hər kəsə bu hekayə toplumu təqdim olunurdu. Yeni işçi böyük maraqla həmin hekayələri oxuyurdu, istər-istəməz onun da qəlbində «niyə də mənim öz həyat hekayəm olmasın» istəyi baş qaldırırdı. Yeni işçi özünü böyük qurumun faydalı vintçiyi kimi duyur və inkişafa meyilli olurdu.


Tarixçi və futuroloq Yuval Noy Xarari özünün «XXI əsrin 21 dərsi» kitabında storitellinqə tamamilə yeni bir dəyər qataraq, onun mahiyyətini yeni səviyyədə açıqladı. O yazırdı ki, biz Homo Sapiensi hekayələr uyduran canlı kimi xarakterizə edə bilərik. Düşünən insanın təfəkkürü rəqəmlər və qrafiklər zəminində deyil, hekayələr üzərində qurulur. Hətta Kainatı belə insanlar qəhrəmənların və şər qüvvələrin təmsilçilərinin, münaqişələrin və barışmaların zənginliyi məkanı kimi təsəvvür edirlər.


Mən də o ekspertlərlə şərikəm ki, gəlin, storitellinqin məna yelpazəsini yalnız marketinq aləti olaraq daraltmayaq. Əslində storitellinqin həmişəyaşar və həryerdəyaşar kimi təqdimi və dəyərləndirilməsi marketinqin üzünə daha geniş qapılar açır. Bu da öz növbəsində həyat və zaman hekayələrinin yeni minillikdə marketinq üçün hüdudsuz imkanlar sərgilədiyini yeni müstəvidə ön plana çəkmiş olur.


Həyat hekayələri həm şirkət, həm mal və xidmət, həm şəxsi brandinq, həm ölkə, ideya, sosial problem, iqtisadi və ekoloji böhranlar, qlobal özünü təşkilatlanmalar və sosial çağırışlı hərəkatlar zamanı da aktualdır.


Marketinq üçüncü minillikdə yeni inkişaf səviyyəsini fəth edəcəkdir, müxtəlif tranformasiyalara məruz qalacaqdır. Bu anlamda önəmli nəticə isə ondan ibarətdir ki, həyat hekayələri sivilizasiyanın hərəkətverici və ruhlandırıcı qüvvəsi qismində ayrılmaz çığırdaşıdır, başqa sözlə, həyat durduqca həyat hekayəsi də olacaqdır.


Həyatı daha şirin boyalarla vəsf etmək üçün hekayə danışmaqdan daha təsirli nə ola bilər!? İnsanın yeni ehtiyaclarının formalaşdırılması, istehlak alışqanlıqlarının evolyusiyası, hər kəsin həyatına yenə rənglər qatılması, günün daha zəngin yaşanması, sabaha olan ümidlərə təxəyyülün köməyi ilə güvənli hekayə qanadları taxılması – həyatın mənalı və rahat yaşanmasına təsirli stimul düşünmək çətindir, hətta, mən deyərdim ki, mümkünsüzdür- həyat hekayələri müasir qlobal gərginlikdə həyata optimizm qata bilər.


Bu baxımdan yanaşsaq, storitellinq bu günün marketinqində kifayət qədər geniş tətbiq olunmur və ya mənim bu yöndə məlumatım azdır. Amma nə qədər çox istifadə olunsa belə, yenə də azdır. Eləcə də, onun yalnız bir təxəyyül məhsulu kimi deyil, həm də gerçək həyatın təcəssümü olaraq, yəni həyat hekayəsinin təzahürü kimi də nəzərdən keçirilməsi önəmlidir.


Mənimlə razılaşarsınız ki, zaman keçdikcə şirkətlərin əksəriyyətinin uğur hekayələri dəfələrlə yenilənməkdədir, daha cəlbedici və bir az da iddialı xarakteri kəsb etməyə başlayır. Hətta şirkətin inkişafı müəyyən həddə çatandan sonra gerçək tarixçədən tam uzaqlaşmış olur. Olduğu kimi deyil, insanların görmək, eşitmək və düşünmək istədiyi müstəvidə tam yeni ruhda səslənməyə başlayır. Məqsəd mal və xidmətə, marka və biznes qurumuna rəğbət yaratmaqdan ibarətdir. Hekayə nə qədər emosional enerjiyə sahibdirsə, nə qədər səmimi, kövrək və inandırıcıdırsa, əslində kapitalizmi insan simalı, nəvazişli və məsum bir mələk donunda təqdim edirsə, mal və məhsula, markaya, şirkətə bağlantı bir o qədər güclənir, belə loyallığın dəyərinin nə qədər önəmli olduğunu məndən də yaxşı bilirsiniz...


Storitellinqə diqqəti artıraq, ona etinasız baxmayaq, daha gözəl hekayələr yaradaq, başqalarının həyat və uğur hekayələrinə rəvayət kimi yanaşmaqla kifayətlənməyək, özümüzün uğur hekayəmizin dramaturgiyasını, hissiyyata təsir gücünü indidən və əsaslı formalaşdıraq.


İnsan öz təbiəti baxımından və tarixən təkamül yolunda nağıla, hekayəyə, mif və rəvayətlərə çox bağlı və inamlıdır. Bu gün ən məşhur filmlərin də əksəriyyəti xəyal dünyasına bağlanır, gerçəklidən tam uzaq müasir nağıllar kimi formalaşır, virtual aləm isə gerçək dünyadan daha şirin və cəlbedici təsir bağışlayır.


Çünki bizim həyatımız başdan-başa bir hekayədir.


Hər birinin təkrarsız süjeti və fərqli sonluqları var.


Çeşidli dramaturgiyası və dinamikası ilə yaşanır.


Hər kəsin xoşbəxt olmaq və ya azından xoşbəxt görünmək istəyi tam təbiidir.



Teymur Məmmədov