Facemark.az Rafiq Hunaltayın "Sadə idarəetmə" adlı yeni yazısını təqdim edir!


Niyə?!


Biz idarəetmə haqqında çox oxuyuruq, oxumuşuq. İstər xaricdə tətbiq edilən yeni idarəetmə modelləri, istərsə də daxildə baş verən dəyişikliklərə uyğunlaşan üsullarla tanışıq. Amma əksər hallarda tətbiqdə əziyyət çəkirik. Baxırsan ki, hər şey yazılan, deyilən kimi edilirsə, onda niyə effektiv işləmir?! Bu yazıda biz o “niyə”lərə cavab tapacağıq.


SADƏ İDARƏETMƏ


Sizin də başa düşdüyünüz kimi real sektorun real şərtlər daxilində idarəetməyə baxışını təhlil edəcəyik. Mənim özüm üçün bu mövzu sadə idarətmədir.


Sadə idarəetməni özüm üçün tərif edəndə qulağa xoş gələn, ürəyə xoş gələn, məntiqə xoş gələn sözlər içindən daha çox ürəyə xoş gələnləri seçməyə çalışdım. Çünki ürək elədir ki, istədimi digər beş duyğunu da o tərəfə gec-tez sürükləyir.


Bazarda onsuz idarəetmə haqqında qulağa xoş gələn sözləri istər müzakirələr zamanı, istər çıxışlar, təlimlər zamanı deyən adamlar çoxdur. Onların bir çoxunu şəxsən tanıdığımdan və prosesləri də kənardan yaxşı müşahidə bacarığım olduğundan (ən azı belə düşünürəm????) bir daha əmin oluram ki, o deyilənlər tətbiq edilə bilmir, çünki birinci onu deyən adam onu tətbiq etmir, ikinci də tətbiq etsə belə işləmədiyini görür. Amma neynək ki, populist fikirlər olduğundan “kütlə rəğbəti” qazanmaq asan olur deyə bu yollara əl atılır.


QƏLİZLƏŞDİRMƏ


Ümumiyyətlə, düşünürəm ki, biz qəlizləşdikcə bir o qədər də həqiqətdən uzaqlaşırıq. İdarəetmə daxil həyatın bütün sferalarında sadə dil, sadə üslub, sadə yanaşma qalib gəlir. Amma nədənsə, çox vaxt sadə görünmək avam görünmək kimi başa düşüldüyünə görə qəlizə qaçmağa meyilliyik. Əslində biz qəliz idarəetməni bilirik, orada problemimiz yoxdur. Bütün qəliz terminləri, qəliz keysləri, qəliz düsturları bilirik. Bilmədiyimiz necə sadə olmaqdır, sadə yanaşmaqdır. Peter Druker deyir ki, idarəetmə dediyimiz şeyin böyük bir hissəsi əslində insanların işləməsini çətinləşdirməkdən ibarətdir. İdarəetməni necə qəliz etmək olar bilirik. Biz sadə idarəetməni öyrənməliyik.


Təyyarə necə uçur?!


İnsan qəliz düşünəndə sadə həllər gözdən yayınır. Məsələn, araşdırmaya görə fokusu uşaqlar daha rahat tapır, nəinki böyüklər. Çünki böyüklər bunun fokus olduğunu biləndə nəsə qəliz, mürəkkəb üsullar olduğunu düşünür və fokusun necə edilməsi barədə qətiyyən sadə düşünə bilmir. Ağlına gəlmir ki, bu fokusu çox sadə yolla da etmək olar.


Və ya başqa bir keys deyim. Bunu Seymur Baycanın bir yazısında oxumuşdum səhv etmirəmsə, çox yerdə də demişəm. Tam dəqiqliklə hekayəni xatırlamıram, amma təxmini belədir. Deməli, hekayənin məğzi belədir ki, bir nəfər fizik olan yaxın qohumundan soruşur ki, təyyarə necə uçur göydə? O da bildirir ki, bu çox sadədir, gəl göstərim. Alır əlinə və başlayır köhnə dəmirin üstündə düsturları yazmağa başlayır. Yazır-pozur və sualı soruşan adama “görürsən tək-tək düsturlarla izah etdim ki, təyyarə necə havaya qalxır və havada qala bilir”. Sonra da qayıdır ki, “bax gördün sənə elmi tərəfini izah etdim. Amma inanırsan ki, mən özüm də hər dəfə təyyarəni göydə görəndə fikirləşirəm görən necə uçur göydə”. Bizim tətbiq etdiyimiz idarəetmə də bəzən bu hekayədəki kimidir. Əsaslandıra bilirik, çünki hardansa oxumuşuq, götürmüşük və s. Amma gəl ki, tətbiqə gələndə özümüz də inanmırıq, dildə desək də, ürəyimizdə əslində çox da ədalətli üsul olmadığını bilirik və s. Məsələn, götürək elə qarşısına agile atılan bütün terminləri. Əminliklə deyirəm ki, onu istifadə edən, təbliğ edən, hətta tətbiq edən çox şəxs, qurum, mahiyyəti tam anlamır. Əslində onlara agile lazım deyil, sadə idarəetmə lazımdır. O olmadan növbəti pillələrə elə asan deyil çıxmaq. Normal vaxtı düzgün idarə edə bilmədiyin şeyin qabağına agile atanda o dönüb öz-özünə agile olmur. Demirəm ki, agile səhvdir, sadəcə ona keçid təbii zərurətdən doğmadığı üçün tətbiqi süni alınır.


Təyyarə keysində məlumat – bilgi – fərqindəlik ardıcıllığının təcəssümünü görürük. Yəni təyyarənin uçması haqqında məlumatı, bilgisi olan adam əslində bildiyi şeyin fərqində deyil, tam anlamır. Loru dildə desək, əzbərləyib. Məlumat – bilgi – fərqindəlik ardıcıllığının mahiyyəti belədir ki, insanların çoxu hansısa proses, hadisə haqqında məlumata sahibdir, onlardan daha az qismi məlumatı olduğu şey haqqında bilgiyə sahibdir, onlardan bir az da azı isə bilgisinə sahib olduğu prosesin fərqindədir. Yəni mahiyyətini anlayır. Bizdə də idarəetmədə əsas çatışmayan şey empati qurmaq və dediyimiz, göstərdiyimiz proseslərin ideyaların fərqində olmaqdır.


Sadə idarəetmə bəs nədir? Bu yazıda 8 addımda sadə idarəetmə nədir ona toxunacam.


Qayda #1 – MÜŞAHİDƏ ET


İdarəetmə cəmiyyətdən ayrı deyil. Cəmiyyət necədirsə, qalan hər şey aşağı-yuxarı ona oxşayır. Məsələn, maliyyə sektoru necədirsə, aşağı-yuxarı HR də elədir, marketinq də, istehsal da və s. Çünki vahid orqanizm nəticə verir, 99,9 belə 100 olmadığı üçün tam deyil. Bizə lazım olan müşahidə qabiliyyətinin olmasıdır. Necə olur ki, eyni adamlarıq, xaricdə quzu balası kimi sıraya dururuq, amma öz ölkəmizdə yox. Müşahidəni sevdiyim üçün etdiyim müşahidələri ara-sıra həm də yazıya tökürəm. Hunaltay.com bloqumda idarəetməyə dair işdə siyasət seriyasından 3 yazı, bizim milli iclaslarımız, işdə düz bilinən səhvlər, işdəki xarici müdirlər, biznesdə yazılmayan qaydalar adı altında bir neçə yazım var. Vaxt edib o yazılara da nəzər yetirsəz, faydalı olar. Bəli, müşahidə nəticəsində fikirlər formalaşır, insan müşahidə etdiyini daha sonra mühakimə edir. Və ya mühakimə etməyi, sorğulmağı bacarmalıdır.


Qayda #2 – BİZNESİ BİL


Biznes proseslərin avtomatlaşdırılması – bir dəfə belə bir status yazmışdım ki, bu sözdəki ardıcıllıqdakı kimi birinci biznes olmalıdır, sonra proses, sonra avtomatlaşdırma. Bəzən biz tərsinə gəlirik, biznes modelimiz yoxdur, ideyamız var, onu avtomatlaşdırırıq və ya ona proses yazırıq. İşin özəyi biznesdir. Biz birinci biznesi bilməliyik. Biznesi bilsək, hətta idarəetməni yetəri qədər bilməsək də işə hakim olduğumuz üçün nəticə əldə edə bilərik. Görürsən ki, 2 cümlədən bir filan filan məsələlərin rəqəmsallaşması, rəqəmsal transformasiya kimi ifadələr çox səslənir. Bilmədiyimiz şeyi rəqəmsallaşdıra bilmərik axı? Bilmədiyimiz şeyi avtomatlaşdıra da bilmərik. Təkcə proseslər deyil, həm problemin həlli də avtomatlaşmalıdır.





Uğura gedən qısa yol yoxdur. Oxumalıyıq, mütaliə etməliyik. Sovetdən sonra müəyyən boşluqlar oldu ki, biznesdə sadəcə risk edənlər ciddi uğur əldə etdilər. İndi təkcə risk kifayət etmir, həm də bilikli olmaq lazımdır. Təcrübə-təcrübə deyə-deyə bəzən oxumağı gözdən salma cəhdləri olur. Amma bilməliyik ki, oxumayan adam ömür boyu “dırnaq içində” danışacaq. O heç vaxt and içə bilməyəcək. Hərdən xaricdə forumlarda iştirak edirəm, qayıdanda bir neçə gün çox pis oluram. Fikir aparır məni ki, bu adamlar bizi 3-cü, bəlkə də 4-cü “kruq” gəlib keçirlər. Biz ümumiyyətlə nə etməliyik, haradan başlamalıyıq. Bəlkə elə heç nə etməməliyik. Amma, yox, təbii ki. Ümiddən düşmək olmaz, qaranlığı söyəcəyimizə mütləq bir şam da biz yandırmalıyıq, işin bir qulpundan tutub işə hakim olmalıyıq.


“Biz necə iş görürük?!”


Sizə bugünlə səsləşən, təəssüf ki, hələ də aktual olan bir hekayəni xatırlatmaq istərdim. Üzeyir Hacıbəylinin hələ 1908-ci ildə, 144 il öncə Tərəqqi jurnalında “biz necə iş görürük” və ya başqa adla “nərdivan” satirik hekayəsi çıxır. Hekayəni linkdən daha ətraflı oxuya bilərsiz. Amma qısa məğzi belədir ki, qonşularımız siçan, ondan bir az böyük keçi, eşşək, camış, sonra da bir az da işi böyüdüb fil boyda iş görəndə biz yatmışdıq. Ayılırıq bir gün və deyirik ki, biz də fil boyda iş görə bilərik. Başlayırıq fil düzəltməyə çalışmağa, amma hec cür alındıra bilmirik. Daha sonra camış, alınmadı keçi, alınmadı qayıdırıq ən başa siçan düzəltməyə qərar veririk. Və bu əsnada isə qonşular fildən də böyük işlər görməyə başlayır. Biz isə siçan düzəltməyə çalışnda belə içimizdən bir pişik çıxır və siçanı yeyir. Hekayədə həmçinin bizim nərdivan problemimiz olduğunu, böyük işlər görmək üçün nərdivandan istifadə etməməyimiz satirik tərzdə tənqid edilir. “Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar” – demək olar ki, bizə indiki özümüzü göstərir. Uzun sözün qısası, dostlar, uğura gedən qısa yol yoxdur. Hətta varsa belə, bu hamının getdiyi 10 dəfə, 100 dəfə qısalda bilməz.


Qayda #3 – ERTƏLƏMƏ


Mütəmadi yanğın söndürənlik edirik. Hərəmiz almışıq əlimizə bir şlanqı, orada yanğın tut ora, burada yanğın tut bura. Beləcə ömür də keçir, amma sistem qurulmur ki, qurulmur. Mənim bir dostum var, deyir ki, mən elə iş quracam ki, sistem işləsin, mən işləməyim. Dünyada belə bir şey var, amma onun adı sistem deyil. Milyon texnologiya çıxsın, milyon sistem yaransın insan faktoru var və olacaq. İnsanı tamam kənarlaşdırmaq olmur. Başında durmadığın iş sənin deyil. İclas, straregiya, oturaq prosesləri yazaq kimi hallar ortaya çıxanda, biz real iş görürük, ona vaxtımız yoxdur deyib, karvan yolda düzələr deyib ertələdikcə batırıq. Tələsirik deyə-deyə gecikən nə qədər adam tanıyıram. Ertələmək bizim biznesdə ən ağır xəstəliklərimizdəndir deyərdim. Düzdür, tez-tez eşitdiyimiz bir ifadə də var ki, ağıllı fikirləşincə dəli vurur çayı keçir. Bir şeyi unuduruq ki, bəli, ağıllı fikirləşincə dəli çayı vurub keçə bilər, amma niyə keçdiyini bilməz.


Qayda #4 – STRESS PROBLEMDƏN DAHA ÇOX PROBLEMDİR


Problem olmasa nəyi və necə təkmilləşdirmək, düzəltmək lazım olduğunu bilmərik. Problemi ötürmək, palazın altına süpürməklə o həll olmur. Problemin üstünə gedərək həll edə bilərik. Müdirə problem demə, problemlə getmə kimi yanlış stereotiplər də formalaşıb.


Yaponların Hansei deyilən bir formatı var. HANSEİ – problemi həll edəndən sonra həll prosesini yenidən sorğulmaqdır. Problemləri daha sürətli necə həll etmək onları öyrədir adama. Yəni siz problemi həll edəndən sonra onu necə həll etdiyinizi qeyd edirsiz və növbəti dəfələrdə daha sürətli, daha effektiv necə həll etmək olar onları müzakirə edirsiz.


İnsanlar eyni şərtlər daxilində olsalar belə, eyni cür davranmaya bilərlər. Zehnimiz stress altında olanda “savaş ya da qaç” moduna girdiyi üçün rasioal düşünə bilmirik. Çünki bilinçsiz savaşmaq da, qaçmaq da ziyandır. Bizə o vaxt “CV-də ability to work under pressure ifadəsini yaz səni işə alacaqlar”ı öyrədən adamı görmək istərdim şəxsən. Məhz buna görə biz elə bilirik ki, stres altında işləmək üstünlükdür. Stres problemdən daha böyük problemdir. İnsanları mütəmadi stresli vəziyyətdə, gərgin saxlamaq heç bir effekt vermir. Təəssüf ki, bu gün bir çox şirkətlərdə süni gərginliklər yaratma, stresli mühitə soxma kimi işdə siyasət metodlarından da istifadə edilir.


Qayda #5 – QORXUNU İDARƏ ET


İnsanı qorxuları idarə edir. Biz idarəetmədə insanların nədən ehtiyat etdiyini unuduruq, düşünmürük. Səbəbi başqa yerdə axtarırıq. Biz onların bacarıqlarını deyil, işlərini deyil, qorxularını idarə edə bilsək, qalan şeyləri özlərinə yoluna qoyacaq. Bizim işçilərin işini itirmək qorxusu var, işdə siyasət qorxusu, daha doğrusu siyasətə məruz qalma qorxusu var, bizim işçilərin ən nəhayətində “bir tikə zəhər” qorxusu var. Biz insanları o yerlərindən vurduqca iş getmir, o yerlərindən əmin etdikdə isə iş gedir.


Davranışı kopyalamaq olmaz. İşi kopyalamaq olar, amma insanın davranışlarını yox. Şirkətdə olan hər şeyi eynilə kopyalamaq olar, amma şirkəti eynilə idarə edə bilməzsiniz. Çünki dəyəri ortaya çıxaran şey iş münasibətləri, işi görən insanların iş görmə tərzləri, davranışlarıdır. Bu gün eşidirəm ki, filan şirkətdə hər şey var, gözəl ofis, proseslər, qaydalar, təqvimin qırmızı günləri istirahət, sığorta və s. Amma niyəsə iş getmir, işi ertələyirlər, uzadırlar, ən əsası isə həvəslə işləmirlər. Səbəb odur ki, insan davranışları öyrənilmir, sirr o davranışlarda gizlənib. Onların həyəcanlarını, motivasiyalarını öyrənmək lazımdır.


Qayda #6 – ORTA MENECMENTİ BÖYÜT


İdarəetmədə orta sinif problemimiz var. İdarə edənlə edilən arasında orta halqa yoxdur. İdarə edən ya çox yüksəkdədir, dediyini aşağı heç cürə başa düşmür. Ortada bir nəfər yoxdur ki, (orta menecment də deyə bilərik buna) filtrindən keçirsin ötürsün və tərsinə. Çalışıb orta menecmentə daha çox yatırım etməliyik. Onlar həm gələcək rəhbərlərdir, həm şirkət daxilində yetişərlərsə şirkətə kənardan gəlmə rəhbərdən daha münasib əmək haqqına başa gələ bilər. Həm də işin alt tərəfindən də bilgili olduğu üçün həm işə, həm də işçilərə daha anlayışla yanaşar.


Qayda #7 – TƏNQİDƏ AÇIQ OL


Tənqiddən xilas olmaq çox asandır. Aristotelin çox qəşəng sözü var – Heç nə demirik, heç nə etmirik və heç nə oluruq. Biz özünü tənqid mərhələsini inciksiz keçməyi bacarmalıyıq. Yekunda heç nə olmamaq istəyiriksə, nəsə deyənlərə, hətta dediyi 10 şeyin 9-u səhv olanlara belə qulaq verməliyik. Bir düz belə işimizi müsbət istiqamətə dəyişə bilər. Unutmayın ki, sizin mənfi cəhətlərinizi deyən adamlar o haqda fikri olanların ən yaxşı halda 10%-dir. Yəni sizə 10 nəfər tənqidi fikir bildirirsə, əmin olun ki, 100 nəfər də var ki, belə düşünür, amma demir. Deyənlərin qədrini bilin, incələyin və əsas gördüklərinizi tətbiq edin. Üzüyümüzün qaşı düşməz, narahatçılığa əsas yoxdur.


Qayda #8 – ƏDALƏTLİ OL


İdarəetmədə ədalət anlayışı çox vacibdir. Hərə də bunu öz arşınına görə ölçür, qiymətləndirir. Düzdür, ədalətli olaq deyənlərin adətən özü ədaləti pozur, amma bu hamıya aid ola bilməz. Çılpaq həqiqət deyilən bir şey var. Hər alçaqlığa "nothing personal just business" deyən rəhbərlər qədər qeyri-etik davranan adam yoxdur. O adamlar sadəcə etdikləri hər cür səhv hərəkətlərə belə deməklə don geyindirir. İşdən haqsız çıxarılan işçini görən digər işçiyə nə qədər rəhbər olaraq ədalət-ədalət desən onun üçün bir həqiqət var və o da sizin ədalətli olmamağınızdır, ədaləti manipulyasiya aləti kimi istifadə etməyinizdir. İstər həyatda, istər biznesdə, hörmətli rəhbərlər, bir şeyi unutmayaq gərək – “Ədalət tərəfsiz olmaq, bəzən də susmaq deyil, ədalət haqqın tərəfində durmaqdır”. Bəzən biz rəhbərlər olaraq bizə sərfəli situasiyalarda danışmırıq, üstündən keçirik. Bəzən də sərf edirsə, o məsələni daha da şişirdib qanun-qaydanı məhz o məsələyə tətbiq edir və ya o ərəfədə gündəmə gətiririk. Elə bilməyək ki, bunu əməkdaşlar bilmir, hiss etmir.


İdarəetmədə olan adamlar danışmalı, müzakirə etməlidir. Tədbirlərdə, forumlarda aktiv iştirak etmək lazımdır. Mənə görə yanlış formalaşmış stereotiplərdən biri də budur ki, “işləyən danışmır, danışan işləmir”. Türkiyənin ən böyük biznes forumlarından biri olan "Uludağ Ekonomi Zirvəsi"ndə (UEZ2022) idik, ən top adamlar danışırdı. Danışıb göstərməmək, danışdığı kimi olmamaqdır problem. İdarəetmə hər şeyi həm də yazmağı öyrənməlidir. Əslində işləyən danışmır deyənlərin bir çoxu ya danışa bilmir, ya danışdığı şeyi özü etməyib, tərsini edib deyə tərs effektin yaranmasından çəkinir, ən yaxşı halda isə rəhbərlik bu kimi tədbirlərdə iştiraka, bəzilərinin düşündüyü kimi desək, özünü pr-a icazə vermir, ya da xoş baxmır.


Sonda onu bildirim ki, bu qeydlər, iradlar qətiyyən deyinmək, narazılıq kimi qiymətləndirilməməlidir. Çünki biz ancaq tənqid etmək deyil, həm də tənqid etdiklərimizi düzəltməyə çalışırıq. Hansısa bir yerindən tutub başlamağın tərəfdarıyıq. Fridmanın dediyi kimi “Pessimistlər düzünü deyir, optimistlər pul qazanır”. Sadə idarəetməni tətbiq etməyi daha öncədən bilək, optimist olaq. Qalan hər şey istədikdən və həyəcanlı olduqdan sonra düzələndir.