Facemark.az Teymur Məmmədovun "Kənar adamın məsləhətləri" adlı yeni yazısını təqdim edir!
Məndən tez-tez soruşurlar müşavir, məsləhətçi, konsultant olaraq şirkətlərə nə fayda verirsiniz ki, sizi belə əməkdaşlığa dəvət etsinlər. Mənim cavabım da sualın özü qədər acı olur. Artıq pulları olan şirkətlər xərcləməyə yer tapmayanda məsləhətçi axtarırlar…
Təbii ki, sualın yaşamaq haqqı var. Konsultasiya (söhbət, ilk növbədə marketinq və PA-dan gedir) xidməti barəsində onlarla əsassız miflər uydurulub. Amma dünya praktikasında ən geniş ehtiyac duyulan əməkdaşlardan biri də kənar məsləhətçilərdir. Onların heç ştatda olmasına belə ehtiyac yoxdur. Münasib müqavilə əsasında fəaliyyət göstərirlər və zaman məhdudiyyəti çərçivəsində çalışırlar. Müddət başa çatandan sonra qarşılıqlı razılıq və nəzakət çərçivəsində əməkdaşlıq dayandırılır.
Hətta xarici ölkələrdə şirkət sahibi və ya ortaqlar yaş həddini aşmasına və ya səhhəti ilə bağlı digər səbəblərdən fəaliyyətini davam etdirmək iqtidarında olmadığı zaman öz paylarını satırlar, sonra müqavilə əsasında elə həmin şirkətdə konsultant kimi əməkdaşlığı davam etdirirlər.
Soruşula bilər, doğrudan da əgər şirkətin mühasibatlıq, maliyyə, hüquq şöbəsi varsa, bu sahələr üzrə məsləhətçilərə niyə ehtiyac olmalıdır ki?! Sual da, elə cavab da kifayət qədər məntiqlidir. Tam ştatlı çalışan işçilər gündəlik fəaliyyətlərində davamlı olaraq, yaranan problemlərin həllində ixtisaslaşırlar. Bu sahələrdə onlar daha tez, səmərəli və ardıcıl nəticələrə nail ola bilirlər.
Birincisi, ekspertlər haqlı olaraq göstərirlər ki, kənar məsləhətçilər şirkətin fəaliyyətində nadir hallarda yaranan, konkret və kifayət qədər dar sahədə xüsusi təlim, təcrübə və bacarıq tələb edən məsələləri həll edirlər. Bundan ötrü ştata əlavə adam götürməyə ehtiyac varmı? Yox. Məsləhətçi gəldi, problem həll olundu. Vəssalam. Yeni problem meydana çıxarsa, artıq özünü doğruldan formata uyğun olaraq məsləhətçiyə müraciət olunacaq. Qənaətin miqyasını təsəvvür etdinizmi? Məhz kənar məsləhətçi ilə əlaqə saxlamaq nəinki müvafiq sahədə ixtisaslı mütəxəssisi işə götürməyə, həm də əhəmiyyətli qənaət əldə etməyə imkan verir.
İkincisi, şirkətdə çalışanlar çox vaxt iddia edirlər ki, bizim illər boyu topladığımız təcrübənin əvəzlənməsi belə asandırmı? Kənar məsləhətçi konkret təşkilatın xüsusiyyətlərini tez bir zaman fasiləsində başa düşə bilməz. Təbiidir ki, müəyyən bir şirkətin fəaliyyətinin xüsusiyyətlərini başa düşmək üçün daxili mütəxəssislər var. Bu işdə heç bir kənar mütəxəssis onları əvəz edə bilməz.
Kənar məsləhətçi, ilk növbədə, tam ştatlı mütəxəssislərlə müqayisədə vəziyyətə yeni baxışla, fərqli bucaqdan baxmaq üçün lazımdır. Mütəxəssislər də o fikirdə yekdildirlər ki, görülməli olan zəruri iş məsləhətçiyə müvafiq biznesə xas olan fərdi xüsusiyyətləri nəzərə almağa kömək edən çirkət əməkdaşları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Məsləhətçi isə məsələyə əslində şirkətin özəlliyi baxımından deyil, digər təşkilatlardakı oxşar problemlərin həllində öz təcrübəsinə əsaslanaraq yanaşmalıdır.
Üçüncüsü, məsləhətçilər özləri hiss edirlər ki, şirkətlərdə işçilərə etibar etdlən səviyyədə kənar məsləhətçilərə etibar etmirlər. Marketinq sahəsində zəngin təcrübəsi olan insanlar yaxşı bilirlər ki, mütəxəssisə inamı onun şirkətin işçisi və ya kənar məsləhətçi olması ilə müəyyən etmək olmaz. Bununla belə, burada hər bir məsləhətçinin imicinin yüksək qiymətləndirilməsi praktikasını da nəzərə almaq məntiqlidir. Tam ştatlı işçi şirkətdən ayrıla bilər, başqa bir təşkilatda iş tapa bilər. Eyni zamanda təcrübəsi, müştərisi, peşəkar dairələrdə mövqeyi və nüfuzu olan məsləhətçi bir anlıq qazanc naminə bütün bunları risqə məruz qoya bilməz. Bu baxımdan, kənar məsləhətçilər çox vaxt şirkət üzvlərindən daha etibarlı olurlar.
Dördüncüsü, deyirlər ki, dəvətli məsləhətçilər nəticəyə görə məsuliyyət daşımırlar.
Unutmayaq ki, burada medalın iki üzü var. Nəticəyə görə real məsuliyyət hər iki tərəf uzunmüddətli əlaqələr qurmağa çalışdıqda yaranır. Üstəlik, hər şeydən əvvəl məsləhətçi məhz bunun üçün çalışır. Konsaltinq şirkəti, bir qayda olaraq, müştəri ilə işləməkdən qazanc əldə etməyə davam məqsədilə onunla uzunmüddətli münasibətlər qurmağa can atır. Nəticə üçün məsuliyyət isə belə məsləhətçilərlə əməkdaşlığın davamı üçün önəmli şərt deyilmi?
Beşincisi, bir çoxları kənar məsləhətçiləri hava satıcıları kimi dəyərləndirir. Əslində bu problem ondan irəli gəlir ki, nə qədər ixtisaslı olsa da, məsləhətçinin işini həmişə hər zaman obyektiv qiymətləndirmək mümkün olmur. Mütəxəssis bizə bir sıra tövsiyələr verəndə biz onlara baxırıq və yeni bir şey eşitmədiyimizi başa düşürük: biz bu problemləri bilirik, ümumiyyətlə, onları necə həll edəcəyimizi də bilirik və özümüz də onu aradan qaldırmaq üçün bir plan tərtib edə bilərik. Çox gözəl. Amma bir sual da ortaya çıxır: bəs niyə biz bunu hələ də etməmişik?
Konsaltinq tərəfdarları olan şirkər qurucuları qeyd edirlər ki, yəqin ki, diqqətimizi problemlərə cəlb etmək üçün kənardan bir adamın cəlb edilməsi lazım idi. Bəlkə də məsləhətçi bizə ikinci dərəcəli görünən elementlərə bir daha diqqət yetirməyin zəruri olduğunu söylədi. Bəlkə o, sadəcə vəzifələri və onların həlli yollarını daha aydın şəkildə formalaşdırdı. Hər halda, əgər onun gəlişi dəyişiklik üçün müəyyən təkan olubsa, deməli, o, işini boş yerə görməyib.
Altıncısı, deyirlər ki, məsləhətçilərlə yalnız ciddi problemlər olduqda əlaqə saxlanılmalıdır.
Burada xəstəliyin müalicəsi ilə bağlı bir bənzətmə aparmaq məqsədəuyğundur: xəstəliyin ilkin mərhələdə qarşısının alınması həmişə uzun sürən müalicədən daha asan, ucuz və təsirli olur.
Biznes konsaltinqində də vəziyyət eynidir: müştərinin müraciəti nə qədər gec olarsa, məsləhətçinin seçimləri nə qədər az olarsa, həll yolu tapmaq və həyata keçirmək üçün istifadə edilə bilən alətlər də bir o qədər məhdud olur. Bir şirkət kəskin problemləri olmayan bir dövrdə məsləhətçilərə müraciət edərsə, bu, şirkətin gələcək çiçəklənməsi üçün möhkəm zəmin yaratmağa və sonrakı fəaliyyət dövrlərində xeyli sayda problemdən qaçmağa imkan verir.
Yeddincisi, konsultant xidmətinin əleyhinə olanlar belə bir arqument də irəli sürürlər ki, məsləhətçinin dəvət olunması həmişə işçilər arasında narahatlığa səbəb olur. Unutmayın ki, məsləhətçinin işinin səmərəliliyi onun işçilərlə qarşılıqlı əlaqəni nə dərəcədə effektiv qura bilməsindən asılıdır. Əgər o, işçi heyətlə daimi münaqişədə olarsa, iş ləng gedəcək, təkmilləşmə imkanları məhdud olacaq, yenilik etmək cəhdləri sabotaj ediləcək. Buna görə də, yaxşı məsləhətçi işçilərlə normal münasibətlərdə maraqlıdır.
Səkkizincisi, hələ də belə bir fikir söylənilir ki, kənar məsləhətçilər baha başa gəlir. Nəzərə alınmalıdır ki, məsləhətçinin xidmətlərinin dəyərini yalnız bir meyarla ölçmək olar - onun işinin nə dərəcədə effektiv nəticə verib, yəni müştəriyə faydası hansı həcmdə faydalı olub. Əgər onun xidmətləri çox ucuzdursa, amma heç nə gətirmirsə, deməli, şirkət onun fəaliyyətindən yalnız zərər çəkib. Digər tərəfdən, yüksək peşəkar səviyyəli konsaltinq xidmətləri nə qədər baha olsa da, iqtisadi baxımdan mütləq fayda gətirir.
Burada bütün məqamlara toxunmaq imkan xaricində olsa da, bir məsələdə həmfikir olmalıyıq ki, məsləhətli don geniş olar, kənar adamın məsləhətlərini dinləmək lazımdır, amma onun söylədiklərini kor-koranə təqlid etmək və tətib etmək yox, müzakirə etmək, daha optimal yollar aramaq uğura aparan yolun astanasıdır.
Teymur Məmmədov